Kremlə qarşı
Siyasət

Kremlə qarşı "strateji tərəfdaşlıq" planı

"Biz ABŞ-Ermənistan Strateji Dialoqunun formatını Strateji Tərəfdaşlıq üzrə Komissiya olaraq dəyişmək istəyirik. Bu faktor birgə tərəfdaşlığımızı daha da gücləndirməyə imkan verəcək". Bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayn ABŞ-Ermənistan Strateji Dialoqu üzrə iclasdan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təkbətək görüşdə bildirib.

İclasın yekunları üzrə qəbul edilmiş iki ölkə hökumətlərinin birgə bəyanatında da qeyd edilib ki, rəsmi Vaşinqton və İrəvan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılacaq. Ermənistanda nümayişlərin pik həddə çatdığı vaxtda Ağ Ev nümayəndəsinin bu ölkəyə səfər edərək sözügedən istiqamətlər üzrə dəstək nümayiş etdirməsi isə xüsusi diqqət çəkir. Bu məqamda əvvəlcə O'Braynın nəyə görə məhz Cənubi Qafqaz ölkəsini ziyarət etdiyini aydınlaşdırmaq lazım gəlir. İlk növbədə Vaşinqton bu səfərlə Ermənistanın onun nüfuz dairəsinə daxil olduğunu göstərir. Digər tərəfdən, Blinkenin müavininin gözlənilən çevrilişə qarşı İrəvana göndərilməsi mümkün ehtimallar sırasındadır. Yəni Bayden Administrasiyası hansısa süni inqilab, çevriliş yolu ilə baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsini istəmədiyini nümayiş etdirir. Çünki son dövrlərdə Paşinyan hökumətinə müxalifətin, Rusiyanın agentura şəbəkəsinin, keçmiş "Qarabağ klanı"nın, yerli və rus mətbuatının güclü təzyiqləri var. Üçüncü səbəb isə odur ki, Ermənistan parlamentinin sədri Alen Simonyan da son çıxışlarından birində ölkəsində yeni hökumətin formalaşdırılması üçün müxalifət ilə Rusiyanın bir yerdə işlədiyini deyib. Yəqin ki, O'Brayn Paşinyan hökuməti ilə müəyyən məsləhətləşmələr aparmaq üçün İrəvana göndərilib.

Birləşmiş Ştatların rəsmilərinin Ermənistan səfərinin səbəbi müəyyən qədər aydınlaşdığına görə ikinci diqqət etməli məqam onun İrəvanda səsləndirdiyi fikirlərdir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ermənistanla ikitərəfli əlaqələr çərçivəsində müxtəlif sahələrdə yardımın olduğunu təsdiqləyib. O, çıxışında İrəvanın son illər islahat arzusunu dəfələrlə təsdiqlədiyini və Baş nazir Paşinyanın rəhbərlik etdiyi hökumətin bu istiqamətdə addımlar atdığını bildirib. Amerikalı diplomat Ermənistan iqtisadiyyatının dinamik şəkildə inkişaf etdiyini də vurğulayıb. Bu açıqlamalar məhz Rusiyaya mesaj xarakterlidir. Birləşmiş Ştatlar göstərməyə çalışır ki, artıq Cənubi Qafqaz regionuna daxil olub və Moskvanın keçmiş müttəfiqini öz tərəfinə çəkə bilib. Bununla belə, Ceyms O'Brayn təkcə Kremlə meydan oxumayıb, həm də Azərbaycan-Ermənistan münasibətlərini də şərh edib. O bildirib ki, Vaşinqton rəsmi Bakı və İrəvan arasında davamlı sülh istiqamətində səyləri dəstəkləyir. ABŞ rəsmisi, həmçinin ölkəsinin Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanları genişləndirərək regiona davamlı sülh gətirmək üçün səyləri təşviq etdiyini də diqqətə çatdırıb. Qeyd edib ki, iki ölkə sülh razılaşmasını əldə etsə, bölgənin nəqliyyat və tranzit imkanları daha da genişlənəcək. Erməni mətbuatı isə O'Braynın "Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanlar" açıqlaması ilə Orta Dəhlizi nəzərdə tutduğunu yazıb. Bildirilib ki, söhbət Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana keçən yoldan gedir. Vaşinqton təmsilçisinin İrəvana səfəri çərçivəsində Zəngəzur dəhlizi məsələsini müzakirə etməsi, öz növbəsində, ABŞ-ın dəhlizə marağının artması ilə bağlı suallar yaradıb. Birləşmiş Ştatların bölgədə nəqliyyat və kommunikasiya marşrutlarının açılmasına marağı Ermənistanın blokada vəziyyətindən çıxmaq istəyi ilə bağlıdır. Çünki İrəvanın blokadada qalması bu ölkənin Rusiyadan asılılığını şərtləndirir. Ağ Ev də anlayır ki, Paşinyan hökumətinin Kremlin təsir dairəsindən tamamilə çıxması və Qərbə inteqrasiyasını təmin etmək üçün yeganə vasitə Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Çünki yalnız bundan sonra Ermənistanın Azərbaycan üzərindən Şərqə, yəni Mərkəzi Asiya və Çinin ticarət yollarına, Türkiyə vasitəsilə Avropa bazarlarına çıxış imkanları yaranacaq. Xarici işlər naziri Ararat Mirzoyanın Ceyms O'Braynla görüşdə Ermənistan iqtisadiyyatının diversifikasiyası məsələsini qaldırması da Paşinyan administrasiyasının Rusiyanın iqtisadi asılılığından xilas olmaq üzərində çalışdığını təsdiq edir.

Amma onu da nəzərdən qaçırmamaq lazımdır ki, Ararat Mirzoyan ABŞ Dövlət katibinin müavini ilə görüşdə Ermənistanın suverenlik, ölkələrin bərabərliyi və qarşılıqlı olaraq bütün regional kommunikasiyaların açılmasında maraqlı olduğunu, bunun təmsil etdiyi hökumət tərəfindən irəli sürülən "Sülh kəsişməsi" layihəsində öz əksini tapdığını deyib. Sözsüz ki, rəsmi İrəvan adıçəkilən layihəni gündəmə gətirmək, onu Zəngəzur dəhlizinə alternativ kimi irəli sürməklə nəqliyyat-kommunikasiya marşrutlarının açılmasına mane olur. Çünki "Sülh kəsişməsi" Ermənistanın region dövlətləri ilə əlaqələrinin qurulması layihəsidir. Yəni Ermənistanı blokadadan çıxarmağa hesablanıb. Amma bu gediş rəsmi Bakının marağına uyğun deyil. Belə ki, Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsini nəzərdə tutur. Ona görə də Zəngəzurdan keçən dəmir və avtomobil yolları açılmasa, digər istiqamətlərdə ermənilərin həvəslə gözlədikləri layihənin reallaşmasından danışmaq mümkün deyil. Bu məqam isə Birləşmiş Ştatlar və Avropanı narahat edir. Çünki Ermənistanın Qərbə çıxış imkanlarının olmaması Rusiyanın təzyiqləri fonunda siyasi həlqənin Paşinyan hakimiyyəti ətrafında daralmasına səbəb olur. Məhz bu səbəbdən də mümkündür ki, Ceyms O'Brayn İrəvana səfəri zamanı erməni baş naziri sülhə nail olmaq üçün güzəştlərin vacibliyinə inandırmağa çalışıb. İstənilən halda həm Ermənistan, həm də onun beynəlxalq havadarları anlamalıdırlar ki, hazırda ən optimal variant Azərbaycan və Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq, yekun sülh müqaviləsini imzalamaqdır.

Jalə QASIMZADƏ,

"Respublika".