Küçə və prospektlər əsaslı təmir olunur
Bölgələr

Küçə və prospektlər əsaslı təmir olunur

Şəki

Tarixi memarlıq abidələri və dadlı təamları ilə qonaqların diqqətini cəlb edən Şəki rayonuna səfər edən turistlərin sayı artır. Yay fəslində isə qonaqlar çoxluq təşkil edir. Çünki Şəki ölkədə paytaxtdan sonra ən böyük turistik iqtisadi zona hesab olunmaqla tarixi ənənələri ilə tanınır. Belə ki, turizm tarixi XVI əsrə təsadüf edən rayonda XVIII əsrdə ticarət məqsədi ilə 5 böyük karvansaray tikilib. Məlumdur ki, Avropadan Çinə qədər uzanan böyük İpək Yolu Şəki ərazisindən keçib. Bu ərazi ipəyinə görə xarici tacirlərin həmişə marağını cəlb edib və rayonda olan karvansaraylar da bu məqsədlə tikilib. Bu mənada, Şəkinin turizm tarixi son dərəcə qədimi və zəngindir.

Şəki füsunkar təbiəti, tarixi memarlığı və bununla yanaşı rahat hotelləri ilə seçilir və tarixi ənənələrini qorumaqla inkişaf edir. Dövlət proqramlarına uyğun olaraq əhalinin və qonaqların rahatlığını təmin etmək üçün mütəmadi işlər görülür. Şəhərin abadlığı və yaşıllaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyi üçün rayonda ötən müddət ərzində bir çox işlər görülüb. Belə ki, cari ilin mart, aprel, may ayları ərzində rayonda təşkil olunmuş ağacəkmə aksiyalarında 7 000 ağac əkilib və ilin sonuna qədər 15 000-dək ağacın əkilməsi nəzərdə tutulub. Bu tədbirlərdə şəhər rəhbərliyi, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər, könüllülər yaxından iştirak ediblər. Əkilən ağaclar arasında Eldar şamı, sərv və meyvə ağacları çoxluq təşkil edir. Ağacəkmə aksiyasının keçirilməsi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların qorunması və artırılması məqsədi daşıyır.

Bununla yanaşı, Şəki şəhərində küçə və prospektlərin əsaslı təmir olunması və yolların asfaltlanması da diqqət mərkəzindədir. Nəzərdə tutulan tədbirlərə uyğun olaraq şəhərin Heydər Əliyev, M.Ə.Rəsulzadə, İstiqlaliyyət, Azərbaycan, M.F.Axundzadə prospektlərində, N.Nərimanov və digər 6 böyük küçədə bir neçə gündür ki, əsaslı təmir işlərinə başlanılıb.

Şəki Şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Cahangir Nəbiyev görülən işlər barədə bildirdi ki, hazırda şəhərin Aydın Məmmədov küçəsində yolun asfalt örtüyü və səkilər yenilənib, küçənin xətlənməsi işləri də aparılacaq. Heydər Əliyev prospektində asfaltlanma işləri davam etdirilir. Rasim Ocaqov küçəsində də asfalt örtüyünün təmiri işləri aparılır, səkilərin bərpası başa çatmaq üzrədir, bu küçədə də asfalt örtüyünün yekun üz qatının salınması nəzərdə tutulur. Eyni zamanda Sabit Rəhman küçəsində də yolun qalan hissəsinin təmiri işləri aparılır. Şəhərin M.F.Axundzadə prospektinin aşağı hissəsində köhnə asfalt qatının götürülməsi işlərinə başlanılıb, səkilərin bir hissəsi bərpa edilib. M.Ə.Rəsulzadə prospektində Olimpiya dairəsindən yuxarıya doğru yolun təmiri işlərinə başlanılıb. Aparılan işlərin bir hissəsinin cari ilin sonunadək yekunlaşması nəzərdə tutulur.

Qeyd olunan küçə və prospektlərdə asfaltlanma, səkilərin bərpası işləri ilə yanaşı, suötürücü kanalların dərinləşdirilməsi və yenilənməsi işləri də aparılır.

M.NƏRİMANOĞLU,

"Respublika".