Laçın növbəti dəfə sakinlərini qarşılayır
Sosial həyat

Laçın növbəti dəfə sakinlərini qarşılayır

28 il sonra dilbər guşəmiz Laçını bir güllə atmadan, bir şəhid vermədən düşmən tapdağından azad etdik. Laçının tam nəzarətimizə keçməsi regionda yeni mərhələnin başlanması kimi xarakterizə olunur.

Rayonun iqtisadi cəhətdən potensialı çox böyükdür. Belə ki, bölgə həm böyük turizm potensialına, həm aqrar, həm də sənaye sektorunda bir sıra  üstünlüklərə malikdir. Laçın həmçinin təbii ehtiyatları ilə fərqləndiyi üçün burada emal  sənayesi üzrə istehsalın təşkili də mümkündür.

Hələ işğal dövründən əvvəl Laçında kənd təsərrüfatı əsas inkişaf etmiş sahələrdən idi. Həmçinin meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələr hesab edilirdi. Bununla yanaşı, həmin dövrdə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanırdı. Rayonun zəngin təbii ehtiyatlara malik olması da hər kəsə məlumdur. Laçında civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları mövcuddur ki, bu da özlüyündə dağıdılan iqtisadiyyatın bərpasını və ölkə iqtisadiyyatına reinteqrasiyanı mümkün hala gətirir.

Ağalı və Talış kəndlərindən sonra Böyük Qayıdış çərçivəsində ötən ilin may ayında Laçına ilk köç baş tutdu.  Sonra 20 laçınlı ailədən ibarət köç karvanı (97 nəfər) doğma torpaqlara yola düşdü. Həmçinin növbəti köçlər iyun, iyul, avqust aylarında həyata keçirildi. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. Qeyd etmək lazımdır ki, hazırda Laçında sürətli tikinti-abadlıq işləri aparılır. Ölkə başçımız Laçının dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Məhz bunun nəticəsidir ki, azad edilmiş rayonların əksəriyyətinin elektrik enerjisilə təmin edilməsi üçün  böyük işlər görülüb.

Laçına köç davam edir. Belə ki, fevralın 28-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 24 ailə - 89 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları evlərdə məskunlaşacaqlar. Beləliklə, Laçın şəhərinə cəmi 451 ailə (1705 nəfər), Laçın rayonunun Zabux kəndinə isə cəmi 211 ailə (808 nəfər) köçürülüb.

Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən  rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Röya RÜSTƏMLİ,

"Respublika".