20 İyun Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günüdür
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 20-si Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması ölkənin çoxminli qaz təsərrüfatı işçilərinə diqqət və qayğının təzahürü kimi dəyərləndirilir.
Qeyd edək ki, Azərbaycanın qaz sisteminin inkişaf tarixi Abşeronda təbii qazdan bir neçə əsr əvvəl - 1859-cu ilə təsadüf edir. 1902-ci ildə isə ilk dəfə Suraxanıda çox da dərin olmayan quyudan gündəlik hasilatı 57 milyon kubmetr olan qaz fontan vurub. 1907-ci ildə 130 milyon kubmetr, 1919-cu ildə 48 milyon kubmetr, 1920-1923-cü illərdə isə 34 milyon kubmetr təbii qaz hasil edilib. Sonrakı illərdə təbii qaz hasilatı artaraq 14,9 milyard kubmetrə çatdırılıb. Azərbaycan neft-qaz sənayesi çox şərəfli tarixi bir yol keçmişdir. Vətənimiz Odlar Yurdu Azərbaycan tarix boyu bütün dünyada ən qədim neft-qaz diyarı kimi tanınmış, dünya neft-qaz sənayesinin inkişafına danılmaz töhfələr bəxş etmişdir.
Ölkəmizdə qaz təsərrüfatının yaranma tarixinin ötən əsrin 20-ci illərinə təsadüf etməsinə baxmayaraq, keçmiş SSRİ Xalq Komissarları Sovetinin 1936-cı ildə qəbul etdiyi qərar əsasında respublikamızda qaz təsərrüfatı rəsmən həmin ildən etibarən fəaliyyətə başlamışdır. Azərbaycanda qaz təsərrüfatı 86 il bundan əvvəl yaransa da, onun əsl inkişaf tarixi 1969-cu ildən - ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra başlayır. Ulu Öndərin rəhbərliyi ilə həmin illərdə bu sahədə böyük uğurlar qazanılmışdı. Belə ki, ötən əsrin 70-ci illərində respublikamızın ərazisinin 85 faizi təbii qazla təmin edilmiş, o zaman ulu öndərin titanik fəaliyyəti bugünkü müstəqil Azərbaycanın qaz təsərrüfatının inkişafı üçün böyük stimul yaratmışdır. Ölkənin qaz sənayesinin inkişafını və şəbəkənin genişlənmə ehtiyacını nəzərə alaraq, 1971-ci ildə diametri 1000-1200 mm, illik qaznəqletmə qabiliyyəti 10 milyard kubmetr olan İran-Astara-Qazı-Məmməd-Qazax magistral qaz kəməri çəkilib. Ölkənin şəhər və yaşayış məntəqələrinin qazlaşdırılmasına isə 1970-ci ildən başlanılıb. 1990-cı ildə respublikada qazlaşdırma səviyyəsi 85 faizə çatdırılıb.
1996-cı ildə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, 2009-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin neft və qaz sənayesinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında Sərəncamı ilə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil olunaraq ARDNŞ-in tərkibinə verilmiş və hazırda SOCAR-ın tərkibində öz fəaliyyətini "Azəriqaz" İstehsalat Birliyi kimi davam etdirir.
İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir. Tərkibində Təmir-tikinti İdarəsi, Anbar təsərrüfatı və digər istehsalat funksiyalarını yerinə yetirən idarələri, Departamentləri və sahələri birləşdirən Birlikdə alim, mühəndis, qulluqçu və texniki heyətdən təşkil olunmuş əməkdaşlar çalışır. İstehsalat Birliyi ölkəmizin bütün regionlarını əhatə edən 2. 5 milyona yaxın istehlakçını təbii qazla təmin edir. Bu funksiyanın icrası üçün qaztənzimləyici məntəqələrdən və şkaflardan, boru kəmərlərindən və digər çoxsaylı texniki-texnoloji obyektlərdən ibarət olan mürəkkəb qazpaylama sisteminin optimal idarəetmə mexanizmi mövcuddur. Birliyin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, Beynəlxalq standartlar, digər normativ aktlar, SOCAR-ın bu sahədə daxili normativ sənədləri və Birliyin Nizamnaməsi əsasında tənzimlənir.
Prezident İlham Əliyevin neft-qaz sənayesinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sərəncamına əsasən, "Azəriqaz" QSC yenidən təşkil olunaraq "Azəriqaz" İstehsalat Birliyi kimi SOCAR-ın tərkibinə verildikdən sonra ölkəmizdə qaz təsərrüfatının inkişafı yeni vüsət almışdır. "Azəriqaz" İstehsalat Birliyinin missiyası Azərbaycan Respublikası ərazisində qaz şəbəkəsinin təhlükəsiz istismarını təmin etmək, ətraf mühitə ziyan vurmamaq, təbii qazdan istifadə edən bütün istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etməklə müştəri məmnuniyyətinə nail olmaqdan ibarətdir. Məramı beynəlxalq standartların tələblərinə uyğun olaraq qaz təsərrüfatının inkişafına müsbət təsir edən qabaqcıl metodlardan istifadə etməklə müasir texnika və texnologiyaların tətbiqinə nail olmaq və davamlı inkişafı təmin etməkdir. Respublika ərazisində əhalinin həyat səviyyəsinin yüksəldilməsində, məişət problemlərinin həll olunmasında qazlaşma işlərinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alan Birlik rəhbərliyi sahənin daha da inkişaf etdirilməsi, mövcud şəbəkənin modernləşməsi və idarəetmənin təkmilləşdirilməsi, həmçinin əmək şəraitinin yaxşılaşdırılması, əl əməyinin azaldılması və təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə qabaqcıl texnologiyaların və standartların tətbiqinə, eləcə də işçilərin bilik səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qaz təsərrüfatının yenidən qurulması, bu sahənin maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Cari ilin yanvar ayından bu günədək 15 kənd və 25 yaşayış massivinin qazlaşdırılması işləri yekunlaşıb. Daha 23 kənd və 19 massivin qazlaşdırılması davam etdirilir. Eyni zamanda 11 kənd və 14 yaşayış massivində işlər başa çatmaq üzrədir. İlin sonunadək 59 kənd 102 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur. SOCAR "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" rayonlarda mütəmadi olaraq təşkil olunur. Belə ki, "Açıq mikrofon" aksiyasında müraciətləri həllini tapan abonentlər operativ fəaliyyətə görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.
Mustafa KAMAL,
"Respublika".