Mədəni irsimizin yaşadılan nümunəsi - Çövkən oyunu
İdman

Mədəni irsimizin yaşadılan nümunəsi - Çövkən oyunu

May ayının 20-də Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasında mətbuat konfransı və püşkatma mərasimi keçirilib.

Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev bildirib ki, Azərbaycan tarixində bir çox at oyunları var, amma bizim üçün ən əsası məhz Çövkəndir. Yarış haqqında ətraflı məlumat verən federasiya rəsmisi ümumilikdə 18 turun nəzərdə tutulduğunu açıqlayıb: "Hər bir komanda digər komandaya qarşı iki oyun keçirəcək. Bunlar ev və səfər oyunları sayılır. Burada qalib komanda 3 xal, bərabərlik olduqda isə 1 xal, məğlub olduqda 0 xal qazanacaq. 50 xal toplamış komandalar növbəti tura keçəcək. Final oyunları isə 3-4 dekabr tarixlərində keçiriləcək. Yarışlarda DNT testlərindən keçmiş və yalnız Azərbaycan milli cinsindən olan atlar iştirak edəcək".

Qeyd edək ki, mayın 21-də Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasimi və 1-ci turun ilk 2 oyunu keçiriləcək. Açılış mərasimində milli atlarımızın iştirakı ilə 10 peşəkar Çövkən komandası mövsüm ərzində çempionluq uğrunda mübarizə aparacaq. Keçiriləcək oyunlar püşkatma əsasında müəyyən edilib. İlk turda "Ağstafa Dilbaz" və "Zəfər" komandaları qarşılaşacaq. Digər görüşlərdə isə "Embavud" "Köhlən"i, "Qarabağ" "Şirvan"ı, "Elit" "Omar"ı, "Polad" isə "Sərhədçi"ni sınağa çəkəcək. Liqanın 1-ci turunun qalan 3 oyunu isə 22 mayda eyni məkanda davam edəcək. Tədbir Qarabağ atlarının bu il Böyük Britaniyada nümayiş etdirdiyi möhtəşəm şou ilə açılacaq və komandalar arasında iki maraqlı oyun keçiriləcək. Azərbaycan Respublikası Atçılıq Federasiyası ölkəmizin ənənəvi milli idman növlərindən biri olan Çövkən oyununun inkişafına və unudulmamasına səy göstərir.

Xatırladaq ki, qədim ənənələrimizdən olan Çövkən - kişilərdən ibarət iki rəqib komandanın at üstündə, düz və çəmən sahədə oynadığı ənənəvi idman atçılıq oyunudur. Hələ eramızdan əvvəl yaranıb və nəsillərdən-nəsillərə keçərək, zəmanəmizə qədər qorunub saxlanılıb. Oyunun adı həm də "çovqan", "çövkan" və "çövkən" kimi də yazılır. Əslində bu sözün bir neçə mənası var. Bu oyunun adı türk mənşəli "çovutmaq" və "cövlan" sözləri ilə bağlıdır. "Çovutmaq" sözünün bir mənası əl ağacını yelləyərək vurmaq, digər mənası isə boran, tufan kimi izah edilə bilər. Yəni çaparın hərəkətləri "yaxınlaşan tufan" kimi olmalıdır. "Cövlan" sözü isə atı oynaya-oynaya çapmaq mənasını verir. Oyunun adının müxtəlif şəkildə tələffüz edilməsi həm onun qədimiliyi, həm də Azərbaycanın regional dialektləri ilə bağlıdır. Çövkən yarışları zamanı uzunluğu 1,5 metr olan çövkənlərlə kiçik taxta topu rəqibin qapısına vurmağa çalışırlar. Bunun üçün xüsusi olaraq öyrədilmiş atlardan istifadə edilir. Tarix boyu bu idman növünün oyunçuları və məşqçiləri təcrübəli at sürənlər olublar. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında bu oyunun təsvirinə geniş yer verilib. Belə ki, əsərin əsas qəhrəmanları olan Xosrov və Şirin çövkən oynayıblar.

Çövkən oyunu 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Əsasən Şəkidə baş tutan yarışlar ildə iki dəfə, may və dkabr aylarında Prezident kuboku uğrunda milli oyunlar formatında təşkil edilir. Bu yarışların azarkeşləri arasında hər yaşdan olan insanlara rast gəlmək mümkündür. Əsrlərlə yaşı olan bu oyun xalqımızın dəyərli milli-mənəvi sərvətidir.

Töhfə ZAURQIZI,

"Respublika".