Sentyabrın 8-i bütün dünya jurnalistlərinin həmrəyliyinin simvoluna çevrilən tarixi gündür. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının dördüncü konqresində bu önəmli qərar qəbul olunub. Bu gün 1943-cü ilin 8 sentyabrında nasistlər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə ithaf edilib. Bu tarixi hadisə jurnalistlərin azad söz və həqiqət uğrunda mübarizəsinin simvoluna çevrilib və dünya mediasının yaddaşına həkk olunub.
Azərbaycanda söz və informasiya azadlığının təmin olunması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi olaraq ölkəmiz bu gün kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa məkanında ön sıralarda dayanır. Müstəqilliyin bərpasından sonra Azərbaycanda azad söz və informasiya mühitinin təmin olunması, demokratik və müstəqil mətbuatın formalaşdırılması, hüquqi bazanın yaradılması və iqtisadi müstəqilliyin təmin edilməsi üçün geniş şərait yaradılıb. Azad fikir və informasiya qarşısında duran maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün qanunvericilik təkmilləşdirilərək beynəlxalq tələblərə uyğunlaşdırılıb. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlığını ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirir. Ölkə rəhbəri azad fikir və müstəqil mətbuata verdiyi dəyəri çıxışlarının birində xüsusi vurğulayıb: "Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir".
Ölkəmizdə söz azadlığının möhkəmləndirilməsi və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı və siyasi irsi ilə sıx bağlıdır. Müstəqilliyin bərpasından sonra mətbuatımız azadlıq və demokratik dəyərlərin carçısına çevrildi. Xüsusən, 1993-cü ildən etibarən KİV sahəsində əldə edilən nailiyyətlər, Heydər Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində mümkün oldu. Ulu öndərin Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi və onların sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradılması istiqamətində atdığı ardıcıl addımlar, milli mətbuatımızın inkişaf tarixinin vacib mərhələlərindən biridir. Heydər Əliyev ölkəmiz müharibə vəziyyətində olmasına baxmayaraq, əvvəlcə hərbi senzuranı, daha sonra isə 1998-ci ilin avqustunda KİV üzərindəki dövlət senzurasını ləğv etdi. 1998-ci il avqustun 16-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanla senzura tamamilə aradan qaldırıldı. Bu tarixi qərar kütləvi informasiya vasitələrinin sürətli inkişafına güclü təkan verdi. Ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında demokratik dəyərlər və müstəqil dövlətçiliyin hüquqi, siyasi, iqtisadi dayaqları möhkəmləndirildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri ilə qəzet və jurnalların maliyyə imkanlarının genişlənməsi üçün əlverişli mühit formalaşdırılıb. Ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti və jurnalistlərin fikirlərini açıq şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb. 2005-ci il 21 iyul tarixində imzalanmış "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", həmçinin "Kütləvi İnformasiya Vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar jurnalist əməyinə verilən yüksək dəyərin göstəricisidir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları bir daha təsdiqlədi ki, ölkəmizdə mediaya göstərilən dövlət qayğısı sistemli və davamlı xarakter daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı isə bu konsepsiyada nəzərdə tutulan məsələlərin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Jurnalistlərin mənzil probleminin həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılması, mətbuata göstərilən yüksək qayğının və diqqətin bariz nümunəsidir. 2016-cı ilin 21 iyulunda dövlət başçısı ölkəmizdə nəşr olunan qəzetlərə maliyyə dəstəyi göstərilməsi ilə bağlı Sərəncam imzaladı. Bu sərəncama əsasən qəzetlərə birdəfəlik maddi yardım etmək üçün Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat vəsait ayrıldı. Prezident İlham Əliyevin eyni gündə imzaladığı başqa bir sərəncamda isə jurnalistlərin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə inşa edilən yaşayış binasının tikintisinin davam etdirilməsi üçün 3 milyon manat ayrılmasını nəzərdə tuturdu. 2017-ci ilin 20 iyulunda Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin təhvil verilməsi mərasimində iştirak etdi və üçüncü binanın təməlini qoydu. Həmin gün dövlət başçısının sərəncamı ilə üçüncü binanın inşası üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrıldı. Bu addımlar ölkədə mətbuata göstərilən dövlət qayğısının ardıcıl və genişmiqyaslı olduğunu bir daha təsdiq etdi.
Milli Mətbuat Günü münasibətilə Prezidentin imzaladığı bir neçə Sərəncam dövlətimizin milli mətbuata göstərdiyi böyük diqqət və qayğının təzahürüdür. Bu sərəncamlara əsasən, ölkənin Kütləvi İnformasiya Vasitələrinin bir sıra əməkdaşlarına fəxri adlar və mükafatlar təqdim edildi. Eyni zamanda Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrıldı və Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili məqsədilə Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300 min manat vəsait ayrıldı. Bu sərəncamlarla yanaşı, Azərbaycanda fəaliyyət göstərən özəl teleradio yayımçılarının "Azerspace-1" peyki və digər yayım vasitələri ilə yayım həyata keçirmələrinə əlavə dəstək vermək məqsədilə 2020-ci il dövlət büdcəsindən Milli Televiziya və Radio Şurasına 3 milyon manat vəsait ayrıldı. Bu qərarlar dövlətin mətbuata və Kütləvi İnformasiya Vasitələrinə göstərdiyi diqqət və dəstəyin davamlı xarakter daşıdığını bir daha nümayiş etdirir.
Ötən il Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilən Qlobal Media Forumu geniş auditoriyası və zəngin mövzuları ilə Azərbaycanda, Cənubi Qafqazda və ümumilikdə dünya miqyasında önəmli hadisəyə çevrildi. Beynəlxalq media qurumlarının nümayəndələri, informasiya agentliklərinin rəhbərləri erməni işğalından azad edilmiş Şuşada bir araya gələrək Azərbaycan mətbuat tarixində yeni bir səhifə açdılar. Dövlət başçısının məhz Şuşada yerli və xarici media nümayəndələrinin suallarını cavablandırması, təkcə Azərbaycan mediasının inkişafına deyil, eyni zamanda jurnalistlərin işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdikləri dağıntılar barədə dəqiq məlumat almalarına və bu istiqamətdə təbliğatın genişlənməsinə töhfə verdi. Bu, həm də Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından əhəmiyyətli addım oldu.
Bu gün Azərbaycan mətbuatı öz inkişafının yeni mərhələsinə qədəm qoyur. "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi"nin (MEDİA) yaradılması və "Media haqqında" qanun, media sahəsində yeni perspektivlər açaraq, milli mətbuatın müasirləşməsi, qlobal standartlara uyğunlaşması istiqamətində mühüm addımların atılmasına imkan yaradır. Xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan mediası ağır sınaqdan keçdi. Jurnalistlər ölkəmizə qarşı yönələn informasiya təxribatlarını dəf edərək haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün əzmlə fəaliyyət göstərdilər. Postmüharibə dövründə də jurnalistlər Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda böyük fədakarlıq nümayiş etdirirlər. Tarixi faktlara və həqiqətlərə qarşı yönəlmiş təxribatların artması isə mətbuat nümayəndələrinin üzərinə əlavə məsuliyyət qoyur, bu sahədə davamlı mübarizənin zəruriliyini ortaya qoyur.
Nəzrin ELDARQIZI,
"Respublika".