GƏNCƏ
Gəncə şəhərində siyasi kampaniyaya hazırlıq diqqəti çəkir və əhali arasında builki növbədənkənar parlament seçkilərinə maraq kifayət qədər böyükdür.
Mərkəzi Seçki Komissiyasının normativ sənədlərinə uyğun olaraq Gəncədə 38, 39, 40 və 41 saylı seçki dairələri fəaliyyət göstərir. 38 saylı Gəncə birinci seçki dairəsində olduq. Komissiya öz işini normativ sənədlərə uyğun qurub. Seçkinin mütəşəkkil keçirilməsi üçün tədbirlər görülür.
Dairə seçki komissiyasının sədri İbrahim Cəfərov Gəncə seçicilərinin həmişəki kimi seçkidə yüksək əhvali-ruhiyyə, mütəşəkkilliklə iştirak edəcəklərini bildirdi. Prezident seçkilərindən sonra müstəqillik tariximizdə ilk dəfə növbədənkənar parlament seçkiləri bütöv Azərbaycan ərazisində keçiriləcək.
Artıq ölkəmizdə seçkilərin keyfiyyəti kifayət qədər təkmilləşdirilmiş, müasir standartlara uyğunlaşdırılmış, ədalətli, şəffaf və demokratik seçkinin təminatı üçün bütün şərait yaradılmışdır. Azərbaycan seçici fəallığı baxımından, bir çox Qərb ölkələrindən irəlidədir. Ölkəmizdə mövcud seçki mühitindən danışdıqda ilk növbədə, demokratik seçkilərin keçirilməsini təmin edən ictimai-siyasi sabitliyi xüsusi qeyd etmək lazımdır. İstənilən cəmiyyətdə sabitlik, hər şeydən əvvəl, hüquqi mexanizmlərin lazımi səviyyədə işləməsini təmin edən vasitə kimi çıxış edir. Demokratik, azad seçkiyə xeyli sayda partiyalar qoşulub və öz təbliğatlarını aparırlar. Seçkinin gedişatını izləmək üçün çoxsaylı beynəlxalq və yerli müşahidəçilər iştirak edəcəklər. Ona görə də seçki mühitini müsbət qiymətləndirmək olar. Dairə üzrə fəaliyyət göstərən 38 seçki məntəqəsində 52100 nəfərdən çox seçici qeydiyyata alınıb. Onlardan 500 nəfərə yaxını ilk dəfə səs verəcək, onlarla maaifləndirmə işləri aparılır. 80-100 yaşlı nəslin nümayəndəsi 600 nəfərdən yuxarıdır. Ədalətli, şəffaf və demokratik seçkinin keçirilməsi üçün bütün məntəqələrdə şərait yaradılıb, 13 məntəqəyə veb-kamera quraşdırılıb. Dairə üzrə 7 nəfər deputatlığa namizədin qeydiyyatı təsdiq edilib.
Məntəqə sədrləri və üzvlər üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar və maarifləndirmə tədbirləri (treninqlər) həyata keçirilir. Ümumən 38 saylı Gəncə birinci seçki dairəsi seçkiyə mütəşəkkilliklə hazırlaşıb və öz seçicilərini səbirsizliklə gözləyir.
Zabit XƏLİLOV,
"Respublika".