Milli maraqlara və beynəlxalq hüquqa əsaslanan uğurlu siyasət
Siyasət

Milli maraqlara və beynəlxalq hüquqa əsaslanan uğurlu siyasət

Bir ölkənin müstəqil olması ən mühüm nailiyyətdir. Müstəqilliyi qoruyub saxlamaq, zamanın sərt sınaqlarına tab gətirmək isə güclü dövlətlərin, mübariz xalqın sayəsində mümkün olur. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra enişli-yoxuşlu yollardan keçib. 2003-2024-cü illər isə Azərbaycanın milli yüksəliş, rifah və tərəqqi dövrüdür. Belə ki, həmin zaman ərzində ölkəmizin müasir siması tam formalaşmaqla yanaşı, onun qlobal aləmdə yeri və rolu müəyyənləşdi. Bu tərəqqi, intibah özünü müxtəlif sahələrdə, həmçinin xarici siyasətdə də qabarıq şəkildə büruzə verdi.

Uzaqgörən siyasət, böyük güclərin maraqlarına balanslı yanaşma Azərbaycanın nüfuzunu daha da artırıb. Prezident İlham Əliyev milli maraqlara və beynəlxalq hüquqa əsaslanan müstəqil, prinsipial və təşəbbüskar xarici siyasət yürüdür. Bu siyasətin əsas mahiyyətini isə Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, Ermənistanın təcavüzkar siyasətinin ifşası və onun işğalçı əməllərinə son qoyulması təşkil edir. Bu məqsədlə ordu quruculuğunda islahatlar aparıldı, kadr dəyişikliyi, yeni hərbi-texnika və avadanlıqlarla təchizat, əsgərlərin döyüş qabiliyyətinin yüksəldilməsi, zabit heyətinin sosial vəziyyətinə diqqətin artırılması üçün addımlar atıldı. Azərbaycan bu gün rəsmi İrəvanın təcavüzkar ölkə imicinin formalaşdırılmasına və dövlətimizin legitim addımları üçün beynəlxalq hüquqi bazanın yaradılmasına müvəffəq olub.

BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi 4 qətnamə xüsusi əhəmiyyət kəsb edirdi. Amma beynəlxalq hüququn əsas normalarını, o cümlədən ölkələrin ərazi bütövlüyü kimi vacib prinsiplərini kobudcasına pozan Ermənistan ötən 30 ildə bu qətnamələri heçə sayaraq rəsmi Bakının sülh təkliflərini qəbul etmədi, öz himayədarlarının dəstəyinə arxalandı. Prezident İlham Əliyevin illərlə zərgər dəqiqliyi ilə qurduğu xarici siyasət arxitekturası sayəsində Ermənistan nəinki iqtisadi-siyasi, hətta hərbi izolyasiya olundu. Nəticədə 2020-ci ildə ölkəmiz öz əzəli torpaqlarını 44 günlük Vətən müharibəsində geri qaytardı. İkinci Qarabağ savaşında Ermənistanı kapitulyasiyaya məcbur edən Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi. Bu tarixi qələbə ilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası da təmin olundu. Beləliklə, strateji məqsəd nümayiş etdirən ölkəmiz, onun lideri həm diplomatiya, həm də hərb meydanında düşməni sarsıdıcı məğlubiyyətə uğratdı.

Tarixi zəfərimizin ardınca Azərbaycan diplomatiya sahəsində ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən daha bir uğur qazandı. 2022-ci ilin oktyabr ayında Praqada "Avropa siyasi birliyi"nin Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını rəsmən bəyan etdi. Ermənistan baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycana aid olduğunu təsdiqlədi. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi, separatçılığa, "boz zonaya" son qoyuldu. Bu, həmçinin birəsrlik problemin həlli kimi tarixə düşdü. Bütün dünya ictimaiyyəti, həmçinin Ermənistan Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul etdi. Tarixi ədaləti həm hərb meydanında, həm də diplomatik müstəvidə bərpa edən Azərbaycan bütün ərazi münaqişələrindən əziyyət çəkən ölkələr üçün də öz unikal formulu ilə nümunə oldu. Dövlətimiz bir daha sübut etdi ki, "dondurulmuş münaqişə" və "status-kvo" əbədiyyətə qədər qala bilməz və uğurlu strategiya, xalq-dövlət birliyi, müdrik Ali Baş Komandanla çətin tapşırığın öhdəsindən gəlmək mümkündür.

Postmüharibə dövründə Azərbaycan ikitərəfli və birbaşa görüşlərin də təşəbbüsçüsü kimi çıxış edir. Ümumiyyətlə, 20 il ərzində Azərbaycan və Ermənistan rəsmiləri ilə müxtəlif formatda görüşlər baş tutub. Amma bunların heç biri son vaxtlar keçirilən ikitərəfli görüşlərdə qazanılan nəticələri verməyib. Məhz həmin toplantılarda iki ölkə arasında sərhədlərin müəyyənləşməsi istiqamətində irəliləyişlər əldə edilib. Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına çalışan Azərbaycan bir qayda olaraq xarici qüvvələrin maraqlarına uyğun hərəkət edən Ermənistanın qeyri-konstruktiv davranışları ilə üzləşib. Bəzi xarici qüvvələr Azərbaycanla diktə dili ilə danışa biləcəyini düşünürdü. Amma rəsmi Bakı digər dövlətlərin daxili işlərinə qarışmadığı kimi, özünə qarşı da eyni yanaşmanı tələb edir. Bu günədək keçirilən bütün görüş və danışıqlarda da bu prinsip daim gözlənilib. Ölkəmizin bu cür mövqe sərgiləməsi Azərbaycanı beynəlxalq səviyyədə böyük hörmət və etimada malik dövlətə, strateji tərəfdaşa çevirib.

Respublikamız bu gün 23 ölkə ilə strateji tərəfdaşlıq, 3 ölkə ilə müttəfiqlik sazişləri imzalayıb. Dövlətimizin 2021-ci il iyunun 15-də qardaş Türkiyə ilə Şuşa Bəyannaməsi, 2022-ci il fevralın 22-də dost Rusiya Federasiyası ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, 2024-cü il iyulun 3-də Çin Xalq Respublikası ilə strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalaması böyük diplomatik nailiyyətdir.

Nəzrin ELDARQIZI,

"Respublika".