Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 300 beynəlxalq müşahidəçi qeydə alınıb, 80 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib və bu rəqəmin 100 mini keçəcəyi təxmin edilir.
Xüsusilə qeyd etmək lazımdır ki, budəfəki parlament seçkiləri öz əhəmiyyəti ilə seçilir. Çünki bu seçki müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanda keçiriləcək. Hər bir siyasi təşkilatın yaranmasının əsas məramı kimi önə çıxan şərtlərdən biri sayılan seçkilərdə iştirak etmək, həmçinin qalibiyyət əldə etmək üçün konsepsiya siyasi marafonu daha da maraqlı edir. Bunun üçün bütün şərtlər mövcuddur - siyasi partiyalara bərabərhüquqlu mübarizə şəraiti, namizədlərin seçicilərlə təmasları, öz siyasi platformalarını təqdim etmələrinə imkan yaradılır. Ölkəmizdə əlverişli siyasi mühit və azad rəqabətin inkişafı üçün mükəmməl qanunvericilik mövcuddur. Təbliğat vasitələrindən və seçki prosesinin şəffaflığını sübut edən ən müasir texnologiyalardan fəal şəkildə istifadə olunur. Siyasi iradə də ən əsas şərtlərdən biridir. Belə ki, seçkidə iştirak edən partiyalar və onların namizədləri yaradılan bu şəraitdən maksimum faydalanırlar. Builki seçkilərin vaxtından 2 ay tez keçirilməsi siyasi partiyaların seçkilərə hazırlıq prosesinə də əsaslı təsir göstərmir. Çünki siyasi partiyalar təşkilat daxilində seçkiyə hazırlıq prosesinə artıq bir neçə aydır ki, başlayıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində növbədənkənar prezident seçkilərinin zərurətini şərh edərkən ölkənin ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun tam bərqərar olunması fonunda keyfiyyət və mahiyyətcə yeni dövrün reallıqlarını qeyd etdi. Vətən müharibəsi və antiterror tədbirlərində qazanılan parlaq qələbə beynəlxalq hüquq və ədaləti bərqərar edəndən sonra ölkəmizin müstəqillik tarixində yeni bir dövr başlandı. Bunu da nəzərə çatdıraq ki, Azərbaycan hüquqi dövlətdir və Konstitusiyanın 7-ci maddəsinə əsasən, respublikada dövlət hakimiyyətinin bölünməsi hakimiyyətlilik prinsipi əsasında təşkil edilir və qanunvericiliyi Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Bu mənada, ölkənin yeni dövrə uğurlu transformasiyası və qarşıdakı yeni prioritetlərə uyğun tempdə inkişafın təmini üçün yeni parlament seçkiləri də tarixi zərurətdir.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində parlament seçkilərinin keçirilməsi Konstitusiyanın 54-56 və 71-ci maddələrinə müvafiq olaraq, vətəndaşların dövlətin idarə olunmasında və cəmiyyətin siyasi həyatında maneəsiz iştirak, dövlət orqanlarına seçmək və seçilmək hüququnun qanunverici hakimiyyətə seçkilər fonunda təmin olunmasıdır. Məhz bu aspektdə bütün ölkə ərazisində keçirilmiş ilk prezident seçkilərindən sonra müasir dövrün tələbinə uyğun parlamentin yenidən formalaşdırılması tarixi-siyasi reallıqdır. Beləliklə, Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər müstəqillik tariximizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzuru da əhatə edəcək və həmin bölgəni təmsil edən deputatlar həm də bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.
Bayram SALMANOV,
"Respublika".