Milli rəqslərimizin mahir ifaçısı
Müsahibələr

Milli rəqslərimizin mahir ifaçısı

Onu xalqımız çox yaxşı tanıyır. Azərbaycan Respublikasının Xalq artisti Roza Cəlilova... Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan, "Şöhrət" və "Şərəf" ordenli, Xalq artisti Roza Cəlilova ilə müsahibəni oxucularımıza təqdim edirik. 

- Roza xanım, sizin  milli xoreoqrafiya sənətinin inkişafına verdiyiniz töhfələr misilsizdir. Çoxillik təcrübənizə əsaslanaraq sənətdə nəyi üstün tutursunuz: istedadı, ya zəhməti?

- Əlbəttə, sevgini. Milli rəqsə sevgi əsasdır. Mən klassik xoreoqrafiya məktəbini oxuyurdum, lakin  hər zaman gözümün önündə  milli rəqs canlanırdı. Məktəbi bitirəndən sonra Opera və Balet Teatrında ən gözəl balet rəqslərini ifa etməyimə baxmayaraq, Mahnı və Rəqs Ansamblına üzv oldum. Milli rəqsə sevgim, rəqs ənənələrinə bağlılığım gec də olsa, məni  arzuma çatdırdı. İki ildən sonra artıq  Azərbaycanın milli rəqslərini ifa edirdim.

- Azərbaycan milli rəqs sənəti. Bu məfhumun bir çox mənbələrdə açıqlaması var. Lakin biz sizin fikrinizi bilmək istərdik. Azərbaycanın milli rəqsləri digər  xalqların rəqslərindən nə ilə fərqlənir?

- Mən bu suala belə cavab verərdim. Mənim xoreoqrafiya sənətində ilk addımlarım çətin zamana - 1937-ci ilə  təsadüf edib.   1957-ci ildən isə xaricə qastrol səfərlərim başladı. Hansı ölkədə olurdumsa orada Azərbaycanın ən qədim "Bənövşə", "Tərəkəmə", "Qızılgül" rəqslərini ifa edirdim.  İnanırsınız, bu rəqslərin  melodiyasını nota köçürürdülər. Deyirdilər ki, biz də bu rəqslərin melodiyasından istifadə edəcəyik. Hətta rəqs  hərəkətlərimizi də qeydə alırdılar. Bu, mənə böyük qürur gətirirdi. Fikirləşirdim ki, rəqs seçimini düz etmişəm. Axı, seçdiyim bu  rəqslər tarixi rəqslərdir.

Məni baletə böyük məmnuniyyətlə götürmüşdülər. O dövrdə bu, böyük hadisə idi. Çünki azərbaycanlı qızı ilk dəfə klassik baletə gəlmişdi. 9 illik balet təhsilimdən sonra arzumun ardınca getdim.

Azərbaycan milli rəqsində sındırmalar, ürkək baxışlar, incəlik, utancaqlıq var. Mən bu gün çox məyusam, indi o hərəkətlər yoxdur. Ümumiyyətlə, incəsənət bizim güzgümüzdür, biz ona  baxıb fərəhlənməliyik. Tarixiliyimizi qorumalıyıq.

Yenə də tarixə nəzər salacam. O dövrdə həm ifa, həm tədris, həm rəhbərlik edənlər əsl peşəkarlar idi. Əminə Dilbazi, Qəmər Almaszadə, Əlibaba Abdullayev, Leyla Vəkilova və digərləri   milli rəqs sənətimizin tarixidir. Mən çox sevinirəm ki, onlardan öyrənmişəm. Onlarla çiyin-çiyinə olmuşam.  Azərbaycan mədəniyyətinə, incəsənətinə və təhsilinə məhz belə korifeylər xidmət edib.  O illərdə 29 yaşında   fəxri ad almaq böyük şücaət idi. 1959-cu ildə mən yüksək mükafatlara, orden və fəxri adlara layiq görülmüşdüm. Sənətə yeni gələn gənclər təcrübəli mütəxəssislərin tövsiyə və iradlarına diqqət etməli, onlara  minnətdar olmalıdırlar.

- Sizcə foklorumuz milli rəqslərimizdə necə əksini tapır? Bir çox korifey bəstəkarlarla çalışmısınız. Bu gün xalq rəqslərimizin elmi  tədqiqi və  böyük səhnədə tətbiqi hansı səviyyədədir?

- Adətən xaricdən qonaqlar gələndə birinci folklor nümunələrinə  baxmaq istəyirlər. Bizim gözəl rəqslərimiz var. Tarix həmin o folklorda əksini tapır. Sovet dövründə İsveçrədən, Finlandiyadan gələn qonaqlar birinci növbədə milli rəqslərə baxmaq istəyirdilər. Bundan böyük zövq alırdılar. Sonra baletə baxırdılar. Bu gün milli rəqsə folklorun tətbiqi əlbəttə var, amma diqqət artırılmalı, çox işlənilməlidir. Mənim o qədər solo rəqslərim var ki, tarixi ad alıblar. Amma onların heç birini  səhnədə görmürəm. Üzeyir bəyin yaratdığı Rəqs və Mahnı Ansamblının repertuarı unudulub. Bilirisinizmi nə üçün? Çünki solo  rəqslər yoxdur. Həmin  rəqslər axtarılıb tapılmalıdır. O dövrdə Üzeyir bəyin Mahnı və Rəqs Ansamblı üçün yazdığı musiqi, solo rəqslər,  milli paltarlar xaricdən gələn qonaqları valeh edirdi. Rəqslər musiqiyə və sözə görə qurulardı. "Qızıl gülü biçmişəm. Üstündə and içmişəm, Min gözəlin içindən, təkcə səni seçmişəm".  Bu misralar əsasında qurduğum rəqsi Niyazi çox bəyənmişdi.

Rəqslər Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Hacı Xanməmmədov, Səid Rüstəmov, Vasif Adıgözəlovun  musiqiləri əsasında qurulurdu. İndi rəqslərdə bədiilik yoxdur. Sənətkar xalqın məhəbbətini sənəti ilə qazanır. Mən xalqımın məhəbbətini qazanmışam. Xalq məni sevib. Bu isə bütün mükafatlardan yüksəkdir.

- Tamaşaçıda formalaşan stereotipə görə Şərq rəqsi mütləq eqzotik, incə, romantik olmalıdır. Amma sizin "Tərəkəmə" rəqsinizdə cəngavər qadının bir rəqsini  görürük. Həmin  rəqsdə bol sayda jestikulyasiya və mimika müşahidə edilir. Bu rəqs bir dialoq, hekayədir. Siz bu rəqslə hansı hekayəni nəql edirsiniz?

- "Tərəkəmə"də musiqi sədaları altında xoş hərəkətlər, mimika, utancaq baxışlar, asta fırlanmalar və s. var. Bütün bunlar milli rəqsimizin  gözəlliyindən söz açır. Tarixə düşmüş "Tərəkəmə" indiyə qədər yaşayıb, yaşayır və yaşayacaq, xalqımın zövqünü oxşayacaq, necə ki, oxşayır.

Müsahibəni apardı:

Yeganə ƏLİYEVA,

AMEA-nın aparıcı elmi işçisi,

kulturologiya üzrə fəlsəfə doktoru, dosent.