Milli tərəqqinin yolu təhsildən keçir
Elm və təhsil

Milli tərəqqinin yolu təhsildən keçir

Təhsil təkcə bilik və bacarıqları artırmır, eyni zamanda sosial-iqtisadi inkişafın, elmi tərəqqinin və mədəniyyətin zənginləşdirilməsinin əsasını təşkil edir. Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində son 20 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük uğurlar əldə edilib. "2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ölkəmizin müasir inkişaf modelinin yaranmasına səbəb oldu. Qarabağ regionu da bu baxımdan istisna deyil. Uzun illər münaqişələrdən əziyyət çəkən bu bölgədə elmin tərəqqisi üçün ciddi səy göstərilir.

Keçmiş münaqişə nəticəsində bölgədə bu infrastruktur ciddi zərər gördü, bir çox məktəb və təhsil müəssisələri fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Hazırda Qarabağda fəaliyyət göstərən təhsil ocaqları, bölgənin gələcək nəsilləri üçün bilik mənbəyidir. Bu sektorda əldə edilən uğurlardan biri də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qarabağ Universitetinin yaradılmasıdır. Bu addım bölgədə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi və təhsil səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bu universitet Qarabağın təhsil sisteminə yeni ruh gətirəcək və müxtəlif sahələr üzrə ixtisaslaşmış kadrların yetişdirilməsində böyük rol oynayacaq. İlkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulan universitet 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Tələbələr birinci mərhələdə dövlət sifarişli təhsil alacaq və müvafiq təqaüd proqramları ilə əhatə olunacaqlar. Universitetdə ilkin mərhələdə 70 nəfərin işlə təmin olunması gözlənilir. Onların böyük hissəsini akademik şəxslər təşkil edir. Bundan əlavə, dünyanın nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili alan tələbələrin də universitetdə akademik fəaliyyətə cəlb olunması da Qarabağ Universitetinin Nizamnaməsində nəzərdə tutulub. Heç şübhəsiz, Qarabağ Universiteti beynəlxalq təhsil müəssisələri ilə əməkdaşlığı və innovasiya, texnologiya sahələrində öncüllüyü ilə regionun inkişafına böyük töhfə verəcək. Xocalının 10 kilometrliyində - Xankəndidə Qarabağ Universitetinin yaradılması soyqırımı qurbanlarının intiqamının alındığını bir daha sübut etdi.

Təhsil sahəsindəki bu böyük uğurdan sonra Azərbaycan və Türkiyə arasında təhsil əməkdaşlığı da yeni bir mərhələyə qədəm qoydu. Bu əməkdaşlığın ən bariz nümunəsi Türkiyə-Azərbaycan Universitetidir. Cari il fevralın 19-da Ankarada Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu" imzalanıb. Bu memorandum təkcə iki qardaş ölkə arasında birliyin rəmzi deyil, eyni zamanda təhsilin inkişafı baxımından dəyərli bir addımdır. Bu universitetin yaradılması ilə tələbələrə beynəlxalq standartlara uyğun təhsil almaq, elmi-tədqiqat işləri aparmaq və mədəni mübadilələrdə iştirak etmək imkanı verilir. 2024-2025-ci tədris ilində Azərbaycanda ilk dəfə qəbul keçiriləcək universitetlərdən biri də elə Türkiyə-Azərbaycan Universitetidir. Bura 90 tələbə qəbul ediləcək və təhsil ödənişsiz olacaq. Məqsəd hər iki ölkənin təhsil sistemlərinin ən yaxşı tərəflərini bir araya gətirərək, tələbələrə yüksəkkeyfiyyətli təhsil proqramları təqdim etməkdir. Sözsüz ki, iki ölkə arasında ortaq universitetin fəaliyyəti Şuşa Bəyannaməsində rəsmiləşən münasibətlərin daha da güclənməsinə xidmət edəcək.

Azərbaycan təhsil sistemi yeniliklərə və texnologiyalara əsaslanaraq tələbələrin inkişafını təmin etmək üçün mümkün imkanlar yaradır. Bu gün təhsil sahəsində qazanılan nailiyyətlər onu göstərir ki, milli tərəqqinin yeganə yolu təhsildən keçir.

Röya RÜSTƏMLİ,

"Respublika".