Milli Xalça Muzeyində “Müxtəlifliyin gözəlliyi” adlı sərgi açılacaq
Mədəniyyət

Milli Xalça Muzeyində “Müxtəlifliyin gözəlliyi” adlı sərgi açılacaq

Ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində iyunun 13-də Monteneqro xalqının milli mədəni özünəməxsusluğunu, dünyagörüşünü, həyat tərzini, etnik, dini xüsusiyyətlərini təcəssüm etdirən sərgi açılacaq.

Muzeyin mətbuat xidmətinin məlumatında bildirilir ki,  Monteneqro Milli Muzeyinin “Müxtəlifliyin gözəlliyi” adlı bu sərgisində fərqli mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirindən yaranan 170-dən artıq eksponat yer alacaq. Bunlara Qədim Balkan, Roma, Bizans, yunan və slavyan irsinin özəlliklərini əks etdirən XIX-XX əsrlərə aid ənənəvi geyimlər, aksesuarlar, zərgərlik nümunələri, silahlar və s. aiddir. Onların arasında qədim Monteneqro xalqının milli kimliyinin vacib elementinə, əsas atributuna çevrilən, çoxsaylı nəbati, həndəsi, zoomorf motivlərlə bəzədilmiş rəsmi geyim dəstləri də yer alacaq.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Monteneqro Mədəniyyət və Media Nazirliyinin Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin dəstəyi ilə təşkil ediləcək.

Monteneqronun zəngin milli mədəni irsinin təbliği məqsədilə təşkil edilən sərgi iyunun 14-dən avqustun 31-dək ictimaiyyətə açıq olacaq.

“Respublika”.