Minillik tariximizin yadigarları
Mədəniyyət

Minillik tariximizin yadigarları

Dünya sivilizasiyasına böyük töhfələr vermiş xalqımızın əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə ötürərək qoruyub saxladığı milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, incəsənətimiz arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş, yaşı min illərə söykənən daş kitabələrdə, tarixin keşməkeşlərindən keçərək günümüzə gəlib çatan yazılı mənbələrdə yaşayır. Əcdadlarımızın həyat tərzi, məişəti, məşğuliyyətinin aynası olan qədim abidələrimiz uzaq keçmişimizdən xəbər verir. Çoxəsrlik tarixə malik xalqımızın zəngin mədəni irsi isə hər zaman bizə düşmən kəsilənlərin ağrılı yeri, sağalmayan yarası olub.

Tarix boyu xalqımıza qarşı düşmənçilik, kin-küdurət bəsləyən, əzəli torpaqlarımıza göz dikən, millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya, ksenofobiya və nifrətin ən ifrat təzahürlərini genlərində daşıyan ermənilərin 30 il müddətində xalqımızın mədəni irsini yer üzündən silməyə yönəlmiş fəaliyyəti bunu açıq-aydın göstərir. Bu vəhşi qəbilə qədim mədəniyyətimizin təşəkkül tapdığı Qarabağ və Şərqi Zəngəzurda insanlıq adına sığmayan cinayətlər törədərək mədəniyyətimizi, qədim dövlətçilik ənənələrimizi özündə yaşadan dünya, o cümlədən ölkə əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrimizi, məscid, türbə və qəbiristanlıqları dağıtmışdır. Barbarların tarixi irsimizə qarşı törətdikləri vəhşilik, torpaqlarımızda qanunsuz məskunlaşma, xalqımızın tarixi-mədəni irsinin talanması faktlarla, dəlillərlə sübuta yetirilsə də, bir çox ölkələr, beynəlxalq təşkilatlar illər boyu bu cinayətləri görməzdən gəlmiş, ermənilərin vandallığına qəsdən göz yummuşlar.

İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə yağı düşmənin çirkin əməllərinə son qoyuldu. Mənfur xislətli qonşularımızın uzun illər boyu mənimsədiyi, özününküləşdirdiyi, bunu bacarmadıqda isə məhv etdiyi tarixi abidələrimizin restavrasiyasına başlanılıb. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarına əsasən işğaldan azad olunmuş ərazilərdə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınmışdır. Bu barədə məlumat verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanın 7.8-ci bəndinə və Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 2023-cü il 26 sentyabr tarixli Sərəncamına uyğun olaraq işğaldan azad olunmuş, o cümlədən ötən il sentyabr ayının 19-20-də həyata keçirilən 23 saatlıq antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərimizdə Mədəniyyət Nazirliyi tərəfindən 196-sı Şuşa şəhərində olmaqla 542 abidənin, eləcə də 368 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırması aparılmışdır. Dövlət mühafizəsində olan 705 abidədən 163-də isə inventarlaşdırılma işlərini həyata keçirilmək mümkün olmamışdır. Çünki bu abidələrin əksəriyyəti təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Həmçinin arxeoloji abidələrin yerlərinin müəyyənləşdirilməsi üçün yetərli məlumatların olmaması, eləcə də işğaldan əvvəlki dövlərə aid siyahılarda abidələrin ünvanlarının dəqiq göstərilməməsi inventarlaşdırılma işlərinin aparılmasında çətinlik törədir.

Müvafiq qanunvericiliyə uyğun olaraq hər hansı tikilinin tarixi-mədəni baxımından əhəmiyyəti, mühafizəsi zərurəti, eləcə də əhəmiyyət dərəcəsinin müəyyən olunması Azərbaycan Milli Elmlər Akademiyasının rəyi ilə təyin edilir. Bu zaman tikilinin memarlıq quruluşu, tarixi və estetik dəyəri nəzərə alınır, memarlıq abidələrinin digər tikililər üzərində cəlbediciliyi və dominantlığı, eyni zamanda tarixi proseslərə şahidliyi əsas götürülür. Hazırda baxış keçirilmiş, dövlət qeydiyyatında olmayan 368 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən abidə göstərilən meyarlara uyğun olaraq təhlil edilir. İnventarlaşdırılma işləri zamanı bir sıra abidələrin, o cümlədən islam dini abidələrinin, dini ibadət yerlərinin ermənilər tərəfindən vandalizmə məruz qaldığı, təhqir edildiyi, tövlə kimi istifadə olunduğu müəyyən edilmişdir. Belə ki, işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına götürülmüş 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılmış, 25 məscid, 14 türbə, 2 sərdabə isə müxtəlif həcmdə və geniş miqyasda dağıntıya məruz qalmışdır. İslam dini abidələri ilə yanaşı, xristian abidələri də erməni vandalizminin qurbanına çevrilmişdir. Xocavənd rayonundakı 2 məbədin işğalçı qüvvələr tərəfindən döyüş mövqeləri kimi istifadə olunması, bir sıra abidələrin divarlarında kiril və erməni əlifbası ilə müxtəlif söz və ifadələr yazılması xristian dini abidələrinə olan laqeyd münasibətin təzahürüdür. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə bir məbəd tamamilə dağıdılmış, 20 məbəd isə müxtəlif həcmdə dağıdılıb. Eyni zamanda inventarlaşdırılma zamanı qəbiristanlıqların və bir türbənin ətrafında və daxilində minaların yerləşdirilməsi faktı qeydə alınmışdır.

Əcdadlarımızın dini inanc yerləri - məscidlər ta qədim dövrlərdən üzü bəri tarixi ərazilərimizdə hər zaman mövcud olmuş, xalqımız bu yerləri müqəddəs, toxunulmaz məkan kimi qorumuşdur. Lakin ötən əsrin sonlarında yenidən ermənilərin xəyanəti, işğalçılığı ilə üz-üzə qalan xalqımız əzəli torpaqlarını və bu torpaqlarda mövcud olan tarixi abidələrini itirdi. Külü göyə sovrulan şəhər və kəndlərimizdə ulu babalarımızın min illər boyu qurub-yaratdıqları nə varsa yer üzündən silindi. Düşmən viran qoyduğu yaşayış yerlərimizdə Azərbaycana məxsus bir nişanə belə saxlamamağa çalışsa da, tarix tarixliyində qalır. Uçurdulub dağıdılmış tikililərin hər daşı, hər divarı minillik tariximizin yadigarıdır. Bu gün dövlət başçımızın xüsusi nəzarəti altında aparılan yenidənqurma çərçivəsində milli-mənəvi dəyərlərimizi əsrlər boyu özündə yaşadan dini abidələrimizin bərpası və ya yenidən inşası xüsusi həssaslıqla, tarixiliyi, qədimliyi qorunmaqla həyata keçirilir.

1768-1769-cu illərdə Şuşada İbrahim xanın qızı Gövhər Ağanın inşa etdirdiyi Aşağı Gövhər Ağa məscidinin bərpası Heydər Əliyev Fondu tərəfindən "PAŞA Holdinq"in dəstəyi ilə aparılmış və restavrasiya işlərinə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər də cəlb olunmuşdur. Müsəlman Şərqinin əzəmətli və nadir incilərindən olan, ikimərtəbəli məscidi memar Səfixan Qarabaği vaxtilə 17 məhəllədən ibarət olan Şuşa şəhərinin aşağı hissəsində inşa etmişdir. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşinə məruz qalaraq ciddi şəkildə zədələnmişdir. Daxildə və xaricdə divar yazıları pozulmuş, xaç işarəsi çəkilmiş, interyerinə isə erməni və rus dillərində təhqiramiz ifadələr yazılmışdır. Vətən müharibəsindən sonra Heydər Əliyev Fondu tərəfindən məscid və onun ərazisindəki mədrəsə binasının da bərpasına başlanılmışdır. İlkin memarlıq üslubunun qorunması, əvvəlki görkəminə xələl gətirilmədən aparılan bərpa işləri zamanı mədrəsə yerləşən hissədə sonradan əlavə edilmiş divarlar götürülmüş, əsas divarlar isə inyeksiya ilə doldurulmuşdur. Mədrəsənin binasında yaradılan "Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan əvvəl və sonra. Dirçəliş" mövzusundakı ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilərin tarixi abidələrimizə qarşı həyata keçirdikləri vandalizm aktları, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatları dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto və videomateriallar nümayiş olunur.

Böyük Qayıdış Proqramına uyğun olaraq bu gün yer üzündən silinən yurd yerlərimizin bərpası geniş vüsət alıb. Müasirliklə tarixiliyin vəhdətində yenidən yaradılan şəhər və kəndlərimizdə dini abidələrimizin bərpasına xüsusi diqqət göstərilməsi isə xalqımızın milli yaddaşının qorunması ilə bərabər, həm də zəngin tarixi ənənələrimizin, milli-mənəvi dəyərlərimizin dünyaya təqdimatına xidmət edir.

Mehparə ƏLİYEVA,

"Respublika".