Möhkəm təməl üzərində qurulan münasibətlər
Siyasət

Möhkəm təməl üzərində qurulan münasibətlər

Son dövrlər bir çox dünya dövlətləri Azərbaycanla siyasi, iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir. Bu, Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat olması və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun durmadan artması, 2020-2023-cü illərdə qazandığımız şanlı qələbələrdən irəli gəlir.

Nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə təşəbbüslərin göstərilməsi, bir çox dövlət və hökumət başçılarının ölkəmizə səfərlər etməsi, iqtisadi-siyasi əlaqələri əhatə edən mühüm sənədlərin imzalanması yüksək inam və etibarın nümunəsidir. Azərbaycanın Ermənistan istisna olmaqla MDB-yə üzv dövlətlərlə iqtisadi, siyasi əlaqələri yüksək səviyyədədir və bu dövlətlərlə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Azərbaycanla Belarus Respublikası arasında ikitərəfli əlaqələr möhkəm təməllər üzərində qurulmuşdur. Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukoşenkonun Azərbaycana rəsmi səfərə gəlməsi əlaqələrimizin daha da inkişaf etdirilməsinə zəmin yaradacaq. Azərbaycanla Belarus Respublikası arasında Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir və gələcəkdə əməkdaşlığın artırılması istiqamətində bir çox tədbirlər həyata keçiriləcək. İki ölkə arasında əvvəlki illərdə yaradılmış birgə müəssisələrlə yanaşı, yeni yaradılan müəssisələrin sayının da artırılması nəzərdə tutulub. Əsasən maşınqayırma, hərbi sənaye komplekslərində, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələri daha da gücləndiriləcək ki, bu da ölkələrimizin təhlükəsizliyinə və iqtisadiyatın güclənməsinə təkan verəcək. Belarus şirkətləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa işlərində də iştirak edəcək. Ümumiyyətlə, Belarus Respublikasının şəhərsalma sahəsində, eləcə də aqroşəhərciklərin tikintisində böyük təcrübəsi var.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyevlə işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfər etməsi bu ölkənin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasının nümunəsidir. Prezidentlər arasında şəxsi münasibətlər ölkələrimizin və xalqlarımızın dostluğuna böyük töhfə verir.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, professor.