Gündəm

"Moskovski komsomolets": Prezident İlham Əliyev azərbaycanlıların bir neçə nəslinin ərazi bütövlüyünün bərpası ilə bağlı arzusunu gerçəkləşdirdi

"Moskovski komsomolets" nəşri İlham Əliyevin birinci müddətə Azərbaycan Prezidenti seçilməsinin 20 illiyinə həsr olunmuş məqaləni məhz bu başlıqla dərc edib. AZƏRTAC həmin məqaləni bəzi ixtisarlarla təqdim edir.

Düz 20 il bundan əvvəl - 2003-cü oktyabrın 15-də Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Gənc lider İlham Əliyev atası - böyük siyasi xadim Heydər Əliyevdən estafeti qəbul edərək, iyirmi il ərzində ölkəni yeni inkişaf səviyyəsinə yüksəltdi. İlham [Əliyev] təkcə Heydər Əlirza oğlunun kursunu davam etdirmədi, həm də Azərbaycanın dövlət quruculuğuna yeni təkan verdi, sosial həyat səviyyəsini əhəmiyyətli dərəcədə artırdı, ölkə iqtisadiyyatını möhkəmləndirdi, dünyadakı imicinin möhkəmlənməsində əhəmiyyətli nəticələr əldə etdi, ən əsası isə azərbaycanlıların bir neçə nəslinin ərazi bütövlüyünün bərpası ilə bağlı arzusunu gerçəkləşdirdi.

2003-cü il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirildi, seçkinin nəticələrinə əsasən, İlham Əliyev seçicilərin 76 faizinin etimadını qazanaraq ölkənin başçısı oldu. Şübhəsiz ki, bu nəticələrə öz varisinə dəstək olmağa çağıran ölkənin əvvəlki lideri Heydər Əliyevin böyük nüfuzu kömək etdi.

İyirmi il ərzində İlham Heydər oğlu Azərbaycanın qüdrətli dövlətə çevriləcəyi və hər şeydən əvvəl Heydər Əliyevin siyasətinin davam etdiriləcəyi ilə bağlı andiçmə mərasimindəki çıxışının boş sözlər olmadığını sübuta yetirdi. Bu isə sabit inkişaf kursu deməkdir.

Ötən iki onillikdə Azərbaycan hakimiyyəti dövlətin inkişafında irəliləyişə nail olub. Səriştəli idarəetmə və nəzərdə tutulan strategiyaya dəqiq riayətetmə sayəsində Prezident İlham Əliyevin komandası ölkənin iqtisadi göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu gün Bakı bir sıra dövlətlər üçün etibarlı ticari-siyasi tərəfdaş kimi çıxış edir, Avropanın enerji təhlükəsizliyini təmin edir və iqtisadiyyatın şaxələndirilməsinə istiqamət götürür. Azərbaycanda əhalinin sayı və həyat keyfiyyəti ildən-ilə artır. Ölkə neft-qaz sektorunu, müdafiə kompleksini, texnologiyaları, logistikanı, turizmi və digər sahələri fəal şəkildə inkişaf etdirir.

Prezident İlham Əliyevin son 20 ildə uğurlu kursu Azərbaycan əhalisinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verib.

Azərbaycan lideri ilkin olaraq ölkəsinin dövlət maraqlarının ardıcıl şəkildə müdafiə olunması strategiyasını seçib. Heydər Əliyev əbəs yerə qeyd etməyib ki, İlham [Əliyev] dünya siyasətində mahir insandır. Onun "diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlarımız tam təmin olunmalıdır" tezisi dəqiq təyin edilmiş və aydın şəkildə ifadə edilmiş məqsədləri nəzərdə tuturdu, onun sayəsində Azərbaycan Cənubi Qafqazın regional liderinə və dünya arenasında inamlı oyunçuya çevrilib.

Azərbaycanın diplomatik strategiyasının unikallığı ondan ibarətdir ki, praktikada bütün dünyanın siyasi xadimlərinin danışmağı çox sevdikləri, lakin nail olunması çox çətin olan "çoxvektorluq" prinsipini həyata keçirmək mümkün olur. Azərbaycan həm ABŞ, həm Türkiyə, həm də Rusiya ilə münasibətləri qoruyub saxlayaraq regionda geosiyasi maraqların optimal balansına nail ola bilir. Moskva Azərbaycanın bu mövqeyinə hörmətlə baxır.

Bu il Azərbaycan öz müstəqil dövlətinin yaranmasından bəri ən mühüm mərhələyə qədəm qoyub. Təxminən otuz ildir - Bişkek protokolunun imzalandığı 1994-cü ilin mayından bəri - ölkə itirilmiş əraziləri geri qaytarmaq ümidini itirmirdi. Nəhayət ərazi bütövlüyünün bərpası olan ən mürəkkəb vəzifə demək olar ki, yerinə yetirildi. Məsələ bütün ərazi ziddiyyətlərini birdəfəlik aradan qaldıran Azərbaycan ilə Ermənistan arasında Sülh sazişinin imzalanmasındadır.

2020-ci ilin kəskin fazasından sonra noyabr ayında üçtərəfli Bəyanat imzalanıb, bu Bəyanat Azərbaycanın yurisdiksiyası altında əvvəllər zorla alınmış yeddi rayonun (Qarabağ və ətraf yeddi rayon - red.) geri qaytarılmasına start verib. Bu ilin sentyabr ayında yerli antiterror tədbirləri zamanı respublikanın suverenliyi tam bərpa edilib. Beynəlxalq ictimaiyyət Azərbaycanın bu hərəkətləri öz ərazisində həyata keçirdiyini etiraf edib. Beləliklə, İlham Əliyev Avropa və Şərq tərəfdaşları ilə əzmkarlıq və zərgərlik diplomatik işi sayəsində milyonlarla azərbaycanlının çoxillik arzusunu reallaşdıra bilib. Artıq bu Dahi Lider kimi ölkə tarixinə düşmək üçün kifayət edərdi. Lakin bu hələ yolun sonu deyil. Qarşıda - yeni irəliləyişlər və nailiyyətlər var.