Münsterdə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Sərgisi” keçirilib
Diaspora

Münsterdə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Sərgisi” keçirilib

Almaniyanın Münster şəhərində “Avropa Azərbaycan Mərkəzi” Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycan Kültür Ocağının iştirakı ilə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Sərgisi” təşkil edib.

Bu barədə verilən məlumatda qeyd edilir ki, foto-sərgi formatında keçirilən tədbir müxtəlif mövzuları əhatə edib. Əsas məqsəd Azərbaycanın işğaldan azad edilmiş bölgələrində mina və partlamamış hərbi sursatların təhlükələrini, Ermənistanın işğalçı siyasətinin nəticələrini Avropa ictimaiyyətinə çatdırmaq olub. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi cinayətlərin sübutları fotolarla yanaşı, kitablar vasitəsilə də ziyarətçilərin diqqətinə təqdim edilib.

“Avropa Azərbaycan Mərkəzi”nin gəncləri Arif Qasımov, Zaur Quliyev, Ayan Qasımova, Nurtac Qasımzadə, Mustafa Qasımzadə və Əbülfəz Cəfərov sərgi ilə maraqlanan ziyarətçilərə Alman və ingilis dillərində ətraflı məlumat veriblər.

“Respublika”.