Dairə və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilmiş seminarlardan, məntəqə komissiyalarının üzvləri üçün təşkil olunmuş treninqlərdən sonra seçkiyə hazırlıq işləri daha da sürətlənib. Bu metodiki yardım bütün proseslərin qüsursuz aparılmasına zəmin yaradır.
83 saylı Beyləqan seçki dairəsində seçki komissiyalarının sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı fəaliyyəti ilə tanışlıq zamanı yüksək işgüzarlığın, vətəndaş məsuliyyətinin və fəallığın şahidi olduq.
Dairə Seçki Komissiyasının sədri Zakir Vələşov bildirdi ki, seçicilərin iştirak hüququnun təmin edilməsi üçün dairə və məntəqələrdə bütün zəruri işlər ardıcıllıqla həyata keçirilir. Artıq seçki siyahıları dəqiqləşdirilərək səsvermə məntəqələrindən asılmışdır. Zəruri təmir-abadlıq işlərindən tutmuş, kameraların qurulmasınadək bütün işlər yüksək səviyyədə həyata keçirilmişdir. Dairə komissiyası qarşıdan gələn növbədənkənar parlament seçkilərinə hazırlığı yüksək peşəkarlıqla davam etdirir. Ərazidəki 9 şəhər, 50 kənd seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilmişdir. 2 şəhər, 5 kənd məntəqəsində veb-kamera quraşdırılmışdır. Sentyabrın 1-də dairə üzrə 55166 seçicinin səsvermədə iştirakının təmin edilməsi üçün onların siyahısı hazırlanmış və seçicilər məlumatlandırılmışdır. İlk dəfə 380 nəfər səs verəcək. Yaşı 80-100 arasında olan 2400 seçici haqqında məlumat bir daha dəqiqləşdirilmişdir. 100 yaşdan yuxarı 2 seçicinin və yataq xəstələrinin sağlamlıq vəziyyəti, onların səsvermədə iştirak imkanları öyrənilmiş, müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Müşahidə aparmaq üçün edilən müraciətlərə baxılmışdır. 118 nəfər YAP-dan, 60 nəfər məşvərətçi, 300 nəfər öz təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçmişdir. Son hazırlıq işlərini də tələb olunan səviyyədə başa çatdırmaqla seçkidə səsvermənin mütəşəkkil şəkildə keçirilməsini təmin edəcəyik.
Ərəstun ABDULOV,
"Respublika".