Müxtəlif mədəniyyətləri özündə birləşdirən ölkələr daha zəngindir
Sosial həyat

Müxtəlif mədəniyyətləri özündə birləşdirən ölkələr daha zəngindir

Tarixi prosesdə formalaşan etnik-mədəni müxtəlifliklər və onların əsasını təşkil edən etnik-mədəni dəyərlər xalqların, dövlətlərin inkişafında əsas rol oynayır. Lakin bu müxtəlifliklər dövlət tərəfindən düzgün tənzimlənmədikdə, ölkədə uyğun multikultural siyasət formalaşmadıqda ciddi problemlər, münaqişələrlə üzləşir. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi çoxmədəniyyətli ölkələr üçün vacibdir.

2001-ci ilin noyabrında UNESCO-nun "Mədəniyyətlərin müxtəlifliyinə dair" Bəyannaməsi qəbul edilib. Bundan sonra BMT Baş Assambleyası bu sənədin həyata keçirilməsi üçün fəaliyyət istiqamətlərini dəstəkləyərək  21 mayı "Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günü" elan edib. Sənəddə dünyada sülh və həmrəyliyin, insanlarla xalqlar arasında müxtəlifliyin qəbul edilməsi və qarşılıqlı hörmət yolu ilə əldə olunması göstərilib. Ölkəmiz konvensiyaya qoşulan ilk dövlətlərdəndir. Milli azlıqların və etnik qrupların mədəni irsi, adət-ənənələri Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunub, inkişaf etdirilib. Çünki Odlar yurdu hər zaman müxtəlif xalqların birgə yaşadığı məkan olub. Bu gün tolerantlıq  sözün əsl mənasında Azərbaycanı dünyada tanıdan əsas amillərdən biridir.

Hazırda ölkəmizdə 20-dən çox millətin nümayəndəsi yaşayır. Onlar öz dinlərini, dillərini yaşadırlar. Təkcə 2009-cu ilin siyahıyaalınmasına görə Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edib. Buraya yəhudilər, talışlar, avarlar, tatlar və başqaları aiddir. Azərbaycan dövləti həmin azlıqlara daim dəstək göstərir. Belə ki, milli azlıqların öz məktəbləri, mədəniyyət mərkəzləri ilə yanaşı, həm də çoxsaylı kütləvi informasiya vasitələri və internet resursları var. Həmçinin 40-dan çox qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri, ictimai birliklər, bu etnik icmaların öz dilində 15, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Bu isə respublikamızın nə qədər tolerant və xoşniyyətli olduğunun göstəricisidir.

İllərdir ölkəmizdə tolerantlığın qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir. Adət halını almış festivallar, konfranslar, sərgilər də insanların birgəyaşayışının təbliği baxımından böyük əhəmiyyət daşıyır. Respublikamızın artıq bir neçə dəfə ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın tolerant ölkə olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Belə sərgilərdən biri məhz "Bir ailədə" adlanıb. Bu heç də təsadüfi deyil. Çünki Azərbaycan ən qədim dövrlərdən müxtəlif mədəniyyətlərin bir ailə kimi birləşdiyi məkan kimi tanınıb. Ümummilli lider Heydər Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, hər bir ölkə nə qədər müxtəlif mədəniyyətləri özündə birləşdirsə, bir o qədər zəngindir. Çünki hər bir xalq dünya mədəniyyətinə öz töhfəsini verir. Həmin bu sərgilərdə də biz Azərbaycan ərazisində yaşayan milli azlıqların həyat tərzi və adətləri ilə tanış olur, bu xalqların və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirildiyinin şahidi oluruq.

Qeyd etmək yerinə düşər ki, dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününün əsas məqsədi insanlara mədəni müxtəlifliyin əhəmiyyətini və dəyərini dərindən dərk etməyə imkan vermək və dünya xalqları arasında əməkdaşlığı inkişaf etdirməyi öyrənməkdir. Bu günə həsr olunan tədbirlər mədəniyyətlərarası dialoqun vacibliyi haqqında məlumatlılığın qlobal səviyyəsini yüksəltməyə yönəlib. Keçirilən tədbirlərin məqsədi gündəlik həyatda müxtəlifliyi dəstəkləməyə, müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın yaxşılaşdırılması üçün stereotiplərlə mübarizə aparmağa cəhd göstərən insanların dünya cəmiyyətini formalaşdırmaqdır. Son 4 ildə yenidən bərpa edilən "Xarıbülbül" musiqi festivalı da məhz dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününün əsas məqsədlərini özündə ehtiva edir. Şuşada keçirilən festivalda təqdim olunan konsert proqramı bunun parlaq ifadəsidir. Tədbirdə müxtəlif ölkələrin və azlıqların nümayəndələri öz milli dəyərlərini nümayiş etdirdilər.

Göründüyü kimi, Azərbaycan din, irq, cins və millət fərqi qoymadan bütün vətəndaşlara eyni haqq və hüquqları təklif edir. Dünya cəmiyyətinə nümunə olan ölkəmiz mədəni müxtəlifliyin inkişafına töhfələr verməklə, mədəni irsin qorunması, müxtəlif mədəniyyətlərin nümayəndələri arasında münasibətlərin qurulmasının vacibliyini bir daha yada salır.

Töhfə SƏMƏDOVA,

"Respublika".