PAKİSTAN: AZƏRBAYCANIN ƏBƏDİ VƏ ETİBARLI DOSTU
Siyasət

PAKİSTAN: AZƏRBAYCANIN ƏBƏDİ VƏ ETİBARLI DOSTU

14 avqust Pakistan dövlətinin Müstəqillik Günüdür

1947-ci ildə Pakistan suveren dövlət elan olundu və o vaxtdan hər il avqust ayının 14-ü Pakistan dövlətinin Müstəqillik Günü kimi qeyd edilir. Ölkə Cənubi Asiyanın şimal-qərb regionunda ilk müstəqil müsəlman dövlətidir. Pakistan hərəkatının nəticəsində yaranmışdı. Hərəkat Məhəmməd Əli Cinnahın liderliyi ilə Hindistan Müsəlman Liqası tərəfindən başlanmışdı. Hadisə Qərbi Pakistan (hazırkı dövrdə Pakistan) və Şərqi Pakistandan (hazırkı dövrdə Banqladeş) ibarət olan Pakistan dominionuna (sonralar Pakistan İslam Respublikası) 1947-ci il Hindistan Müstəqillik Aktına görə Britaniya Hindistanı tabeçiliyində müstəqilliyin verilməsilə nəticələnib. İslam təqvimində müstəqillik günü müsəlmanlar tərəfindən müqəddəs hesab olunan Qədr gecəsi ərəfəsinə - Ramazanın 27-ci gününə təsadüf etmişdi.

Azərbaycan-Pakistan münasibətləri bu gün yüksək inkişaf mərhələsindədir. 44 günlük Vətən müharibəsində Pakistan da Türkiyə ilə bərabər Azərbaycana böyük mənəvi-siyasi dəstək ifadə etdi, xalqımızın, dövlətimizin, onun böyük lideri, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin haqq mübarizəsində yanında olduğunu qətiyyətlə bildirdi. Təbii ki, müharibə dövründə Pakistanın ölkəmizə verdiyi siyasi və mənəvi dəstək iki dost ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının bariz göstəricisidir.

Vətən müharibəsinin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: "Erməni silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik". Bundan əlavə, sentyabrın 30-da Pakistan Senatının rəsmi "Twitter" səhifəsində Azərbaycana dəstək bəyanatı paylaşılıb. 2020-ci il oktyabrın 18-də Pakistan İslam Respublikasının Baş naziri rəsmi "Twitter" səhifəsində paylaşımında Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırıb. Ölkəmizin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə ehtiramını bildirib. Pakistan Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəklədiyini qeyd edib. Oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana təcavüzünü və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul edib. Noyabrın 11-də Pakistan Xarici İşlər Nazirliyi keçmiş Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yayıb. Noyabrın 16-da Pakistanın Baş naziri ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində deyib: "Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar".

1946-cı ildə Britaniyada Leyboristlər Partiyası çoxsaylı qiyamlar nəticəsində və İkinci Dünya müharibəsindən sonra zəifləmişdi. Britaniya Hindistanına nəzarəti davam etdirmək üçün Britaniya səlahiyyətlərə malik deyildi. Hindistanda getdikcə artan üsyanlar fonunda yerli qüvvələrə etibar azalmışdı və buna görə də hökumət Hindistan yarımqitəsində Britaniya idarəçiliyini bitirmək qərarına gəldi. 1946-cı ildə Hindistan Milli Konqresi vahid dövlət ideyasını irəli sürdü.

Vahid dövlət ideyası ilə razı olmayan

müsəlman əhalisinin əksəriyyəti alternativ kimi ayrıca Pakistan dövlətini yaratmaq ideyası ilə çıxış etdi. Hindistan Nazirlər Kabineti Missiyası yerli hökumətlərə mərkəzləşdirilməmiş dövlət təklifi ilə Konqres və Müsəlman Liqası arasında kompromisə gəlməyi tövsiyə etdi, ancaq tərəflər bunu qəbul etmədilər və Cənubi Asiyada kütləvi iğtişaşlar başlandı.

Britaniya Hindistanının iki yeni müstəqil dominiona bölünməsini bildirən 1947-ci il müstəqillik aktı Birləşmiş Krallığın parlamenti tərəfindən qəbul edildi: Hindistan dominionu (sonralar Hindistan Respublikası adlandırıldı) və Pakistan dominionu (sonralar Pakistan İslam Respublikası adlandırıldı). Aktda general-qubernator ofisinin yaradılması, müvafiq təsis yığıncaqlarında tam qanunvericilik səlahiyyətinin verilməsi və yeni yaranmış iki ölkə arasında birgə mülkiyyətin bölünməsi, Benqaliya və Pəncab əyalətlərinin bölgüsü üçün mexanizm nəzərdə tutuldu. 14 avqust 1947-ci ildə yeni Pakistan dominionu müstəqil oldu və Məhəmməd Əli Cinnah Kəraçidə ilk general-qubernator kimi and içdi.

Hakimiyyət avqustun 14-dən 15-nə keçən gecə təhvil verildi. 1947-ci ilin Hindistan müstəqillik aktı Pakistan və Hindistanın müstəqillik günü kimi 15 avqustu tanıdı. Aktda deyilirdi: "Avqustun on beşi 1947-ci ildə müvafiq olaraq Hindistan və Pakistan kimi adlandırılan Hindistanda iki müstəqil dominion yaradılacaq".

Məhəmməd Əli Cinnah xalqa müraciətində deyib: "Ölkənin ilk xatirə poçt markaları 1948-ci ilin iyulunda buraxıldı və müstəqillik günü kimi 15 avqust 1947-ci il göstərildi, lakin sonrakı illərdə 14 avqust müstəqillik günü kimi qəbul edildi. 1947-ci ilin 14-15 avqust gecəsi İslam təqviminə görə müsəlmanların müqəddəs gecə kimi qiymətləndirdikləri 1366-cı ilin Ramazan ayının 27-nə təsadüf edir".

Azərbaycanın dost Pakistanla münasibətlərinin olduqca güclü təməli vardır. Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələr qurduğu və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi ölkə Pakistandır. Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynayır. Pakistan dünyada nüvə silahına və raket texnologiyasına malik yeganə müsəlman dövlətidir.

Bu gün Pakistanı tam əminliklə Azərbaycanın əsas strateji müttəfiqlərindən biri hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib, Kəşmir və keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinə eyni mövqedən yanaşıb və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.

Türkiyə ilə yanaşı, Pakistan da ötən illər ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın tam iştirakı üçün ona hərtərəfli dəstək verib. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə İslam dövlətlərinə təsir imkanları da vacib amildir.

Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Pakistanla möhkəm təməllər üzərində qurulan siyasi əlaqələr daim inkişaf etdirilib və münasibətlər bugünkü yüksək strateji səviyyəyə qaldırılıb.

Ölkələrimizin son 33 ildəki münasibətlərinin tarixinə qısaca nəzər salsaq, deməliyik ki, Pakistan ölkəmizin müstəqilliyini tanıyan (12 dekabr 1991-ci il), onunla diplomatik əlaqələr yaradan (9 iyun 1992-ci il) və Azərbaycanda səfirliyini açan (12 mart 1993-cü il) ilk müsəlman dövlətlərindən biridir. Ümumiyyətlə, Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra ikitərəfli münasibətlər, sözün həqiqi mənasında, inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıda rəsmi səfərdə olub, 1996-cı ilin aprelində isə ulu öndər Heydər Əliyev dost ölkəyə səfər edib. Səfərlər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə iqtisadi və ticari əlaqələri inkişaf etdirmək üçün bir neçə saziş imzalanıb. 1997-ci ildə Azərbaycan Pakistanda öz səfirliyini açıb və rəsmi İslamabad ilə münasibətləri bir qədər də genişləndirib. Bütün bunlar iki dost ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində atılan önəmli addımlar kimi qiymətləndirilir.

Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Göründüyü kimi, son vaxtlar iki ölkə arasında hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər, regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.

Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmləndirilməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olunması əsas məsələlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi əlaqələr müstəvisində uğurlar əldə olunur.

Pakistan həmişə Azərbaycanın yanındadır, Azərbaycana qardaş və dost ölkədir və bu münasibət qarşılıqlıdır. Azərbaycan-Pakistan dostluğu əbədi və sarsılmazdır.

Emin QASIMOV,

"Respublika".