Paris - 2024 Yay Olimpiya Oyunları
İdman

Paris - 2024 Yay Olimpiya Oyunları

Ölkəmiz ikinci qızıl medalını qazandı

Cüdo üzrə dünya və Avropa çempionumuz Zelim Kotsoyev olimpiya çempionu oldu

Bütün qarşılaşmalarda rəqiblərini məğlub edən cüdo üzrə dünya və Avropa çempionumuz Zelim Kotsoyev 100 kq çəki dərəcəsində 1/8 finalda polşalı Pyotr Kuçeraya, 1/4 finalda isə İsrail təmsilçisi Peter Palçikə ipponla qalib gəlib.

Təmsilçimiz finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevi (Özbəkistan) məğlub etdikdən sonra həlledici görüşdə dünya reytinqində ikinci pillədə qərarlaşan gürcüstanlı İlia Sulamanidze ilə qarşılaşdı. Son dərəcə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə rəqibini məğlub edən Zelim Kotsoyev “Paris-2024”ün qızıl medalını qazanaraq olimpiya çempionu oldu

Bununla da Azərbaycan komandası “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Qeyd edək ki, final görüşünü Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev də izləyib.

Xatırladaq ki, cüdo yarışlarının üçüncü günündə dünya və Avropa çempionumuz Hidayət Heydərov (-73 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycana “Paris-2024”ün ilk medalını qazandırmışdır.

Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi

Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Zelim Kotsoyev sevincini bölüşüb.

Bu qələbəyə görə hədsiz dərəcədə sevincli olduğunu deyərək bildirib ki, çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi. Bu işdə hər kəsin zəhməti var. Həm Azərbaycan Cüdo Federasiyası, həm də məşqçilərimiz çox çalışdılar. Bu gün səhər yuxudan oyananda özümü çox gümrah hiss edirdim. Qızıl medal qazanmağımda Hidayət Heydərovun çempion olması da təkan rolunu oynadı. Onun uğuru məni qələbəyə köklədi. Hidayət bütün gün zalda mənimlə bərabər olub, öz dəstəyini göstərib. Final görüşünün sonlarında məğlubiyyətlə barışmaq istəmirdim. Çalışırdım ki, rəqib idmançı səhvə yol versin və bu baş verdi.

Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb

Azərbaycan boksçusu Alfonso Dominqes 92 kq çəki dərəcəsində çıxış edərək qazaxıstanlı Aybek Oralbaya qalib gəlməklə yarımfinala vəsiqə qazanıb və finala gedən yolda ispaniyalı Enmanuel Reyes Pla ilə qarşılaşacaq. Görüş avqustun 4-də gerçəkləşəcək.

Qeyd edək ki, dəri əlcək ustası 1/8 finalda ikiqat olimpiya çempionu Xulio Sezar la Kruzu (Kuba) məğlub etmişdi.

Olimpiya çempionumuz mükafatlandırılıb, Parisdə 2-ci dəfə Dövlət Himnimiz səsləndirilib

Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev mükafatlandırılıb. 100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımıza qızıl medal təqdim olunub.

Olimpiya çempionumuzun şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Reytinqdə birinci pillədə olan tennisçi finala adlaya bilmədi

Polşalı tennisçi İqa Svyontek dünya reytinqində birinci pillədə qərarlaşmağına baxmayaraq Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsində məğlub olub. İdmançı yarımfinalda çinli Zhen Qinvenə uduzub. - 0:2 (2:6, 5:7)

Çin liderliyə yüksəldi

XXXIII Yay Olimpiya Oyunlarının növbəti yarış günündən sonra medal qazanan ölkələrin siyahısında dəyişiklik olub və Çin komandası 23 (11 qızıl, 7 gümüş, 5 bürünc) medalla liderliyi ələ keçirib. ABŞ komandası 36 (9 qızıl, 14 gümüş, 13 bürünc) medalla siyahıda ikinci pillədə qərarlaşıb. Fransa komandası isə 27 (8 qızıl, 11 gümüş, 8 bürünc) medalla ilk üçlükdədir. Aktivində iki qızıl medal olan Azərbaycan millisi isə 15-ci yerdədir.

3x3 basketbol millimiz məğlub oldu

Dünən qadınlardan ibarət 3x3 basketbol millimiz “Paris-2024”də növbəti oyununda - IIII turda Almaniya millisi ilə qarşılaşıb. Komandamız oyunu 8:12 hesablı məğlubiyyətlə başa vuurb.

Qeyd edək ki, komandamız daha əvvəl Ispaniyaya 16:18, Fransaya isə 10:15 hesabı ilə məğlub olub. Basketbolçularımız ABŞ millisinə isə 20:17 hesabı ilə qalib gəlib.

M.NƏRİMANOĞLU,

“Respublika”.