Qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib
Elm və təhsil

Qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib

“Bədən tərbiyəsi və idman”, “Teatr, kino və xoreoqrafiya”, “Təsviri sənət” və “Musiqi sənəti” istiqamətlərinə aid xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarına iyunun 20-dən etibarən start veriləcək.

Dövlət İmtahan Mərkəzindən "Respublika"-ya bildirilib ki, abituriyentlər aşağıdakı cədvəldə verilmiş təqvimə uyğun imtahanda iştirak etmək üçün müvafiq olaraq hər imtahandan 5 gün öncədən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap etməlidirlər.

Hazırda abituriyentlər Təsviri sənət istiqamətinin 14 (dizayn) və 15-ci (dekorativ tətbiqi sənət) komissiyaları, Bədən tərbiyəsi və idman istiqamətinin 62 (Ümumi fiziki hazırlıq, Kütləvi sağlamlaşdırıcı idman, Adaptiv bədən tərbiyəsi) və 63-cü (Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyaları üzrə imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Abituriyentlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər imtahana buraxılış vərəqəsindən əlavə sağlamlıq arayışı (forma 86U) da təqdim etməlidirlər. “Xoreoqrafiya sənəti” ixtisası üzrə imtahana gələrkən abituriyentlər çəkisi, boyu, onurğa sütunu, ürəyi, görmə qabiliyyəti haqqında tibbi arayış gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.

Abituriyentlər istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun proqramla tanış olmalıdır. Qəbul proqramları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında verilib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 26622 nəfər, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə 3759, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslar üzrə isə 4040 abituriyent qeydiyyatdan keçib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında iyunun 10-u tarixinə olan məlumatla buradan tanış ola bilərsiniz.

Qrafik mütəmadi olaraq yenilənəcək və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.