Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərinin fəaliyyətə başlaması təqdirəlayiqdir
Elm və təhsil

Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərinin fəaliyyətə başlaması təqdirəlayiqdir

2024-2025-ci tədris ilindən etibarən həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetinə abituriyentlərin qəbulu həyata keçiriləcək. Hər iki universitetdə müvafiq olaraq daha çox əmək bazarında tələb olunan ixtisaslar üzrə qəbul nəzərdə tutulub. İlkin olaraq, Qarabağ Universitetində təxminən 1200 nəfər, 300-ə qədər isə Azərbaycan-Türkiyə Universitetinə bakalavr səviyyəsinə qəbul həyata keçiriləcək. Ümumi götürsək, əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə tələbələrin qəbulunun həyata keçirilməsi onu deməyə əsas verir ki, hər iki ali təhsil müəssisəsində məhz yüksəkixtisaslı kadrların hazırlığı nəzərdə tutulur. Bu isə əlbəttə ki, istər təhsilimizdə, istərsə də gələcəkdə əmək bazarının müxtəlif istiqamətlər üzrə iş sahəsində ixtisaslı kadrların formalaşması və aidiyyəti üzrə nəticələrin daha müsbət məcrada inkişafına töhfə verəcək.

Məhz Qarabağ Universitetində daha çox xaricdən olan mütəxəssislər, eyni zamanda xaricdə təhsil almış Azərbaycan vətəndaşlarının tədris prosesində iştirakı nəzərdə tutulur. Yəni müəllim, professor heyəti olduqca peşəkar şəxslərdən ibarət olacaq. Həmçinin Azərbaycan-Türkiyə Universitetində isə müvafiq olaraq Türkiyə Respublikasında daha çox uğurlu nəticələr baxımından tanınan, Hacəttəpə Universiteti, eyni zamanda İstanbul Texniki Universiteti və İstanbul Universitetinin proqramları tətbiq ediləcək. Bu isə əlbəttə yeni dini ixtisaslı kadrların hazırlanmasında və yaxud da ikili diplomların təqdimində uğurlu nəticə əldə etməyə imkan verəcək.

Elçin ƏFƏNDİ,

təhsil üzrə ekspert.