Qarabağın tacı sakinlərini qarşılayır
Siyasət

Qarabağın tacı sakinlərini qarşılayır

Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi xalqımızın milli kimliyinin özünə qaytarılması deməkdir.

Bu gün Şuşamız öz əvvəlki tarixi görkəmini saxlamaqla ən müasir formada yenidən qurulur. Müasir yaşayış kompleksləri inşa edilir, ermənilərin dağıtdıqları, təhqir etdikləri məscidlərimiz təmir olunur.

Dövlət başçısının bölgəyə mütəmadi səfərləri işlərin xüsusi diqqət mərkəzində saxlandığını göstərir. Bu səfərlər həm düşmənə, həm də bütün dünyaya qətiyyətli bir mesajdır. Prezident İlham Əliyevin iştirak etdiyi hər bir tədbir, dediyi hər bir söz, etdiyi hər bir çağırış ədalətə əsaslanan yeni dünya nizamının yaradılmasına xüsusi töhfədir. Bütün dünya bilməlidir ki, 30 il işğal altında olmuş Qarabağın əsl sahibləri geri qayıdırlar. Həm də bu möhtəşəm qayıdış əbədidir və artıq heç bir qüvvə bu reallığı dəyişdirə bilməz. Şuşaya səfərləri cənab İlham Əliyevin ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin təzühürüdür. Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul idilər. Lakin biz sübut etdik ki, bu yerlər onlara aid deyil. Bu torpaqların əsl sahibləri həmin ərazilərdə bu gün yollar çəkir, binalar tikir, qurur-yaradır, layihələr həyata keçirir, insanların firavan gələciyini təmin etmək üçün işlər görür.

Ölkə rəhbəri 10 may tarixində ulu öndər Heydər Əliyevin doğum günündə şuşalılarla yanaşı, bütün azərbaycanlılara tarixi və unudulmaz anlar yaşatdı. 32 ildən sonra şuşalılar öz doğma yurd yerinə qayıtdılar. Dövlət başçımız köç edən ilk sakinlərlə görüşdü: "Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim".

İlkin mərhələdə birinci yaşayış kompleksinə 20 ailə olmaqla 88 nəfər köçürülüb. Qeyd edək ki, iyirmi üç binadan ibarət yaşayış kompleksinin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olmaqla 450 mənzildən ibarətdir.

Mayın 30-da növbəti dəfə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər Şuşaya qayıdıblar. Ümumilikdə 15 ailə olmaqla, 57 nəfər Şuşa sakini illər sonra öz doğma yurduna qovuşub. Göründüyü kimi, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə bizim növbəti uğurlarımızın təməlini qoydu. İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpası, eləcə də sakinlərin öz yurd yerlərinə qayıdışı tarixə qızıl hərflərlə həkk olunan növbəti uğurumuz kimi yadda qalacaq.

Prezident İlham Əliyev 20 il torpaqlarımızın işğaldan azad olunması üçün əzmlə mübarizə apardı və ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Xalqın milli qürurunu və inamını özünə qaytardı. Şuşa sakinləri görüş zamanı ölkə rəhbərinə sonsuz sevgilərini ifadə etdilər və Şuşanın mədəniyyət mərkəzinə çevrilməsi üçün əllərindən gələni edəcəklərinə söz verdilər. Biz 30 il idi ki, bu günü gözləyirdik. İndi xalqımız xoşbəxt və bəxtəvərdir. Bu gün ulu öndərin də ruhu şaddır. Şuşada elə bir tarix yazılıb ki, yüz illər keçsə də, unudulmayacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".