Qayğı uğura stimul verir
Sosial həyat

Qayğı uğura stimul verir

XX əsrin ikinci yarısından etibarən Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda böyük islahatlar həyata keçirilmişdir. Bütün sahələrdə olduğu kimi, tibb elmi, tibb təhsili və səhiyyə sistemində mövcud durğunluğun aradan qaldırılmasına nail olunmuşdur. Bu gün ölkənin səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən mühüm tədbirlər ölkə səhiyyəsinin müasir dünya tələbləri səviyyəsinə çatmasını təmin edir. Son dövrlər tibb işçilərinin asudə vaxtlarını səmərəli keçirmələri ilə bağlı layihələrə xüsusi önəm verilir.

Bu günlərdə "Tərəqqi" medallı, ziyalı və qayğıkeş insan Gəncə Şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Güllər Süleymanova ilə müsahib olduq. O, Gəncə şəhər səhiyyə işçilərinin asudə vaxtının təşkili, onların hüquqlarının qorunması istiqamətində görülən işlərdən ətraflı söhbət açaraq bildirdi ki, dövlət başçısı İlham Əliyevin titanik səyi və qayğısı ilə bu gün bütün sahələrdə uğurlar əldə olunmuş, ölkəmiz regionda lider dövlətə çevrilmişdir. Bu uğurlu siyasət müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Gəncə Şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası 5543 nəfər səhiyyə işçisini və 1040 tələbə gənci birləşdirir. Şura öz işini "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanunu, Əmək Məcəlləsi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Nizamnaməsi və qərarları əsasında qurmuşdur. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin 15.01.2004-cü il tarixli 26 saylı qərarına əsasən "Gəncə Şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasında gender bərabərliyi və qadın problemləri" ilə əlaqədar komissiya yaradılmışdır ki, bu komissiyanın iş prinsipləri və fəaliyyəti tibb müəssisələri və təşkilatlarının kollektiv müqaviləsində öz əksini tapır. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası tərəfindən tibb işçiləri və onların ailə üzvlərinin sağlamlığının və asudə vaxtının səmərəli təşkili üçün tədbirlər həyata keçirilir. Mütəmadi olaraq respublikanın səfalı guşələrinə, qədim tarixə malik ziyarətgahlara və mədəni irsimizi təcəssüm etdirən mədəniyyət ocaqlarına ekskursiya və səyahətlər təşkil olunur. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, 2015-ci ildə müasir standartlara cavab verən "Şəfa" İstirahət Mərkəzi tibb işçilərinin istifadəsinə verilmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun vətənpərvərliyi, şücaəti, peşəkarlığı, xalq-ordu vəhdətinin gücü tam parlaq qələbəmizi təmin etdi. Cəsur övladlarımız şəhid olub əbədiyyətə qovuşdu, yaralanıb, sağlamlığını itirib qazi oldular. Bu gün şəhid ailələrinə, qazilərə dövlət səviyyəsində böyük qayğı göstərilir. Tibb işçilərinin peşə bayramı ənənəvi olaraq yüksək səviyyədə keçirilir. Ötən il uzun müddət səhiyyə sistemində səmərəli fəaliyyətinə görə 36 nəfər tibb işçisinə Fəxri Fərman verilmişdir.

Vətən müharibəsi zamanı Gəncə şəhərinin ətraf rayonlarının xəstəxanalarında yaralılara nümunəvi tibbi xidmət göstərən 32 nəfər tibb işçisinə və 33 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Avtoparkının sürücülərinə qiymətli hədiyyələr təqdim olunmuşdur. Şanlı Qələbəmizin ikinci ildönümü münasibətilə 75 nəfər müharibə iştirakçısına və şəhid ailələrinə qiymətli hədiyyələr verilmişdir. Abbas Səhhət adına Xəstəxanada və Modul Tipli Xəstəxanada müalicə alan hərbçilərə məişət ehtiyacları üçün lazım olan vasitələr və ərzaq yardımları olunmuşdur. Onu xüsusilə qeyd edək ki, 2023-cü ildə 1172 nəfərə maddi yardım edilmişdir ki, bunların 156 nəfəri müharibə iştirakçıları, qazilər və şəhid ailələridir. Şura tərəfindən son iki ildə Yaşat Fonduna 15000 manat və Silahlı Qüvvələr Fonduna 5000 manat köməklik göstərilmişdir. Şura, eyni zamanda gənclərin müasir tələblər səviyyəsində inkişafı, dünyagörüşünün artırılması üçün ardıcıl iş aparır.

Tam əminliklə demək olar ki, Gəncə Şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası bundan sonra da Azərbaycan səhiyyəsinin inkişafına öz töhfələrini verəcək, fədakar tibb işçilərinə diqqət və qayğısını daha da gücləndirəcəkdir.

Zabit XƏLİLOV,

"Respublika".