Qəhrəmanlıq örnəyi
ORDU

Qəhrəmanlıq örnəyi

Tariximizin şanlı səhifəsi olan İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Lənkəran şəhərində dünyaya göz açan Orxan Elxan oğlu Quluzadədir.

Bu günlər ucaldığı zirvəsi də Vətən sevdalısı ömrünün 30-cu ilinə çatdı. Ölümsüzlüyə qovuşan qəhrəmanın doğum günündə Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanov və təşkilatın əməkdaşları onun məzarına baş çəkdilər. Sonra boya-başa çatdığı ocağına gəlib burada ailənin qayğı, sosial problemləri ilə maraqlandılar və təşkilat tərəfindən hazırlanmış hədiyyəni şəhidin ev muzeyinə təqdim etdilər. Əlövsət Qurbanov bildirdi ki, Vətənə canını fəda edən hər bir insanın şəhidin, ucaldığı məkan əlçatmaz zirvədir.

Lənkəranın qəhrəman oğlu Orxan Quluzadə uşaqlıqdan idmana, eləcə də hərb sənətinə böyük həvəs göstərib. O, bir müddət qaydasız döyüşlə məşğul olub və qatıldığı bir çox yarışlarda uğur qazanıb. Orta məktəbi bitirib canından artıq sevdiyi Vətənə xidmətə yollanıb. Xidmətini kəşfiyyat bölüyünün manqa komandiri vəzifəsində ləyaqətlə yerinə yetirib, kiçik çavuş rütbəsində başa vurub. Vətənə sevgi, düşmənə nifrət ruhunda tərbiyə alan Orxan 2017-ci ildə yenidən hərbi xidmətə qayıdıb. Dövlət Sərhəd Xidmətinin giziri müharibə başlanan gündən hər döyüşdə düşmənə qan uddurub. Noyabrın 8-də Zəngilanda gedən ağır savaşda yağı gülləsinə tuş gəlib. Göstərdiyi şücaətə görə "Qarabağ" ordeni, "Vətən uğrunda" və başqa medallara layiq görülüb.

Zəfər ORUCOĞLU.