Qərb üçün ikinci həyəcan siqnalı -
Siyasət

Qərb üçün ikinci həyəcan siqnalı - "Renessans" dövrü bitir

İyunun 6-dan 9-dək keçirilmiş Avropa Parlamentinə (AP) seçkilər prosesində korrupsiya məsələsi bir daha diqqət mərkəzində saxlanıldı.

9 milyona yaxın seçicinin iştirak etdiyi proses Avropa İttifaqının gələcəyini və onun siyasətini formalaşdırmaq üçün həlledici əhəmiyyət kəsb etsə də, baş vermiş müxtəlif qanun pozuntuları yeni şübhələr yaradıb. Belə insidentlərdən biri Belçikada keçirilən seçkilər zamanı baş verib. Belə ki, "Le Soir" nəşrinin verdiyi məlumata görə, Brüsseldə səsvermə zamanı kompüterlərin qəflətən sönməsi seçki prosesinin şəffaflığı və ədalətliliyi ilə bağlı ciddi narahatlıq doğurub.

Avropa Parlamentinə seçkilər hər beş ildən bir keçirilir və bu, Avropa İttifaqı vətəndaşlarına həmin orqana öz nümayəndələrini seçmək imkanı verir. Bu seçkilər vətəndaşlara onların həyatlarına təsir edən qərarların qəbulu məsələlərində söz sahibi olmaq imkanı verən prosesdir. Lakin Belçikadakı kimi hadisələr bütün seçki prosesinə kölgə salır və demokratik sistemə ictimai inamı sarsıdır. Belçikada seçicilər səs vermək istəyərkən ciddi problemlərlə üzləşiblər. Baş verən "texniki nasazlıq" ölkə üzrə seçki məntəqələrində fasilələrə səbəb olub, seçicilər arasında məyusluq və çaşqınlıq yaradıb. Bu cür hadisələr təkcə seçiciləri səsvermə hüququndan məhrum etmir, həm də mövcud seçki infrastrukturunun etibarlılığına dair suallar yaradır.

Əldə olunan nəticələr isə Avropada ksenofobiya hallarının artdığını göstərir. Belə ki, AP-yə ən çox parlamentari göndərən İtaliyada "İtaliyanın qardaşları" partiyasından əlavə, Almaniyada "AfD" (Almaniya üçün Alternativ), Hollandiyada RE və ifrat sağçı Kimlik və Demokratiya və Avstriyada "FPÖ" (Avstriya Azadlıq Partiyası) ifrat sağçı meyilləri dəstəkləyən partiyaları öz mövqelərini xeyli gücləndiriblər. Bu seçkidə ilk dəfə olaraq AP seçkilərində 705 əvəzinə 720 deputat seçilib. İlk beşliyə Almaniya - 96, Fransa - 81, İtaliya - 76, İspaniya - 61, Polşa - 53 deputatla təmsil olunur.

Avropa Parlamentinə budəfəki seçkilərdə demək olar ki, üzv ölkələrin hamısında sağ-mərkəzçi meyillər üçün uğurlu oldu, hakim partiyalar isə bir qədər zəiflədi. Yekun nəticədə sağ mərkəzçi Avropa Xalq Partiyası (EPP) Avropa Parlamentində aparıcı fraksiya olaraq qalacaq. Baş verənlər Avropada yeni bir islamofobiya dalğasının başlandığını göstərir. Anti immiqrant ritorikası və ksenofobik hisslərlə qaynaqlanan populist və millətçi hərəkatlar gücləndikcə, müsəlman icması getdikcə marginallaşır və hədəfə çevrilir. Avropa Parlamentində ifrat sağçı partiyaların yüksəlişi bütün qitədə artan populizm və millətçiliyin daha geniş tendensiyasını əks etdirir. Bu partiyalar cəmiyyətdəki qorxu və etibarsızlıqdan istifadə edərək dəstək toplamaq üçün mühacir və müsəlman kimi azlıq qruplarını tez-tez "günah keçisi" edirlər. Onların seçki uğurları təkcə siyasi bir hadisə deyil, həm də daha dərin ictimai parçalanmaların və narahatlığın əksidir.

Təəssüf ki, islamofobiya artıq bir neçə ildir ki, Avropada artmaqdadır. İslam haqqında mənfi stereotiplər və yanlış təsəvvürlər media orqanları, siyasətçilər və ekstremist qruplar tərəfindən davam etdirilərək müsəlmanlar üçün düşmənçilik mühitinin yaranmasına səbəb olur. Seçkilərin nəticələri bu qərəzlərin təsdiqi kimi özünü büruzə verir, müsəlmanlara qarşı əhvali-ruhiyyəni gücləndirir və ayrı-seçkilik siyasətini qanuniləşdirir. Avropa Parlamentində ifrat sağçı təmayüllərin artmasının ən narahatedici aspektlərindən biri onların siyasətinin formalaşmasına təsiridir. Bu partiyalar tez-tez dini geyimlərə qadağalar, Quran kitabının yandırılması, məscid tikintisinə məhdudiyyətlər və müsəlman icmalarına nəzarət kimi xüsusi olaraq müsəlmanları hədəf alan tədbirləri müdafiə edirlər. Bu cür addımlar təkcə əsas hüquq və azadlıqları pozmur, həm də müsəlman əhali arasında qorxu və yadlaşma mühitini gücləndirir.

Müsəlmanları milli kimlik və təhlükəsizliyə təhdid kimi qələmə verməklə ifrat sağçı partiyalar cəmiyyət daxilində parçalanma və düşmənçilik toxumu səpərək müxtəlifliyi və inklüzivliyi təşviq etmək səylərini baltalayır. Bu, təkcə müsəlman icmalarına zərər vurmur, həm də Avropanın guya müdafiə etdiyi demokratik dəyərlərin və plüralizmin quruluşunu aşındırır. İslamofobiyanın təsiri Avropada yaşayan müsəlmanlar üçün təkcə siyasi arenada deyil, gündəlik həyatda da hiss olunur. Müsəlmanlara qarşı nifrət cinayətləri son illərdə kəskin şəkildə artıb, şifahi təhqir və təqibdən tutmuş fiziki hücumlara və vandalizmə qədər hadisələr baş verir. Xüsusilə müsəlman qadınlar islamofobiyaya qarşı müqavimət simvoluna çevrilmiş hicab və ya niqab kimi dini geyimlərinə görə ayrı-seçkiliklə üzləşirlər.

Avropa Parlamentində ifrat sağçı meyillərin artması Avropa liderləri və siyasətçiləri üçün həyəcan siqnalı kimi qəbul edilməlidir. Bu baxımdan, islamofobiya ilə üz-üzə gəlmək və müsəlmanlara qarşı qərəz və ayrı-seçkiliyin əsas səbəblərini aradan qaldırmaq, tolerantlığı, müxtəlifliyi və anlaşmanı təşviq etmək, həmçinin mənfur ideologiyaların yayılmasına qarşı fəal tədbirlər görmək lazımdır.

Avropada ayrı-seçkilik və marginallaşma ilə üzləşən müsəlman icmaları üçün daha çox həmrəyliyə və dəstəyə ehtiyac var. Vətəndaş cəmiyyəti təşkilatları, dini liderlər və ictimai hərəkatlar islamofobiyaya qarşı mübarizədə, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın təşviqində mühüm rol oynayır. Anlaşma körpülərinin qurulması, ekstremizmlə mübarizə və daha inklüziv və harmonik cəmiyyəti inkişaf etdirmək üçün olduqca vacibdir.

Budəfəki seçkilərdə baş verən daha bir məqam isə Belçika və Fransada hakim partiyaların fiaskoya uğramasıdır. Belçikada baş nazir Aleksandr de Krun rəhbərlik etdiyi "Flaman Open VLD" partiyasının aldığı məğlubiyyətdən sonra yaxın günlərdə istefa verəcəyini açıqlayıb. Yelisey sarayında isə vəziyyət daha acınacaqlıdır. Avropa Parlamentinə seçkilərdə Makronun partiyası olan "Renessans" (İntibah) cəmi 14,7 faiz səs toplaya bilib. Onun əsas rəqibi ifrat sağçı Marin Le Penin "Milli Ralli (birlik)" partiyası isə 31,5 faiz səs toplayıb. Fransa Prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə ifrat sağçıların ölkəsində böyük fərqlə birinci yerə çıxmasından sonra parlamenti (Fransa Milli Assambleyası) buraxıb və növbədənkənar ümumi seçkilər keçirmək qərarına gəlib. Makron partiyasının böyük fərqlə məğlub olmasından sonra açıqlama verərək nəticələrin Avropanı müdafiə edən partiyalar üçün yaxşı olmadığını bildirib. O, erkən seçkilərin 30 iyun - 7 iyul tarixləri arasında keçiriləcəyini qeyd edib. Alınan acı məğlubiyyət fransızların Makron bonapartizminə olan kəskin reaksiyası kimi dəyərləndirilə bilər. Özünü hamıdan yüksəkdə görən prezident kreslosunu silkələyən Fransa xalqı bununla da hakimiyyətə xəbərdarlıq etdi. Aparılan məyusedici daxili və xarici siyasət Makron hakimiyyətinin bu illər ərzində əsas qayəsini təşkil edib.

Qərbin "korrupsiya yuvası" olan Avropa Parlamentində keçirilən seçkilərin nəticəsi ikinci həyəcan siqnalıdır. Rüşvət qalmaqallarının ardından bu dəfə sağ-mərkəzçi qüvələrin diktəsi Avropada yeni-yeni böhranların, ən əsası islamofobik, ksenofobik kimi qlobal təhdidlərin yeni mərhələyə adlayacağından xəbər verir. Bütün bunlar isə ilk növbədə qurumun, ümumilikdə isə Qərbin növbəti illərdə "alov topu"na dönəcəyini göstərir. Məhz Türk dünyasının öz xarici siyasətinin prioriteti olaraq Azərbaycan təbii ki, bu təhlükələrdən bir qədər uzaqdır, artan meyillərə qarşı tədbirlər görmək iqtidarındadır. Lakin avropalı siyasətçilərin əlində oyuncağa çevrilən və öz imkanlarını artırmaq üçün daha da geniş yaydıqları islamofobiya dalğası sonda elə Qərbin özünə zərər yetirə bilər.

Tacir SADIQOV,

"Respublika".