Qisası döyüş meydanında alınan Xocalı
Bölgələr

Qisası döyüş meydanında alınan Xocalı

Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-ci ilin fevral ayında törədilmiş Xocalı faciəsi yüzlərlə azərbaycanlıya qarşı etnik nifrət zəminində baş vermiş soyqırımıdır. Faciənin mənzərəsi çox dəhşətli olub, minlərlə insan şikəst olub, itkin düşüb, erməni əsirliyində qətlə yetirilib. Bu cinayət cəzasız qala bilməzdi. İkinci Qarabağ müharibəsində qəhrəman silahlı qüvvələrimiz döyüş meydanında Xocalı qurbanlarının qisasını aldıblar. Xocalıda üçrəngli bayrağımız dalğalanır, xocalılılar öz evlərinə qayıtmağa hazırlaşır. Xocalı şəhidlərinin anım günü ilə bağlı bölgələrdə tədbirlər keçirilib.

Daşkəsən

Xocalı faciəsinin 32-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da geniş qeyd olunub. Rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta məktəblərdə faciə ilə bağlı müxtəlif anım tədbirləri, foto və rəsm sərgiləri keçirilib.

Şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə "Xocalı harayı" adlı anım tədbiri keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə qeyd olunub ki, Xocalı soyqırımı erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir. Ermənilər tərəfindən törədilmiş bu faciə təkcə azərbaycanlılara deyil, həm də bütün bəşəriyyətə qarşı qanlı cinayətdir.

Xocalı şəhəri ötən il sentyabrın 19-da Azərbaycan Ordusunun bölmələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizlənmişdir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu şanlı tarixi fəxarətlə yazan Azərbaycan igidləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "Dəmir yumruğu"nun gücünü Xocalıda da nümayiş etdirdilər.

Goranboy

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, digər rəhbər şəxslər, xidmət sahələrinin kollektivləri, Xocalı ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə, Şəhidlər Xatirə Kompleksi, sonra Yeni Yaşayış Massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə tər gül dəstələri düzülüb, şəhidlərin xatirəsi böyük ehtiramla anılıb. Bildirilib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətdir.

Qeyd olunub ki, bu qanlı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Həmçinin Azərbaycanın qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası kimi dəyərləndirilib. Sonra soyqırımına həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib.

Naftalan

Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsinin 32-ci ildönümü və şəhidlərin əziz xatirəsi Naftalanda böyük ehtiramla anılıb.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının üzvləri, ağsaqqallar, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış "Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi"ni ziyarət ediblər, tər gül dəstələri düzüblər.

Tədbirdə qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşü, düşmənin torpaqlarımızdan qovulması, region üçün təhlükə mənbəyi olan keçmiş Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Bəli, güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz iki illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənlərin işğalından azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu.

Bütün şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının qisası savaşla alındı.

Tovuz

Rayon icra hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nizami adına Mədəniyyət Evində "Türk dünyasında erməni vəhşiliyi - Xocalı soyqırımı" mövzusunda regional elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Şəhidlər xiyabanı ziyarət olunub, Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş etdirilib.

Elmi-praktik konfransda RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova "Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu", Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev "Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların tarixi kökləri", Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri, İstanbul Universitetinin doktorantı Aliq Bağırov "Türk dünyasında erməni vəhşiliyi", Bakı Dövlət Universiteti Qazax filialının ictimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova "Xocalı faciəsi tarixi faktlarda", Tovuz Peşə Liseyinin direktoru Nicat Göyüşov "Xocalı soyqırımı - əsrin ən qanlı cinayəti" mövzularında çıxış ediblər.

Tərtər

Rayon rəhbəri Müstəqim Məmmədov Xocalı soyqırımından danışaraq o illərdə baş vermiş hadisələri bir daha xatırladaraq bildirib ki, Xocalı faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1 mart 1994-cü ildə siyasi qiymət verilib və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində təbliğat işləri aparılıb. Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı günü" elan olunub. Hər il fevral ayının 26-da saat 17-də Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Otuz iki ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhəri yenidən bərpa edilir. Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də böyük tikinti meydançasını xatırladır. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir. Hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri aparılır. Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb. Tezliklə xocalılılar - bizim rayonumuza pənah gətirmiş 17 ailənin 58 nəfər üzvü də öz doğma yurdlarına dönəcəklər.

Şəmkir

Rayonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər Xiyabanında yerləşən Soyqırımı Abidəsi və Şəhidlər Memorial Abidə-Kompleksi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Tədbirdə qeyd olunub ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandı və Milli Məclisdə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Xocalı şəhəri separatçılardan təmizləndi və bu gün bütöv Azərbaycanın hər bir ərazisində şanlı bayrağımız dalğalanır.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş filmə baxış keçirilib, məktəblilərin ifasında kompozisiyalar təqdim olunub.

Mingəçevir

Şəhər icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Xocalı sakinləri, şəhid ailələrinin üzvləri, Birinci və İkinci Qarabağ müharibəsi veteranları, qazilər, müharibə və əmək veteranları, YAP Mingəçevir şəhər təşkilatının rəhbərliyi və fəalları, idarə, müəssisə və təşkilatların, ictimai qurumların təmsilçiləri, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin kollektivləri Şəhidlər xiyabanını ziyarət edərək Soyqırımı abidəsinin önünə tər gül dəstələri düzüblər.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələrinin sovet ordusunun 366-cı alayının köməyi ilə törətdikləri amansız soyqırımı hadisələri heç zaman unudulmayacaq. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi səriştəsi, qətiyyəti sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Torpaqlarımızın azad olunması Azərbaycanın dünyadakı nüfuzunu artırdı. 2023-cü il sentyabr hadisələri zamanı düşmənin növbəti təxribatına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən lokal tipli antiterror əməliyyatları Azərbaycanın ərazi bütövlüyünü və tam suverenliyini təmin etdi. Ötən ilin oktyabr ayında Prezidentimiz 32 il əvvəl günahsız insanların qanı tökülməklə, əsir alınmaqla, amansız işgəncələr törədilməklə tərk etdikləri Xocalıda Azərbaycanın üçrəngli Bayrağını yüksəldərək daha bir şərəfli tarix yazdı.  

Çıxış edən Xocalı sakini Zahir Usubov soyqırımı hadisələrindən və onun başvermə səbəblərindən danışıb, xatirələrini dilə gətirib, törədilən qətllərin, amansızlıqların cavabının verildiyini bildirib. Uzun illərdən sonra ata yurdunun azad olunması ona sonsuz sevinc bəxş etdiyini bildirib. Cənab Prezidentə, hərbçilərimizə bir daha minnətdarlığını ifadə edib. YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, ictimaiyyət nümayəndələrindən Fərman Nəbiyev, İxtiyar Həsənli, Bəhlul Yusifov tədbirdə çıxış ediblər.

Qəbələ

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayonda müvəqqəti məskunlaşmış Xocalı sakinləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildiyini bildirib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun bölmələri mənfur düşməni darmadağın edərək işğal altında qalan torpaqlarımızı, o cümlədən Xocalını azad edərək, düşməni diz çökdürdü, şəhidlərin qisası savaş meydanında alındı. Xocalı rayon ziyalısı Kamal Məmmədov və ağsaqqal Qiyas Əhmədov çıxış edərək, erməni silahlıları tərəfindən törədilən Xocalı faciəsində dinc xalqa qarşı edilən misli görünməmiş vəhşiliklərdən bəhs ediblər. Xocalının separatçılardan azad edilməsindən sonra faciənin 32-ci ildönümünün tam başqa əhvali-ruhiyyə ilə anıldığını, səbirsizliklə öz doğma yurd-yuvalarına köçəcəkləri günü gözlədiklərini bildiriblər.

"Respublika".