Qlobal ekoloji problemlərin həllinə fəal dəstək
Ekologiya

Qlobal ekoloji problemlərin həllinə fəal dəstək

Beynəlxalq aləmdə nüfuzu artan ölkəmiz həm də yeni əməkdaşlıq imkanları üçün cazibə mərkəzinə çevrilir

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un keçirilməsi üçün ev sahibi seçilməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru, eyni zamanda, Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

"Beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edərkən deyib.

COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafı və bu təşkilat səviyyəsində ölkədəki siyasi, iqtisadi sabitliyin tanınması deməkdir. Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Məsələn, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata - Qoşulmama Hərəkatına 4 il sədrlik edib, Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Bu, dünya siyasətində unikal nümunədir.

Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün BMT-yə üzv ölkələrlə yaxından əməkdaşlıq etməyə hazırdır. Ölkəmizin beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, COP29 ölkəmizdə keçirilən ən möhtəşəm və ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacaq. Həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. COP29-un təşkili prosesinə könüllülər də yaxından cəlb olunacaq. Bu barədə qərar regional sülh gündəliyinin irəliyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni hadisədir.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəf seçib. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Ölkəmiz işğaldan azad edilmiş torpaqları "Yaşıl enerji zonası" elan edib. Bu ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum məsələnin həlli istiqamətində geniş fikir mübadiləsi aparmaq baxımından önəmli platforma oldu. Çünki forumda dünyanın müxtəlif nüfuzlu beyin mərkəzlərinin nümayəndələri iştirak edirdilər. COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələr aparılması üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Mayın 1-də Bakıda keçirilmiş "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: "Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır, rolumuzu körpülərin salınmasında görürük".

COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyini ifadə edir. Buna uyğun olaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasının əsasını qoyub. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması gözlənilir.

Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmiz ümumilikdə "yaşıl enerji" istehsalçısı və istehlakçısına çevriləcək. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Yaxın illərdə burada hidroelektrik stansiyalarının gücü 500 meqavat olacaq ki, bu da yaşıl enerjiyə keçid prosesinə böyük töhfədir. Ötən il işğaldan azad edilən ərazilərdə 12 yarımstansiya və su elektrik stansiyasının açılışı olub. Dövlətimizin başçısının iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq "Cəbrayıl" qovşaq yarımstansiyası istismara verilib. Ölkəmizin yaşıl enerjinin istehlakda payı ilə bağlı bəlli hədəflərinin reallaşması istiqamətində intensiv addımlar atılır. Eyni zamanda Azərbaycan Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya yaşıl enerji ixrac etmək niyyətindədir. Bu da onu göstərir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə tələbinin ödənməsində xüsusi paya malik olacaq.

Azərbaycan, son illərdə ən önəmli iqtisadi layihələr üçün açar rolunu oynayır. Bununla bağlı danışan dövlət başçısı deyib ki, ölkəmiz potensial təhlükə yarada biləcək heç bir işə qoşulmayıb, hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin qardaş Türkiyə ilə münasibətlərində ədalətli olub. Azərbaycanın uğurunun səbəbi də məhz bundadır. Təcrid olunmuş hansısa ölkənin uğurlu inkişafı mümkün deyil, bundan ötrü mütləq regional səviyyədə qonşularla yaxşı münasibətlər qurmaq lazımdır. Azərbaycan Ermənistan istisna olmaqla, bütün qonşularla yüksək səviyyəli münasibətlərə malikdir. Eyni zamanda respublikamızda tam daxili sabitlik mövcuddur və məhz belə bir şəraitdə tərəfdaş dövlətlərin iştirakı ilə regional və qlobal əhəmiyyət daşıyan bir sıra transmilli layihələrin uğurla reallaşdırılmasına nail olub.

Hazırda bu layihələrin həyata keçirilməsi sayəsində regional inkişaf dəstəklənir və bütün tərəfdaş dövlətlər bundan faydalanırlar. Bu layihələrin icrasında Azərbaycanın tərəfdaşları sırasında bir qayda olaraq qardaş Türkiyə öndə gəlir.  Ölkəmiz inkişafa təkan verən və çoxlu sayda tərəfdaş dövlətin bəhrələndiyi enerji və nəqliyyat layihələrinin təşəbbüskarı qismində çıxış edir. Azərbaycan şaxələndirilmiş nəql marşrutları ilə Gürcüstanın, qardaş Türkiyənin və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT də daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizin reallaşdırdığı layihələr qlobal əhəmiyyət daşıyır. Buna görə də biz dünyanın aparıcı dövlətlərinin dəstəyini müşahidə edirik. Bu gün hər kəsin qəbul etdiyi həqiqət və reallıq isə budur ki, beynəlxalq aləmdə hörməti getdikcə artan Odlar yurdu həm də yeni əməkdaşlıq imkanları üçün cazibə mərkəzinə çevrilir.

Mustafa KAMAL,

"Respublika".