Qlobal təhlükəsizliyə mühüm töhfələr
Siyasət

Qlobal təhlükəsizliyə mühüm töhfələr

Əsas müzakirə mövzusu beynəlxalq təhlükəsizlik olan ənənəvi Münxen Təhlükəsizlik Konfransında dünyanı narahat edən ən vacib problemlər gündəliyə çıxarılır və gəlinən qənaətin isə proseslərə təsiri kifayət qədər böyükdür. Burada dövlət başçılarının, regional və beynəlxalq təşkilatların, aparıcı beyin mərkəzləri rəhbərlərinin iştirak etməsi platformanın əhəmiyyətini, eləcə də qlobal proseslərə təsir imkanlarının genişliyini göstərir.

Məlumdur ki, artıq zəifləmiş, heç bir gücü qalmayan, yeni dövrün tələbləri ilə ayaqlaşmayan, xüsusilə son zamanlar riyakar mövqeyi və qərəzli yanaşmaları ilə gündəm olan bəzi Avropa təsisatlarından fərqli olaraq, Münxen Təhlükəsizlik Konfransı qlobal problemlərin, münaqişələrin həllinə töhfə vermək baxımından daha əhəmiyyətlidir. Bildiyimiz kimi, Azərbaycan da Konfransın illik görüşlərində mütəmadi olaraq dövlət başçısı və ya digər səviyyələrdə aktiv iştirak edir. Bu, bir tərəfdən ölkəmizin dünyada artan strateji əhəmiyyəti, digər tərəfdən isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bilavasitə şəxsi nüfuzu ilə əlaqədardır.

Builki - 60-cı Münxen Təhlükəsizlik Konfransına da Prezidentimizin dəvət olunması, yüksək səviyyədə qarşılanması, görüşlər üçün müraciətlərin çoxluğu onu deməyə əsas verir ki, cənab İlham Əliyev dünya liderləri arasında özünəməxsus yer tutur. Ölkə başçımızın regiona gətirdiyi reallıqlar, dünyada sülh və təhlükəsizliyə verdiyi mühüm töhfələr, müəllifi olduğu layihələrin əhəmiyyəti mütərəqqi beynəlxalq qüvvələr tərəfindən aydın dərk edilir. Həmçinin keçirilən görüşlərin xüsusən qarşı tərəflərin istəyi ilə reallaşması ölkəmizə davamlı olaraq artan marağı göstərir. Çünki Azərbaycan bütün məsələlər üzrə etibarlı tərəfdaş, yerləşdiyi coğrafiyanın lideri, təşəbbüslərində, atdığı addımlarında isə səmimi və məsuliyyətlidir. Təbii ki, bu da əməkdaşlıqda önəmli faktorlardır.

Dövlət rəsmilərinin, özəl sektor nümayəndələrinin Prezident İlham Əliyevlə görüşməyə can atması, müzakirələrin əsasən yeni reallıqlar fonunda aparılması, bu istiqamətdə münasibətlərin qurulmasına üstünlük verilməsi, təbii ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini həzm edə bilməyən qüvvələri məyus etdi. "Gördülər ki, Azərbaycan sıradan bir dövlət deyil, onunla heç bir halda təzyiq dili ilə danışmaq olmaz. Ölkəmizə qarşı nə qədər çirkin planlar qursalar, böhtan xarakterli fikirlər ortaya atsalar da, onların hamısı əvvəlkilər kimi, fiaskoya uğrayacaq. Qarabağ münaqişəsi bitib, Azərbaycan bunu heç bir kənar qüvvənin dəstəyi olmadan aradan qaldırıb. Bu məsələyə Prezidentimiz ATƏT-in fəaliyyətdə olan sədri İan Borq və qurumun Baş katibi Helqa-Mariya Şmidlə görüşündə də toxundu. Artıq öz missiyasını vaxtında icra edə bilməyən keçmiş Minsk qrupu kimi strukturlara ehtiyac qalmayıb, onlar tarixə qovuşub.                                                               

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar

İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.