Regionun yeni arxitekturasında Minsk qrupuna yer yoxdur
Siyasət

Regionun yeni arxitekturasında Minsk qrupuna yer yoxdur

Ötən gün Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev bildirib ki, Minsk qrupu 30 illik fəaliyyət ərzində hər hansı nəticəyə nail olmayıb.

Qarabağ münaqişəsi ilə bağlı yalançı vədlər verib, əslində isə işğalçının yanında olan Qərb diplomatiyasına 2020-ci il sentyabrın 27-də sözün əsl mənasında sərt şillə vuruldu. Azərbaycanın timsalında dünyaya nümayiş olundu ki, heç bir region, ədalətə söykənməyən saxta diplomatiya, "təəssübkeş" Qərb obrazı ilə yaşaya bilməz. Əslində hər şey 1992-ci ildən başlandı. Həmin il mart ayının 24-də Helsinkidə yığışan ovaxtkı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinin Xarici İşlər Nazirləri Şurası belə qərara gəldilər ki, Azərbaycan-Ermənistan münaqişəsinə öz töhfələrini versinlər və bu məqsədlə təcili Minsk konfransının çağırılması barədə qərar qəbul etdilər. Əslində isə Sovet İttifaqının dağılmasından sonra Qərb institutlarının guya praqmatik və daha ədalətli missiya ilə postsovet məkanındakı problemləri həll etməsi cəhdləri əməldən daha çox sözdən, ölkələrin milli maraqlarını qorumaqdan daha çox isə regionu daim gərginlikdə saxlamaqdan ibarət idi.

Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqu qəbul edərkən deyib ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edib, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını deyən dövlətimizin başçısı ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının çatdığını vurğulayıb. Keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə 1994-cü ildə yaradılmış ATƏT-in Minsk qrupunun bütün fəaliyyətinin nəticəsi bir daş parçası oldu. Ağdamdakı məsciddən ulu öndər Heydər Əliyevə "ərməğan" edilən həmin daş ATƏT-in Minsk qrupunun 30 ilə yaxın müddət ərzində gücünün yalnız buna çatdığını göstərdi. Azərbaycan Prezidenti isə bütün diplomatik həllərin son istifadə tarixinə qədər ən yüksək iradə ilə səbir edərək, nəhayət, son sözünü dedi. Bir daş parçası bütöv bir vətən oldu. Üstəlik, 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna münaqişəsindən sonra ATƏT-in Minsk qrupunun əvvəlki kimi Rusiya ilə işləməsi qeyri-mümkün oldu. Belə ki, Minsk qrupunun həmsədri olmuş Fransanın Ermənistana rəğbəti artıq münaqişənin bu platforma çərçivəsində ədalətli həllinin mümkünsüzlüyündən xəbər verir. Digər Qərb ölkələrindən də nəsə gözləmək sadəlövhlük olardı. Gözlənilən kimi də oldu. Vətən müharibəsindən sonra Qərbin qərəzli dairələrinin maskaları cırıldı və ədalət prinsiplərindən dəm vuran, dünyanın tələblərinə uyğunlaşa bilməyən, üstəlik ikili standartlar nümayiş etdirən Qərb institutları Azərbaycanın liderliyi ilə Cənubi Qafqazın yeni formalaşmasının qarşısını uzun illər almağa çalışdılar.

Ermənistanın Azərbaycanın torpaqlarını işğal altında saxladığı vaxtlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə təmas xəttində mütəmadi monitorinqlər keçirilirdi. ATƏT nümayəndələri hər dəfə qarşı tərəfin atəşkəsi pozduğunun şahidi olurdular. Amma nə ATƏT, nə də digər Avropa institutları buna görə Ermənistanı heç vaxt qınamadı. Üstəlik, bir milyon məcburi köçkünə görə Ermənistan bu təsisatların kürsülərində müttəhim kimi əyləşdirilmədi. Bu il fevral ayının 18-də Münxen Təhlükəsizlik Konfransında qarşı tərəfin dəvəti ilə Fondun vitse-prezidenti, eləcə də ATƏT-in hazırkı baş katibi Helqa Mariya Şmitlə görüşən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in bir sıra qurumlarının, xüsusilə fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, Minsk qrupu, eləcə də digər qurumların hazırkı vəziyyətdə fəaliyyətsiz olduğunu diqqətə çatdırdı. Bu isə bilavasitə Azərbaycan liderinin yeni dünya düzəninə verdiyi töhfələr və dünyanın yeni arxitekturasının necə olacağını bir daha qarşı tərəfə çatdırmasını sübut etdi. Çünki Qarabağ münaqişəsinin ədalətli həllinə nail ola bilməyən ATƏT Vankuverdən Vladivostoka qədər təhlükəsizlik zolağını necə qura bilərdi? Odur ki, bu gün biz ATƏT-in Minsk qrupu haqqında sadəcə keçmiş zamanda danışırıq. Elə qurum barəsində ən gözəl fikirləri də məhz ölkə başçımız Qarabağ müharibəsindən bir qədər sonra, 2020-ci il dekabrın 14-də Minsk qrupunun həmsədrlərini qəbul edərkən deyib: "Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm".

Əslində bu, 30 ildə fəaliyyətsiz Minsk qrupuna ən tutarlı cavabdır. Cənubi Qafqazın yeni dünya düzənində bu tip səriştəsiz qurumlara yer yoxdur. Artıq regionda hər hansı bir məsələ ölkəmizin diktəsi ilə baş tutur.

Tacir SADIQOV,

"Respublika".