Rüşvətxor senatorun rüsvayçı sonu
Siyasət

Rüşvətxor senatorun rüsvayçı sonu

Amerikalı ermənipərəst senator Bob Menendezin cari il avqustun 20-də istefa ərizəsi yazacağı gözlənilir. Bu barədə xarici mətbuat yazılar tirajlayır.

Qeyd edək ki, siyasi karyerası qalmaqallarla zəngin olan Menendezi və onun erməni həyat yoldaşını 2022-ci ilin sentyabrında ABŞ Federal Prokurorluğu ABŞ hökumətinin məxfi məlumatlarını Misirə gizli şəkildə ötürmək planlarında iştirakına və Nyu-Cersi ştatından olan üç iş adamına qarşı cinayət təqibinə təsir etmək cəhdlərinə görə ittiham edib.

Bu satqınlığın müqabilində onlar Misir rəsmilərindən nağd pul, qızıl, ipoteka ödənişləri, lüks avtomobil və digər qiymətli əşyalar alıblar. Belə ki, Misir hökuməti adından çıxış edən rəsmilər ABŞ-ın silah satışı və maliyyələşdirməsi ilə bağlı məlumat əldə etmək istəyiblər. İki rüşvətxor da bütün məsələlərdə onlara yardım edə biləcəklərinə vəd veriblər. İndiyədək əməllərini etiraf etməyən cütlüyün 2018-ci ildən qanunsuz fəaliyyətlə məşğul olduğu hesab edilir.

Casuslara qarşı cinayət işi Nyu-Yorkda Manhetten Federal Məhkəməsi tərəfindən ötən ilin sentyabrında başladı. Keçən ilin payızında həbs olunduqdan sonra Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən kənarlaşdırıldı.

Bir neçə gün əvvəl Nyu-York məhkəməsi amerikalı ermənipərəst senatoru rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib. Dövlət ittihamçıları senatorun öz vəzifəsindən müttəfiqlərini cinayət ittihamlarından qorumaq, dostlarını və xanımını varlandırmaq məqsədilə sui-istifadə etdiyini bildiriblər. Hökm oxunarkən Menendez başını yırğalayıb. Münsiflər heyəti qərarı oxuduqdan sonra o, Nyu Cersidəki evində tapılan yüz minlərlə dollar nağd pulun qanuni yolla qazanıldığını və qızıl külçələrinin həyat yoldaşına məxsus olduğunu da israr edib.

Qeyd edək ki, amerikalı siyasətçi erməniəsilli Nadine Arslanyanla evləndikdən sonra onun siyasi karyerası "daha uğurlu" oldu. O, 1995-ci ildən ABŞ Konqresinin erməni məsələləri qrupunun üzvü olsa da Arslanyanla evlənəndən sonra aşkar formada Azərbaycan və Türkiyə əleyhinə qarayaxma kampaniyaları aparmağa başladı. Türklərə düşmən kəsilib. Hətta mediada onun Menendezi Senatda "erməni soyqırımı"nın tanınması üçün səy göstərməyə təşviq etdiyinə dair məlumatlar da yayılmışdı.

Xatırladaq ki, Bob Menendezin Azərbaycan əleyhinə kampaniyaları istər müharibə, istərsə də postmüharibə dövründə nəzərə çarpırdı. Məsələn, keçən il ABŞ Senatında Qarabağdakı vəziyyətlə bağlı dinləmələrdə ermənipərəstliyi ilə yenidən gündəmə gəlmişdi. B.Menendez iddia etmişdi ki, guya Azərbaycanın davranışlarına görə Qarabağda əhali "acından ölür".

Bir məqamı da qeyd edək ki, onun Azərbaycan əleyhinə dilə gətirdiyi sayıqlamalar bunlarla bitmir. O, hətta Amerika hökumətini Azərbaycana göstərdiyi illik hərbi yardımı (100-120 milyon dollar civarında) dayandırmağa, hərbi yardım ayırmadığı Ermənistana maliyyə dəstəyi verməyə də çağırış etmişdi. Onun ən böyük arzularından biri isə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəlişin yenidən qüvvəyə minməsi ilə bağlı idi. Bu isə Azərbaycana Amerikanın birbaşa dövlət yardımının yasaqlanması anlamına gəlir. Xatırladaq ki, 907-ci düzəliş 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə Amerikaya dəstəyini təmin etmək məqsədilə oğul Corc Buş tərəfindən dondurulmuşdu.

Ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Menendez ermənilərə göstərdiyi bu xidmətlərin qarşılığını artıqlaması ilə alıb. O, 2022-ci ilin mayında Ermənistanın "Dostluq" ordeninə layiq görülüb. Belə ki, Menendezin erməni lobbiçisi kimi hayların ABŞ-dakı diaspor təşkilatlarından pul aldığı da şübhə doğurmur.

Röya RÜSTƏMLİ,

"Respublika".