Sablya üzrə milli komandamızın lideri Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kuboku turnirinin mərhələ yarışında qızıl medal qazanıb.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançımız qadınların şəxsi yarışının finalında fransalı Mannon Brunetə 15:10 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan A.Başta ilk görüşdə Rusiya təmsilçisi Anastasiya Şorokova (15:9), sonra isə almaniyalı Yulike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb. O, ən güclü səkkizliyə yüksəlmək uğrunda görüşdə Tokio Olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb. Sablyaçımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada yaponiyalı Emura Misakini 15:11 hesabı ilə məğlub edib. Yarımfinalda italiyalı Rossella Qreqorioya 15:13 hesabı ilə qalib gələn A.Başta adını finala yazdırıb.
Qeyd edək ki, təsnifatdan 64-lüyə yüksələn Səbinə Kərimova və Sevil Bünyatova qadınların şəxsi yarışında çıxışlarını başa vurublar. S.Kərimova əsas mərhələdə keçirdiyi ilk görüşdə rusiyalı Olqa Nikitinaya (8:15), S.Bünyatova isə qazaxıstanlı Aygerim Saribaya (13:15) uduzublar.
AZƏRTAC