Sağlam yaşamaq naminə tütünə yox deyək!
Səhiyyə

Sağlam yaşamaq naminə tütünə yox deyək!

İnsan sağlamlığına ciddi ziyan vuran bir sıra zərərli vərdişlər var ki, bunlar arasında tütün ilk sırada dayanır. Siqaret çəkmək dünyada çox yayılıb. Yaratdığı fəsadlara görə ölüm səbəbləri arasında bu zərərli vərdiş ikinci yerdə durur.

Elmi araşdırmalar və tibbi tədqiqatlar sübut edib ki, tütün sağlamlığı ciddi şəkildə təhdid edir. Siqaret çəkmək ağciyər xərçəngi, ürək-damar və digər ölümcül xəstəliklərə səbəb olur. Beynəlxalq arenada bu məsələyə diqqət çəkmək məqsədilə 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı (DST) Assambleyasının 42-ci sessiyasının 19 saylı qətnaməsi ilə 31 may ümumdünya tütünlə mübarizə, siqaret və tütündən imtina günü elan edilib. Hər il 31 may tarixində qeyd edilən bu gündə tütündən istifadənin təhlükələrindən, ona qarşı aparılan mübarizədən, gələcək nəsillərin qorunması və sağlam həyat şəraitinin təmin olunması məqsədilə ayrı-ayrı ölkələrin fəaliyyətindən geniş söhbət açılır.

Tütünlə Mübarizə Günü bizə bir daha sübut edir ki, sağlam həyat tərzi seçmək öz əlimizdədir. Bu gün tütündən imtina etmək vacibliyi və bu imtinanın gətirə biləcəyi müsbət dəyişikliklər haqqında düşünmək üçün bir fürsətdir. Gələcək nəsillərə daha sağlam bir dünya miras qoymaq üçün bu mübarizədə hər birimizin üzərinə ciddi vəzifə düşür. Bundan başqa, tütünün istifadəsi nəticəsində yoxsulluq səviyyəsi daha da yüksəlir, ərzaq məhsulları becərilən torpaq sahələri tütünün yetişdirilməsi üçün istifadə olunduğundan dünyada ərzaq çatışmazlığından əziyyət çəkən insanların sayı artır, məhsuldarlıq isə azalır. Tütünün becərilməsi üçün böyük miqdarda su və torpaq resursları tələb olunur ki, bu da digər kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Dünyada hər il təxminən 3,5 milyon hektar ərazi tütün üçün ayrılır. Tütün yetişdirilməsi ildə 200 000 hektar meşələrin qırılmasına səbəb olur və ətraf mühiti ciddi şəkildə çirkləndirir. Mənfi təsirlər bununla da yekunlaşmır. Tütünə sərf olunan pul və səhiyyə xərcləri ailə büdcəsinə böyük təsir göstərir. Bundan əlavə, tütün istifadəsi ilə əlaqəli xəstəliklər ailə üzvlərinin iş qabiliyyətini və gəlir əldə etmə imkanlarını məhdudlaşdırır. Sirr deyil ki, gəlir səviyyəsi aşağı olan bəzi ölkələrin ən kasıb ailələrində 10 faizədək ümumi xərclər tütünlə əlaqəlidir. Bu, o deməkdir ki, belə ailələrdə ərzaq məhsulları, təhsil və tibbi yardım kimi vacib xərclərə daha az vəsait qalır.

Siqaretin zərərlərinə ən çox məruz qalanlar passiv siqaret çəkənlər, xüsusilə də uşaqlardır. Siqaret çəkən adamın yanında dayanmaq və tüstünün təsirinə məruz qalmaq göstərir ki, son dönəmlərdə həmin şəxslər arasında ağciyər xərçəngi olma riski 20 faiz artıb. Amerikada hər il bu səbəbdən təqribən 53.800 insan həyatını itirir. Siqaret tüstüsünə məruz qalmaq uşaqlarda astma xəstəliyi riski yaradır. Siqaretin ziyanları bununla da bitmir. Belə ki, siqaret çəkilən məkanda əşyalara hopan tüstü üçüncü tüstü adlanır. Bu, məkandakı mebelə, divarlara və digər əşyalara əlini sürtən insanlar üçün potensial bir təhlükədir. Heyvanlar üzərində aparılan tədqiqatlar üçüncü tüstünün qaraciyər və ağciyərlərə mənfi təsir etdiyini, hiperaktivlik, müxtəlif fiziki və zehni pozğunluqlar yaratdığını göstərir.

Bundan başqa, ən təhlükəli və təşviş doğuran gerçəklikdən biri də odur ki, bu gün məktəb yaşlı və yeniyetmə uşaqlar arasında da bu ziyanlı vərdişə yoluxanların sayı sürətlə artır. Valideynləri və ya tanışları tərəfindən bu zərərli maddə istifadə olunursa, həmin şəxslərin siqaret çəkmə ehtimalı digərlərinə nisbətən daha da çoxalır. Tütün epidemiyası ilə mübarizəyə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da səy göstərilir. Mütəmadi olaraq məktəblərdə tədbirlər keçirilir və şagirdlər bu məsələ ilə bağlı maarifləndirilir.

Qeyd edək ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tütündən İstifadəyə Nəzarət üzrə Çərçivə Konvensiyasına 2006-cı ildə qoşulub. Bu Konvensiya tütündən istifadənin azaldılması üçün tədbirlər proqramı təklif edir. 2017-ci ildə isə ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edilib. Bu qanunla tütündən istifadə bir çox ictimai yerlərdə qadağan edilib və qanunun pozulmasına görə məsuliyyət müəyyən olunub. Respublikamızda tütündən istifadə sahəsində həyata keçirilən tədbirlər bir çox beynəlxalq çağırışlara və tələblərə cavab verir. Hər il ÜST yeni bir şüarla bu ölümcül maddəyə qarşı mübarizə aparır. Ötən il təşkilatın devizi "Bizə tütün yox, qida lazımdır" olub. Qlobal kampaniya tütün fermerləri üçün alternativ məhsul istehsalı və marketinq imkanları haqqında məlumatlılığı artırmaq və onları davamlı, qidalı məhsullar yetişdirməyə təşviq etmək məqsədi daşıyıb. Əhali arasında tütündən istifadəni azaltmaq məqsədilə görülən tədbirlərlə bir çox insanların həyatını xilas etmək mümkündür.

Töhfə SƏMƏDOVA,

"Respublika".