Sarsılmaz birlik əbədidir
Digər xəbərlər

Sarsılmaz birlik əbədidir

Türk xalqlarının tarixi faciəli, amma şərəfli hadisələrlə zəngindir. İstər müharibələr, istərsə də təbii fəlakətlər hər zaman sinəmizə yaralar vurmuşdur. Lakin elə tarixin özü şahiddir ki, bütün savaşlar türkün zəfəri ilə sonlanıb. Bunun da əsas səbəbi həmrəyliyimiz, zülmə qarşı birləşməyi bacarmağımızdır. Əfsuslar olsun ki, tarixdə türkü bir araya gətirən faciələr, savaşlar, çevrilişlər və sair bu kimi hadisələrdir. Van zəlzələsi, meşə yanğınları kimi faciələrdə necə ki təklif etmək yerinə təyyarə endirməyə yer axtarırdıq, 6 fevral faciəsində də qardaşlarımızın yanına sorğu-sualsız çatdıq.

Fevralın 6-da qardaş Türkiyə öz tarixində ən faciəli və ağrılı hadisələrdən birini yaşadı. Həmin gün Türkiyə vaxtı ilə saat 04:17-də Türkiyənin cənubunda baş verən güclü zəlzələ ciddi dağıntılara və çoxsaylı insan itkilərinə səbəb oldu. Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələ nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb və dağıntılar altında qalıb. Onların taleləri hələ də məlum deyil. Hər zaman bir-birinə xitabda "Qardaşım" deyə müraciət edən liderlərimiz, bu gün də çiyin-çiyinə dayanıb. Fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: "Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk". Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

Daha sonra telefon əlaqəsi saxlayan Prezident İlham Əliyev bütün imkanlarımızla qardaş Türkiyənin yanında olduğumuzu bir daha vurğulayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Paylaşımda qeyd olunub: "Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!".

Acı xəbəri aldıqdan saatlar sonra ilk təyyarəmiz artıq Türkiyə səmasında idi. Hansı ki, ardınca da yardım və texnikalarla dolu yükü 7 təyyarə aparacaqdı. Habelə 800-ə yaxın xilasedici və tibbi personal da 1 gün ərzində köməyə yetişdi. Hadisə sonrası xalq ayağa qalxdı. Türkiyədə də fəaliyyət sektoru olan SOCAR yardımlara elə Türkiyənin özündə start verdi. Bundan əlavə, vətəndaşlara sosial xidmətlər göstərilməsi üçün ASAN könüllülərindən ibarət dəstə Türkiyəyə yola salınıb. Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxil edilib. Bunun ardından Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da başlanılıb. Zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə 9 fevral tarixində Naxçıvandan ilkin olaraq 12 TIR yola salınıb. Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyi" adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərir və bu proses davam edir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsilə qardaş ölkəyə yola salınıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Sosial mediada yayılan məlumatlardan bəllidir ki, dinindən, irqindən asılı olmayaraq hər kəs, xüsusilə də dağıntı ərazilərində çalışanlar üçün mənəvi cəhətdən olduqca ağır günlər yaşanır. Bizlər də günlərdir ki, evimizdə rahatlıq tapa bilmirik. Allah bütün zəlzələ qurbanlarının ruhunu şad etsin, zərərçəkmişlərə şəfa, qurbanların yaxınlarına səbir versin. 

Səadət QULİYEVA,

Şirvan şəhər 21 nömrəli

tam orta məktəbin direktoru.