ŞƏFFAF SEÇKİLƏRƏ ŞƏRAİT YARADILIB
Bölgələr

ŞƏFFAF SEÇKİLƏRƏ ŞƏRAİT YARADILIB

ŞƏMKİR

Ölkənin hər yerində olduğu kimi, Şəmkir rayonunda da parlament seçkilərinə ciddi hazırlıq işləri görülür.

103 saylı Şəmkir kənd seçki dairəsinin sədri Rafiq Məmmədov 2003-cü ildən bu sahədə fəaliyyət göstərir. O, söhbət zamanı bildirdi ki, dairə üzrə seçicilər 50 məntəqədə istədikləri namizədə səs verəcəklər. Məntəqələrdən biri seçki gününə 5 gün qalmış fəaliyyətə başlayacaq.

Avqust ayının 9-dan etibarən təbliğat-təşviqat kampaniyasına start verilib. Seçkilərin şəffaf, demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilərlə namizədlərin görüşü üçün açıq və qapalı yerlər təşkil olunub. 7 nəfər namizədliyini irəli sürüb. Bir nəfər YAP üzvü, 6 nəfər isə öz təşəbbüsü ilə namizəd kimi Dairə Seçki Komissiyasının qərarı ilə qeydə alınıb.

Seçkinin gedişatını izləmək üçün 5 məntəqədə veb-kamera quraşdırılıb. 100 nəfər YAP, 250 nəfər öz təşəbbüsü ilə seçkiləri izləmək üçün qeydə alınıb. Eyni zamanda 5 nəfər məşvərətçi səs hüquqlu qeydiyyata götürülüb.

Hazırda komissiya üzvləri ilə treninqlər keçirilir. Səsvermənin yeri və vaxtı barədə bildirişlər məntəqə seçki komissiyalarına verilib. Seçki gününə 7 gün qalmış bildirişlər seçicilərə paylanacaq.

Deputatlığa namizədlərin şəkli təşviqat lövhəsinə, seçicilərin siyahısı məlumat lövhəsinə vurulub. Dairə üzrə 209 nəfər ilk dəfə səs verəcək. Eyni zamanda 100 yaşdan yuxarı 2 nəfər, 106 yaşlı sakin Həsənova Ballı Rüstəm qızı Tatar kəndində 20 saylı məntəqədə, 104 yaşlı Məmmədova Sədət Məmmədhəsən qızı Zəyəm Cırdaxan kəndində 24 saylı məntəqədə səsverməyə qatılacaq.

Ehtiyac olan ünvanlara daşınan qutu aparılaraq səsvermə hüququ təmin olunacaq.

103 saylı Şəmkir kənd seçki dairəsi növbədənkənar parlament seçkisinə hazırdır.

Vəli VƏLİYEV,

"Respublika".