Azərbaycan Ordusunun əsgəri oğlum Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək həmin ilin oktyabrın 26-da qəhrəmancasına şəhid olub. Sosial şəbəkələrdə yayılan videogörüntülərdən hər kəsə bəllidir ki, Fədail Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gülə-gülə və qəhrəmanlıq hissi ilə gedərkən yolda maşını saxlayıb qürurla rəqs edib və hər kəsi qələbə əzmi ilə ruhlandırıb. Şəhidimiz Qobustan rayonunun Bədəlli kəndində dəfn olunub. O, yüksək döyüş bacarığı və igidliyi ilə vətən yolunda şəhidlik zirvəsinə yüksəlməklə təkcə ailəmizin deyil, bütün xalqımızın övladına çevrilib.
Bir şəhid ailəsi olaraq dövlət başçımızın və xalqımızın sonsuz diqqətini və qayğısını daim yüksək qiymətləndiririk. Kəndimizdə dəfn olunan şəhidimizin ziyarətinə rahat şəkildə gedib-gəlmək üçün həmin yolun təmir olunması üçün AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədova və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədova müraciət etdim. Sevindirici haldır ki, ailəmizin müraciətinə operativ reaksiya verildi və şəhidimizin məzarına gedən yol əsaslı təmir olunaraq asfalt döşəndi. Bu işdə əməyi olan hər kəsə ailəmiz adından dərin təşəkkürümüzü bildirirəm.
Fərhad NADİROV,
Qobustan rayonu, şəhid atası.