Sevgi, hörmət və həmrəylik mənbəyi
Sosial həyat

Sevgi, hörmət və həmrəylik mənbəyi

BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 1994-cü ildən başlayaraq 15 may hər il dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycan bu qətnaməyə 2008-ci ildən qoşulub. Müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailə problemlərinə cəlb etmək istəyən BMT Baş Assambleyasının məqsədi ailələrin vəziyyətinə təsir edən sosial-iqtisadi və demoqrafik proseslər haqqında bilikləri dərinləşdirməkdir. 

BMT-nin yanaşmasına görə, bir ailənin fundamental hüquqları pozulduqda, onların üzvü olduğu bütün bəşər ailəsinin birliyi təhlükə altına düşür. Cəmiyyətin əsas institutlarından biri kimi insanın sosiallaşmasının ilk mərhələsi olan ailə birliyi ətraf mühitlə  bərabər inkişaf edir, zamanın tələblərinə özünəməxsus şəkildə  uyğunlaşaraq dəyişir, sosial tələblərə cavab verir və özünü formalaşdırır.

Ailə cəmiyyətin əsas elementi kimi bəşəri dəyərlərin, mədəniyyətin və nəsillərin tarixi davamlılığının keşikçisi, sabitlik və inkişaf amili olaraq çıxış edir. Sağlam ailələr sayəsində dövlət möhkəmlənir, inkişaf edir, xalqın rifahı yüksəlir. Bütün dövrlərdə bir ölkənin inkişafı ailənin cəmiyyətdəki mövqeyinə və dövlətə münasibətinə görə qiymətləndirilib. İnsanın həyatı ailədən başlayır, burada vətəndaş kimi formalaşır. Ailə sevgi, hörmət, həmrəylik və məhəbbət mənbəyidir. İstənilən sivil cəmiyyət bunun üzərində qurulur. Ailənin rifahı ölkənin inkişafı və tərəqqisinin ölçüsüdür.

Bütün dünyada evsiz ailələrin sayının artması da narahatlıq doğurur. Belə ki, bir sıra Avropa ölkələrində evsiz ailələrin sayı daimi olaraq evsizlərin ümumi sayının 20 faizdən çoxunu təşkil edir.

Dünyanın bir çox ölkələri demoqrafik inkişaf strategiyalarına böyük önəm verirlər. Bu bayramda müxtəlif maarifləndirici, ictimai tədbirlər  təşkil olunur, konsertlər keçirilir. Böyük təcrübəyə malik ailələrlə görüşləri, çoxuşaqlı və aztəminatlı ailələrin uşaqları üçün xeyriyyə tədbirləri, gənc ailələr üçün treninqlər, tematik seminarlar və konfranslar, radio və televiziya da ailə mövzularına həsr olunmuş proqramlar və digər  tədbirlər keçirilir.

Hər il Beynəlxalq Ailə Günü üçün xüsusi bir mövzu seçilir. Beləliklə, bu illər ərzində "Nəsillər arasında sosial inteqrasiya və həmrəyliyin təşviq edilməsi", "Ailələrin və bütövlükdə cəmiyyətin rifahı naminə iş və ailə öhdəlikləri arasında tarazlığın təmin edilməsi", "Aztəminatlı uşaqların problemlərinin həlli", "Miqrasiyanın bütün dünyada ailələrə təsiri", "Ailələr və əlillər", "İİV və QİÇS-in ailənin rifahına təsiri", "Müasir ailələrdə gender bərabərliyi və uşaq hüquqları", "Ailə, sağlam həyat tərzi və davamlı gələcək", "Ailə, təhsil və rifah", "Ailə və inklüziv cəmiyyət", "Ailələr və iqlim dəyişmələri ilə mübarizə tədbirləri", "Ailə və yeni texnologiyalar", "Ailələr və urbanizasiya", "Demoqrafik meyillər və ailələr" mövzusunda tədbirlər keçirilib.

Beynəlxalq Ailə Günü ilə əlaqədar olaraq təşkil olunan Ailə Bayramı bu günə kimi  Şamaxı, Qax, Xaçmaz, İsmayıllı, Şəmkir, Abşeron rayonlarında, Lənkəran və Şəki şəhərlərində təşkil edilmişdir. Hər il yüzlərlə ailənin iştirakı ilə yüksək səviyyədə qeyd edilən bu bayram Azərbaycan cəmiyyətinin inkişaf səviyyəsini təcəssüm etdirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan bayramda müxtəlif sərgilərlə tanışlıq, bölgələrin milli mətbəxini əks etdirən əl işlərinin nümayişi ilə yanaşı, həm də ailələr arasında müxtəlif intellektual oyunlar da təşkil edilir. Kütləvi informasiya vasitələrinin, müxtəlif xarici və yerli qonaqların iştirakı ilə təşkil olunan Beynəlxalq Ailə Günü ölkəmizdə rəğbətlə qarşılanır.

Aiza ŞABANOVA,

"Respublika".