Şirazlı kəndinə qayıtmaq haqqımızdır
Diaspora

Şirazlı kəndinə qayıtmaq haqqımızdır

Ukrayna

XX əsrin bəlası – Deportasiya

1828-ci ildə İrandan 40 min, Türkiyədən 90 min erməni gətirilərək İrəvan və Naxçıvan xanlıqlarından qovulmuş azərbaycanlıların evlərində yerləşdirildi. Həmin il martın 20-də Novruz bayramı günü rus çarı I Nikolay İrəvan və Naxçıvan xanlıqlarını erməni vilayəti elan etdi. Qərbi Azərbaycana gətirilmiş erməni vandalları daha münbit ərazilərdə yerləşdirildilər. Nəzərə alaq ki, o vaxtlar azərbaycanlılar daha çox heyvandarlıqla məşğul olurdular, bura gələn ermənilər Arazətrafı və azərbaycanlıların yataq yerlərində məskunlaşdılar. Bu isə ermənilərlə müsəlmanlar arasında ziddiyyətlərə səbəb oldu. Vəziyyəti qaydaya salmaq üçün bir neçə xan və bəy birlikdə Rusiyanın İrandakı səlahiyyətli səfiri və bu işin təşkilatçısı A.Qriboyedovun yanına getdilər və Qərbi Azərbaycana gətirilən ermənilərin onların yay-qış yataqlarında yerləşdirilməsini xahiş etdilər. Onlar Qriboyedovla müəyyən şərtlərlə razılığa gəldilər. Lakin sonda hər şey ermənilərin xeyrinə həll olundu.

Vedi rayonu türklərin qədim yaşayış məskənlərindən biri olub. Vaxtilə bu ərazilərdə erməni nə gəzirdi? Haylar Vediyə müxtəlif yerlərdən beş-beş, on-on gəlib çıxmış, bir müddət özlərini "yazıq", "kimsəsiz" millət kimi qələmə vermiş, ayaqları yer tutandan sonra əllərində siyirmə qılınc müsəlmanlara arxadan zərbə vurmuş, onları pərən-pərən salıb doğma torpaqlarından sıxışdırıb çıxarmış və imkan düşəndə zülm və işgəncə vermişlər. Zaman-zaman erməni daşnakları Vedinin Dəvəli, Reyhanlı, eləcə də İlan dağının yaxınlığındakı Zincirli kəndində, Çanaxlı, Qaşqa, Keşişverən kəndlərinin ərazilərində müsəlmanlara qarşı analoqu olmayan terror hadisələri həyata keçirmişlər. 1918-1920-ci illərdə erməni şovinistləri rayonun ərazisində qanlı cinayətlər törətmiş, dinc insanları evlərə doldurub yandırmış, diri-diri işgəncə ilə su quyularına doldurmuş, südəmər uşaqlara amansız divan tutmuş, hamilə qadınları süngüdən keçirmişlər.

Vedililərin çoxu çətinliklərlə Türkiyəyə, İrana və digər bölgələrə üz tutmuş, məcburən ata-baba yurdlarını tərk etmişlər. 1920-ci ilin noyabrında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Vedi rayonunun sakinləri doğma Vətənə dönmüşlər.

Vedi rayonunun İrəvan Çuxuru adlanan Ağrıdağ düzənliyində yerləşən ərazini ermənilər zəbt edə bilməmişlər. Çünki Vedi illər boyu erməni daşnaklarına divan tutmuş Abbasqulu bəyin və onun silahdaşlarının yaşadıqları rayon idi. Ermənilər cəllada dönüb müsəlman qanına susasalar da, Abbasqulu bəyin onlardan qisas alacağını bilirdilər.

1920-ci ilin yayında Abbasqulu bəyin köməyilə İrana keçmiş vedililər 1921-ci ildə öz doğma kəndlərinə, odu söndürülmüş ocaqlarına qayıdıb, özlərinə təzədən ev-eşik tikməyə, gün-güzəran düzəltməyə başlamışlar.

Böyük Vətən müharibəsinin od-alovlu günlərində Vedinin mərd, cəsur oğulları silaha sarılaraq müharibəyə getmiş, rəşadətli döyüş yolu keçmiş, cəbhədən orden və medallarla qayıtmışlar.

1948-1953-cü illərdə erməni xəyanəti nəticəsində Vedi rayonunun azərbaycanlıları da deportasiyaya məruz qalmış, "könüllülük" prinsipi adı altında Azərbaycanın Kür-Araz ovalığına köçürülmüş, çoxları isə isti iqlim şəraitinə dözə bilməmişlər.

Erməni vandalları Mixail Qorbaçovun, ermənipərəst mövqeyindən istifadə edərək 1988-ci ildə daha da azğınlaşdılar, onlar uydurma "Dağlıq Qarabağ" problemini ortaya ataraq mitinqlərə başladılar, anti-Azərbaycan şüarlarla çıxış etdilər. Soydaşlarımız ağır işgəncələrə məruz qaldılar, 300 minə yaxın Qərbi Azərbaycan əhalisi məcburən qışın boranlı-çovğunlu günlərində ata-baba yurdlarını tərk etdi.

Mən əslən Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndindənəm. Uşaqlıq illərim Vedinin allı-güllü yamaclarında keçib, qədim İrəvan şəhərinə, azərbaycanlıların yaşadıqları məhəllələrə, Göyçə gölünün nəğməli sahillərinə tez-tez gedərdim. Yurdumun hər qarışının vurğunuyam, yaşlı nəslin nümayəndələri bildirirdilər ki, vaxtilə bu yerlərdə türk oğulları dolaşıb, lakin sovet rəhbərlərinin xəyanəti ucbatından Qərbi azərbaycanlılar zaman-zaman sıxışdırılıb, bizlərə ögey münasibət göstərilib, XX əsrin sonlarında isə böyük bir el, doğma yurd itirmişik.

Çox illərdir ki, Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayıram. Atalar məsəli var: "Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır". Mən hər gün, hər an Qərbi Azərbaycanı, doğma kəndim Şirazlını, Vedi mahalını düşünürəm. İnanıram ki, 44 günlük tarixi Qələbəmizdən sonra günlərin birində Qərbi Azərbaycana da dönəcəyik. Hədəfimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını reallaşdırmaqdır.

Arif BALAYEV,

Kiyev şəhəri, iş adamı.