Siyasi iradənin və qayğının ifadəsi: sosial məmnunluq
Siyasət

Siyasi iradənin və qayğının ifadəsi: sosial məmnunluq

Bu prioritetlərin seçilməsi bir çox ölkələr üçün nümunə ola bilər

Azərbaycan Cənubi Qafqaz regionunun inkişaf edən, qüdrətli, lider dövlətinə çevrilir. Milli iqtisadiyyatın rekord səviyyədə artımına, regionların tərəqqisi şəraitində iqtisadi şaxələndirməyə və qeyri-neft sektorunun əhəmiyyətli dərəcədə genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasına, milli iqtisadiyyata investisiya axınının təmin edilməsinə və ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzunun artmasına qətiyyətlə nail olunur. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi kimi Azərbaycanda sabitlik mövcuddur. Bu reallıq qarşıda duran yeni vəzifələri, hədəfləri müəyyənləşdirir. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində dediyi kimi, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.

Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü, bununla ədaləti və beynəlxalq hüququ təmin etmiş qalib Azərbaycan, eyni zamanda vətəndaş rifahının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasətə malikdir. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradır.

Müasir Azərbaycanın gələcəyi güclü, qüdrətli və sosial əsaslara söykənən dövlət qurmaq istiqamətində müəyyənləşdirilmişdir. Azərbaycanda formalaşan sosial dövlət modeli özündə milli ənənələri ehtiva edir, həmçinin dünyanın müasir inkişaf meyillərini nəzərə alır. Sosial dövlət dedikdə, inkişaf etmiş, sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi sistem başa düşülür. "Sosial dövlət" anlayışı ilk dəfə 1850-ci ildə alman alimi Lorenc fon Şteyn tərəfindən işlədilib. Lorensə görə, sosial dövlət bütün siniflərə, eləcə də hər bir vətəndaşa bərabər hüquq və imkanlar yaradır.

Hər bir ölkənin ümumi inkişafı əhalisinin rifahı, vətəndaşının firavanlığı naminə aparılan siyasətdə öz təcəssümünü tapır. Bu mənada, ulu öndər Heydər Əliyevin müəllifi olduğu və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası, reallaşdırılan köklü islahatlar bu gün Azərbaycanın qüdrətli iqtisadiyyata və orduya, dünya birliyində mötəbər mövqeyə sahib olmaqla yanaşı, eyni zamanda güclü sosial siyasətə malik bir ölkəyə də çevrilməsini təmin edib. Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl və məqsədyönlü Dövlət proqramları yoxsulluğun kəskin şəkildə azalmasını şərtləndirir. Azərbaycan bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib. Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasəti, gələcək illərdə ölkənin tutacağı xətlə bağlı geniş anonslar verib. İqtisadi və sosial durumdan danışarkən ölkə başçımız qeyd edib ki, hazırda minimum əməkhaqqı 345 manat, minimum pensiya 280 manatdır. Orta aylıq pensiya 500 manatdan çoxdur: "Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var", - deyən dövlət başçısı növbəti 7 illik fəaliyyətində də ölkə vətəndaşının maraqlarının, rifahının daim diqqət mərkəzində olacağını, yaşayış səviyyəsinin daha da yaxşılaşacağını söyləyib.

Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzindədir. Hər il dövlət büdcəsi tərtib edilərkən onun sosialyönümlü olmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox, orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artmışdır. Orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlmişdir. Eyni zamanda yoxsulluğun azaldılmasına, məşğulluq imkanlarının artırılmasına, işsizliyin aradan qaldırılmasına, qaçqın və məcburi köçkün ailələrinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər görülmüşdür. Əgər 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idisə, indi cəmi 5,5 faiz təşkil edir. Ölkəmizdə 2 milyondan çox yeni iş yeri yaradılıb. Məşğulluq imkanlarının artırılması, eyni zamanda yeni iş yerlərinin yaradılması sahəsində ardıcıl və nəticəyönümlü fəaliyyətlə bərabər, dövlət aztəminatlı ailələrə müxtəlif dəstək mexanizmlərini də işə salır. Bunlardan biri də uzun illərdir ki, tətbiq olunan ünvanlı sosial yardımdır. Bu gün müstəqil Azərbaycan Respublikasında əhalinin sosial rifahı yaxşılaşır, sosial infrastrukturun bütün tərkib hissələri formalaşır. Azərbaycanda bütün dünyaya örnək olan hakimiyyət-xalq birliyi azərbaycançılıq məfkurəsi ətrafında möhkəmlənməkdə davam edir.

Bu uğurlu siyasətdə, xüsusilə ölkəmizdə sosial siyasətin ildən-ilə güclənməsində, həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum gənclərə diqqət və qayğının artırılmasında, ümumən sosial müdafiə sisteminin sosial ədalət prinsipləri üzərində daha da gücləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri, yüksək humanizmi ehtiva edən nəcib, xeyirxah layihə və təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Postmüharibə dövründə həmin kateqoriyalardan olan vətəndaşlara 6,2 min, ümumilikdə, ötən dövrdə 15 mindən çox mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.

Prezident İlham Əliyev dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox islahatların müəllifidir. Bu baxımından qeyd edə bilərik ki, 2012-ci ildən Azərbaycan brendi olan, gündən-günə bütün ölkə üzrə öz xidmət dairəsini genişləndirən "ASAN xidmət" əhalinin rahatlığının təmin edilməsi sahəsində dövlət siyasətini müvəffəqiyyətlə gerçəkləşdirir. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) və 7 DOST mərkəzi, 1 DOST filialı və 1 "Smart DOST" məntəqəsi yaradılıb. Ötən dövrdə bu mərkəzlərdə 2 milyon 800 mindən çox vətəndaşa xidmət göstərilib və xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,2 faiz təşkil edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində Azərbaycanda dövlət sosial xidmətləri müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, "bir pəncərə"dən innovativ əsasda təqdim edilir. Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixdə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında" Fərmanı ilə "YAŞAT" Fondunun təsis edilməsi isə müstəsna əhəmiyyətə malikdir. Fond vasitəsilə qazilərimizə və şəhid ailələrinə mütəmadi dəstək göstərilir. Prezident İlham Əliyevin tapşırığına əsasən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və reabilitasiyası üçün aparılan işlərin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci və İkinci Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 476 hərbçi 572 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edilib. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Dövlətimizin başçısı qeyd edib ki, bu, ən minimal göstəricidir. "Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər". Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. Burada "ASAN xidmət" və "DOST xidməti" mərkəzləri, KOB Evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialları fəaliyyət göstərir.

Mustafa KAMAL,

"Respublika".