Strateji qambitdə qurban Ukraynadır
Siyasət

Strateji qambitdə qurban Ukraynadır

İki ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi bütün dünyada geosiyasi vəziyyətə ciddi təsir göstərir. Müharibənin əvvəlində anti-Rusiya qüvvələri bunu fürsət kimi görüblər. Onlar Kiyevə silah və maliyyə yardımı göndəriblər. Həmin qüvvələr Moskvanı saysız-hesabsız sanksiyalarla üz-üzə qoyub. Lakin daha sonra ticari maraqlarının təhlükə altına düşdüyünü düşünən ABŞ öz dəstəyini geri çəkib.

Almaniyanın "Velt" qəzeti Qərb ölkələrinin Kiyevi silahla təmin etməyəcəyi təqdirdə Ukraynanın sentyabr ayına qədər kritik vəziyyətlə üzləşəcəyi barədə yazıb. Reallığı əks etdirən yazının digər hissəsində bildirilib ki, 2024-cü ildə Ukraynanın ələ keçirilmiş əraziləri geri qaytarmaq imkanı yoxdur. Əksinə, yeni ərazi itkiləri ola bilər. Nəşrin yazdığına əsasən, müharibə elə bu il də başa çata bilər: "Döyüşlərin daha bir neçə il davam edəcəyi ehtimalı yoxdur".

Ukrayna prezidenti Volodimir Zelenski bir müddət əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO rəsmisi admiral Rob Bayer isə Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib. İlk dəfə NATO-nun müharibəyə qoşulması çağırışı ilə çıxış edənlərdən biri məhz Fransa prezidenti Emmanuel Makron olub. Bütün dünyada sülh çağırışları davam edərkən Fransanın müdafiə naziri Sebastian Lekornu keçirdiyi mətbuat konfransında bildirib ki, prezident Emmanuel Makron mənə Ukrayna üçün yeni hərbi yardım paketinin hazırlanması barədə göstəriş verib.

O qeyd edib ki, hazırda qərargah və Silahlanma üzrə Baş İdarə bu məsələ üzərində işləyir. S.Lekornu Fransanın "AMX-10RC" təkərli tankları, zirehli personal daşıyıcıları və pilotsuz təyyarələrə qarşı müdafiədə mühüm rol oynayan "Mistral" raketləri olan hava hücumundan müdafiə sistemlərinə malik olduğunu deyib. Nazir bildirib ki, Fransa Kiyevə 155 millimetrlik "Sezar" özüyeriyən haubitsalarını tez bir zamanda tədarük etməyə başlayacaq. Müdafiə departamentinin rəhbəri onu da qeyd edib ki, mühəndislər fransız silahlarını Qərb istehsalı olan maşınlar, xüsusən NATO ölkələrinin Kiyevə tədarük edəcəyini vəd etdiyi F-16 üçün uyğunlaşdırırlar. Fransanın sənaye obyektləri 2024-cü ildə 600 AASM bombası istehsal edəcək, 2025-ci ildə isə 1,2 min ədəd səviyyəsinə çatacağı gözlənilir. Lekornu deyib ki, Paris Ukraynaya hər ay bu tipli 50 bomba və üç min mərmi tədarük etmək niyyətindədir.

S.Lekornu bildirib ki, xüsusilə MBDA-nın (Avropanın çoxmillətli raket istehsalçısı - 2001-ci ilin dekabrında Fransa, Britaniya və İtaliyanın əsas raket sistemləri şirkətlərinin birləşməsindən sonra yaradılıb)  Aster hava hücumundan müdafiə raketi istehsalını sürətləndirmədiyi təqdirdə bu şirkətlər qarşıdakı həftələrdə hərbi müdafiə sifarişlərini mülki sifarişlərdən üstün tutmağa məcbur olacaqlar: "İlk dəfədir ki, qanunun nazirə və silahlanma baş idarəsinə verdiyi səlahiyyətdən istifadə edərək, istehsal nisbətləri və çatdırılma müddətləri baxımından işlər planlaşdırıldığı kimi getməzsə, tələblər irəli sürməyi istisna etmirəm", - deyə Lekornu martın 26-da keçirdiyi mətbuat konfransında bildirib.

Fransa müdafiə sənayesini "müharibə iqtisadiyyatı" üzərində qurmağa çağıran Lekornu, MBDA-nı qurudan SAMP/T hava hücumundan müdafiə sistemi və Fransa, İtaliya və İngiltərə hərbi gəmiləri vasitəsilə atılan Aster raketinin tədarükünü gecikdirdiyinə görə tənqid edib. Fransa nədənsə tez-tələsik şəkildə Ukraynanı silahlandırmağa çalışır. Hətta bu yolda şirkətləri təhdid edir. Bəs Fransa prezidentinin tələskənliyinin səbəbi nədir? O, dəstəkdən imtina edən ABŞ-ın yerini doldurmaq, yoxsa öz iqtisadiyyatını silah satışı hesabına gücləndirmək istəyir?

ABŞ-ın yaratdığı boşluğu doldurmaq istəyən E.Makron Çexiyaya səfəri zamanı deyib: "Şübhəsiz ki, Avropanın qorxaq olmadığını sübut edəcəyimiz bir məqama yaxınlaşırıq". "Müharibə torpaqlarımıza qayıdıb" deyən Fransa prezidenti Ukrayna üçün Avropadan kənar ölkələrdən silah almaq planı ilə bağlı ölkəsinin mövqeyini aydınlaşdırmaq üçün çərşənbə axşamı Praqaya gəlib. Bir günlük səfəri zamanı o, Çexiya prezidenti Petr Pavel və baş nazir Petr Fiala ilə görüşüb və nüvə forumunda çıxış edib.

Ukraynaya dəstək üçün canfəşanlıq göstərən Makron hakimiyyəti, xüsusən də Birləşmiş Ştatların dəstəyini geri çəkməsindən sonra regionda öz təsirini göstərməyə fürsət güdür. Ukraynaya hərbi dəstək verməklə Fransa özünü Avropa təhlükəsizliyində əsas oyunçu kimi göstərməyə çalışır. Şahmatda bəzən mövqe üstünlüyü qazanmaq məqsədilə piyada, bəzən isə əhəmiyyətli bir fiqur qurban verilir. Paris də Kiyevlə həmrəylik oyunu nümayiş etdirməklə Avropa daxilində ittifaqlarını gücləndirməyə cəhd edir. Fransanın strateji qambiti, Avropanın müdafiə sahəsində əməkdaşlığını artırmaq və ABŞ-dan asılılığı azaltmaq üçün planlaşdırılıb.  İkinci bir məqam isə silah satışıdır. Fransanın əhəmiyyətli müdafiə sənayesi var və Ukraynaya silah satmaq onun iqtisadiyyatını gücləndirir, xüsusən də ABŞ-ın Kiyevə silah satışını dayandırmasından sonra bazarda boşluq yarandığı bir vaxtda...

Nurcan SÜLEYMANOVA,

"Respublika".