SUDAN SƏMƏRƏLİ İSTİFADƏ OLUNMALIDIR
Region

SUDAN SƏMƏRƏLİ İSTİFADƏ OLUNMALIDIR

Ölkəmizin zəngin təbiətinin, təbii sərvətlərinin mühafizəsi, ekoloji tarazlığının qorunması aparılan ekoloji siyasətin əsas prioritetlərindən hesab olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər görülür. Xəzəryanı ölkələr arasında Azərbaycan yeganə ölkədir ki, dənizin, onun su hövzələrinin və sahillərinin çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirilir.

Möhtərəm Prezidentimizin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Yardımlı rayonunda da su, torpaq, hava kimi insan həyatı üçün əvəzsiz nemətlərin, meşə ehtiyatlarının, canlı aləmin mühafizəsi vacib, prioritet məsələlər kimi diqqətdə saxlanılır. 

Yardımlı Rayon İcra Hakimiyyəti və "Azərsu" ASC-nin 3 nömrəli Regional Su Kanal İdarəsinin Yardımlı Su Kanal sahəsinin birgə təşkilatçılığı ilə "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda tədbir keçirilib. İcra başçısının müavini Miramil Səmədli planetimizdə içməli su mənbələrinin, eləcə də digər təbii ehtiyatların getdikcə tükəndiyini, 1 milyarda yaxın insanın qida çatışmazlığı ilə üzləşdiyini, iqlim dəyişikliyi məsələlərinin bütün dünyanı narahat etdiyini bildirib. Qeyd edilib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər və onun rəhbərliyi ilə həyata keçirilən beynəlxalq layihələr dünyanın ekoloji bəlalardan xilasına misilsiz töhfələr verir. Noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29-un) MDB ölkələri içərisində ilk dəfə Azərbaycanda keçirilməsi qərara alınıb. Bakının növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi hər birimizi sevindirir, qürurlandırır. 

Yardımlı Su Kanal sahəsinin müdiri Füzuli Babayev çıxışında qeyd edib ki, COP29 kimi mühüm beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin beynəlxalq sahədə yürütdüyü uğurlu siyasətə, iqlim dəyişmələri probleminin həllinə verdiyi yüksək töhfələrə  göstərilən etimadın parlaq təzahürüdür.

Dağlıq ərazidə yerləşən Yardımlı rayonunda da su problemi mövcuddur. Tədbirdə sakinlər mövcud su mənbələrindən qənaətlə, səmərəli istifadə etməyin müsbət nəticələrindən danışıblar. Sudan məişətdə və kənd təsərrüfatında səmərəli istifadə edilməsinə nəzarəti artırmağın, bu məqsədlə müntəzəm monitorinqlərin keçirilməsinin vacibliyi qeyd olunub.

Əlisəfa HƏSƏNOV,

"Respublika".