Rusiya Ermənistana təzyiq göstərsə və ya embarqo tətbiq etsə, ABŞ İrəvana güclü dəstək verəcək. Bu barədə Ermənistanla Ağ Ev arasında razılaşmalar əldə edilib.
Yerli medianın məlumatına əsasən, 6 bənddən ibarət gizli sazişə görə, Pentaqon Ermənistan ordusunu hərbi texnika və sursatla təmin edəcək, ölkənin təhlükəsizlik orqanlarına, o cümlədən polisə dəstək verəcək. Bundan əlavə, Vaşinqton İrəvana dizel və "Metsamor" AES üçün nüvə yanacağının tədarükünü təmin edəcək. Birləşmiş Ştatlar, həmçinin AES-in idarə edilməsi və istismarının təmin edilməsi üçün Ermənistana bütün lazımi texniki yardımı göstərməyə hazırdır. Hətta lazım gələrsə, Amerikanın peyk interneti də erməni provayderlərin ixtiyarında olacaq.
Ağ Ev maliyyə sektorunda da Paşinyan Administrasiyasının köməyinə çatacaq. Belə ki, əgər Ermənistan Moskvanın mümkün sanksiyaları nəticəsində xarici valyuta çatışmazlığı ilə üzləşərsə, o zaman bu problemi ABŞ həll edəcək. Amma hazırkı geosiyasi reallıqları nəzərə alsaq deyə bilərik ki, əgər Vaşinqton zəmanət verirsə, o zaman Ermənistan da bunun müqabilində müəyyən addımlar atmalı olacaq. Yəni ABŞ başda olmaqla, kollektiv qərb Ermənistanı öz tərəfinə çəkərək Rusiyanın buradakı hərbi mövcudluğuna son qoymaq istəyir. Fransanın davamlı şəkildə Ermənistanla təmaslarına hərbi çalarlar əlavə etməsi, Ermənistan ordusuna texnika, silah-sursat yardımı bu planın tərkib hissəsidir.
Amma bir faktoru nəzərə almaq lazımdır ki, qərb indi Paşinyan hökumətinə dəstək verir, amma bu yardımın kifayət qədər olub-olmayacağı hələ sual altındadır. Gürcüstanda da Saakaşviliyə şifahi vədlər verildi, ancaq vəziyyət gərgin mərhələyə keçəndən sonra dəstək kəsildi. İndi isə Ukrayna məsələsində bu ssenarinin təkrarlandığını müşahidə edirik. Digər tərəfdən, Birləşmiş Ştatlar maliyyə yardımı edəcəyini desə də, unudulmamalıdır ki, Ermənistan Rusiyadan təbii qazın 80-85%-ni alır. Eyni zamanda, Ermənistan ixracatının böyük hissəsi Moskvanın payına düşür. Odur ki, Ermənistan bazarını ABŞ-ın qısa müddətdə dolduracağını və Rusiyanı əvəzləyəcəyini gözləmək olmaz. Bu isə iqtisadi böhranla üzləşmək deməkdir. Eyni zamanda, Birləşmiş Ştatlar Ermənistana yardımlarını davam etdirmək niyyətində olsa belə, nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanın bir addımlığındadır, ABŞ, eləcə də Paşinyan hökumətinə hamilik edən qərb ölkələri isə coğrafi olaraq uzaqdadır. Dolayısıyla Rusiya qərbin planlarına mane olmaq üçün Ermənistana yumşaq güc tətbiq edə bilər. Bu isə İrəvan küçələrində aksiyaların yenidən başlayacağına işarə edir.
Əgər bu ssenari baş verərsə, qərb Azərbaycana qarşı yeni hərbi eskalasiyanın yaradılması və bölgədə toqquşma ocaqlarının yaradılması məsələsini gündəmə gətirə bilər. Görünür, bu, Birləşmiş Ştatların və Avropanın uzunmüddətli perspektivində var. Belə ki, ABŞ-ın Ermənistandakı səfiri Avropa İttifaqının bölgədəki Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd ərazilərdə olub. Digər tərəfdən, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib ki, Azərbaycanın Qarabağ iqtisadi bölgəsindən könüllü köçən ermənilər istəyərlərsə, geri qayıtmaq hüquqları var. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’brayn isə Konqresdə keçirilən dinləmələrdə bildirib ki, qarşıdakı həftələr Ermənistan və Azərbaycan arasında sülh sazişi üçün həlledici olacaq. Görünür, bu açıqlamalar İrəvanı qane edir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 14-də yerli mətbuata müsahibəsində Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün Vaşinqton formatında danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazır olduqlarını deyib. Amma Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki, gecikdirir: "Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha əvvəl bağlana bilər. Top Ermənistanın meydanındadır!".
Bu açıqlamadan aydın görünür ki, Azərbaycan manipulyasiyalardan uzaq, ədalətli sülh istəyir. Ermənistan da Cənubi Qafqazda pozuculuq fəaliyyətindən əl çəkməlidir.
Jalə QASIMZADƏ,
"Respublika".