Sülh region ölkələrinin maraqlarını təmin edir
Siyasət

Sülh region ölkələrinin maraqlarını təmin edir

"Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq, mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata birgə bəyanatla çıxışı zamanı bu fikirləri səsləndirib.

Ermənistanın ölkəmizin 20 faizdən çox ərazisini işğal etməsini, xalqımıza qarşı soyqırımları, deportasiyalar törətməsini dünyada söz sahibi olan böyük dövlətlər, nüfuzlu təşkilatlar görməzdən gəldilər. Beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulurdu, işğalçı ölkə aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayaraq daha da azğınlaşırdı.

Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, həmçinin beynəlxalq informasiya agentliklərinə, mətbuata verdiyi müsahibələrində Azərbaycanın heç vaxt işğalla barışmayacağı barədə Ermənistana və ona havadarlıq edənlərə dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticə əldə olunmurdu. Ermənistan təxribat əməllərinə, erməni havadarları isə bu işdə onlara dəstək göstərməyə davam edirdi. Dövlət başçımız münaqişənin sülh yolu ilə həllinə böyük səy göstərir, qonşu dövləti himayədarlarına uymamağa çağırırdı. Qətiyyətlə bəyan edirdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və beynəlxalq hüquqa uyğun olaraq belə də qalacaq, bunun alternativ yolu yoxdur, "əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox". Lakin nə beynəlxalq hüququn qərar və qətnamələrini, nə də Azərbaycan dövlətinin xəbərdarlıqlarını saya salmayan, öz alçaq niyyətini həyata keçirəcəyini xəyal edən Ermənistan məkrli siyasətindən əl çəkmirdi.

Bu illər ərzində dünya dövlətləri ilə ikitərəfli formatda əlaqələrini genişləndirən, bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar əsasında münasibətlər quran Azərbaycan günü-gündən gücünü, qüdrətini artırır. Ölkə iqtisadiyyatının, sənaye potensialının inkişafı, ordu quruculuğu istiqamətində islahatlara başlanıldı, mühüm işlər həyata keçirildi və bu gün də davam edir. Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinin əsas istiqaməti ölkənin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqların geri qaytarılması, ev-eşiyindən zorla qovulmuş bir milyondan çox məcburi köçkünün geri qaytarılması idi. 2020-ci il sentyabrın 27-də tarixi ərazilərində əks-hücum əməliyyatına başlayan Azərbaycan ordusunun bölmələri beynəlxalq hüququn normaları çərçivəsində öz gücü və potensialı hesabına ərazi bütövlüyünü təmin etdi. Bu illər ərzində beynəlxalq təşkilatların edə bilmədiklərini, daha dəqiq desək, etmək istəmədiklərini müstəqil dövlətimiz 44 gün ərzində reallaşdırdı. Uğurlu diplomatiya, düşünülmüş addımlar sayəsində süni şəkildə yaradılan münaqişə, işğal və bütün maneələr dəf edildi. Düşmən ölkə Azərbaycanın gücü, iradəsi, xalqın birliyi, məğrurluğu, mübarizliyi qarşısında duruş gətirə bilməyərək diz çökdü, təslim aktı imzalamağa məcbur edildi. Düşmən döyüş meydanında, havadarları isə siyasi arenada məğlub oldu. Hər zaman sülh, əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının məqsədyönlü, düşünülmüş siyasət yürüdən dövlət başçısının ətrafında bir yumruq kimi birləşməsi nəticəsində bütün dünya şahid oldu ki, 30 illik işğala 44 gün ərzində necə son qoymaq olar. Öz xalqının mənafeyini düşünməyən, quldurlardan ibarət ordusu haqqında mif uyduran düşmən ölkəni hərb meydanında, həm də diplomatik arenada necə susdurmaq olar. Dövlət başçımız çıxışlarının birində İkinci Qarabağ müharibəsindən danışarkən demişdir: "Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi".

44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranan reallıqlar göstərdi ki, bundan sonra nə bu gün, nə sabah Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağla bağlı heç bir məsələ ermənilərin xeyrinə dəyişməyəcək. Atılan hər bir addım sözsüz ki, müstəqil siyasət yürüdən, heç bir ölkədən iqtisadi, siyasi asılılığı olmayan Azərbaycanın xeyrinə olacaq. Çünki Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində siyasət yürüdür. 44 günlük Vətən müharibəsində də dövlətimiz BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalan 4 qətnaməsinin icrasını təmin etdi. Bu gün regionda mövqelərini daha da möhkəmləndirərək söz sahibinə çevrilən, beynəlxalq müstəvidə layiqli yer tutan, dünya dövlətləri arasında yüksək nüfuz qazanan Azərbaycan beynəlxalq hüquqa söykənən, qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə sülh təklif edir və sülh müqaviləsinin imzalanmasının təkcə iki ölkənin deyil, bütün regionun xeyrinə olacağını bəyan edir.

Mehparə ƏLİYEVA,

"Respublika".