Şuşalıları evlərində görmək sevincli anlar yaşadır
Gündəm

Şuşalıları evlərində görmək sevincli anlar yaşadır

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyevi böyük arzularla ölkə rəhbərliyinə gətirən Azərbaycan xalqı bu gün onun uğurlu fəaliyyətinin təntənəsini yaşayır. Ölkəmizin bütün sahələrini əhatə edən tərəqqinin, dönməz inkişaf yolunun möhkəm təməllərini məhz Ulu Öndərimiz müəyyənləşdirib. Bu gün dünyanın hər yerində uğurlarından bəhs olunan, əməkdaşlıq etdiyi dövlətlər tərəfindən etibarlı tərəfdaş olaraq təqdir edilən, yeni-yeni reallıqlar yaradan, yerləşdiyi regionun lideri səviyyəsinə yüksələn bugünkü Azərbaycan Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin üzərində qərar tutub.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu siyasi kursa sadiq fəaliyyəti, həmçinin peşəkarlığı, böyük bacarığı, düşünülmüş mühüm qərarları və cəsarətli addımları ilə Azərbaycanımızın hərtərəfli inkişafını təmin etdi. Eləcə də Ulu Öndərimizin ən böyük istəyini - Vətənimizin ərazi bütövlüyünü reallığa çevirdi. Hazırda biz Heydər Əliyevin hədəflədiyi, görmək istədiyi ölkədə yaşayırıq. Bu qüdrətli, qürurlu və şanlı Azərbaycandır.

Prezident İlham Əliyev müdrik siyasəti və əzmkarlığı ilə tarixin gedişini dəyişdi, Qarabağ münaqişəsini parlaq Qələbə ilə başa çatdıraraq qərəzli yanaşmaları alt-üst etdi. Bu, həqiqətən də çətin bir missiya idi. Qələbəmizdən sonra biz bunu aydın gördük. Kimlər Azərbaycana dil uzatmadı, bu işdən narahat olmadı, müxtəlif bəhanələrlə qətnamələr qəbul etmədi?! Amma nəticə nə oldu?! Bütün cəhdlər iflasa uğradı, çünki Azərbaycan elə bir dönməz yol tutub ki, onun iradəsinə təsir etmək mümkün deyil. Bu, reallıqdır, hər şey isə göz qabağındadır. Bu gün Prezidentimiz tamamilə məhv edilmiş, dağıdılmış Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur, yeni şəhərlər, qəsəbələr, kəndlər tikir. Sakinlərin öz yurdlarında xoşbəxt və firavan yaşamaları üçün hər cür şərait yaradır. Ən əsası isə bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Budur, qüdrətli dövlət, güclü iqtisadiyyat. Artıq keçmiş məcburi köçkünlərin bir qismi öz yurdlarına dönür. Onların üzündəki sevinc, fərəh hissi hər birimizi qürurlandırır. Biz həm də şahid oluruq ki, Vətən anlayışı azərbaycanlılar üçün nə deməkdir.

Dövlətimizin başçısının həmin ərazilərə hər səfəri böyük müjdələrlə yadda qalır. Cənab İlham Əliyev hər dəfə yeni qəsəbələrin, kəndlərin təməlini qoyur, yaşayış komplekslərinin, digər infrastrukturun açılışını edir. Dövlət başçısının  mayın 10-da - Ulu Öndərin anadan olmasının 101-ci ildönümündə azad edilən ərazilərimizə səfəri zamanı qürurverici məqamlardan biri də Prezidentimizin Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etməsi və şəhərə köçmüş ilk sakinlərlə görüşü oldu. Şuşa bizim qeyrət qalamız, qəhrəmanlıq salnaməmiz, Vətənə olan sevgimizi dünyaya bəyan edən ən ali dəyərdir. İşğal dövründən, Şuşanın azad edilməsindən tutmuş bugünkü halına qədər xalqımız bunu sübut edib. Şəhidlərimizin qanı ilə daha da müqəddəsləşən, hazırda dirçəliş dövrünü yaşayan əziz Şuşamız artıq sakinlərinə qucaq açıb. Təbii ki, bu mənzərə hər birimizi qürurlandırır. Biz nə qədər sevincliyiksə, Pənahəli xanın, Natəvanın, Vaqifin, Üzeyirin, Bülbülün, həmçinin bütün şəhidlərimizin ruhu da bir o qədər şaddır.

Şuşada aparılan quruculuq işlərinin möhtəşəmliyi həm də ondadır ki, şəhərin memarlıq üslubu, özünəməxsusluğu qorunub saxlanır. Tikintilər müasir şəhərsalma qaydalarına əsaslanır, yaşayış evləri daha gözəl və rahatdır. Şuşada, eyni zamanda digər işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın əməyi xüsusilə diqqəti cəlb edir. Fond tarixi-mədəni irsin bərpasında, sosial-humanitar infrastrukturun yaradılmasında, quruculuq və abadlıq işlərində böyük fədakarlıq göstərir. Mehriban xanım Əliyevanın göstərişi ilə xüsusi layihələrin icrasına yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Artıq Fond tərəfindən  Şuşada Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və ötən ildən istifadədədir. Mayın 10-da isə Mamayı məscidinin bərpadan sonra açılışı baş tutdu. Bütün bunlar, ilk növbədə, Mehriban xanım Əliyevanın vətənpərvərliyinin və tariximizə, mədəniyyətimizə, incəsənətimizə olan böyük məhəbətinin təcəssümüdür.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.