Ulu öndər Heydər Əliyevin vaxtilə - sovet dövründə Azərbaycanın bölgələrinə səfərlərini, maraqlı və yaddaqalan görüşlərini yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar. Ulu öndəri həmin görüşlər zamanı yaxından görüb, dinləyən bir vətəndaş kimi deyə bilərəm ki, indi də xalqın yaddaşında maraqlı xatirələr qalmışdır. Belə ki, Heydər Əliyev Qarabağ bölgəsinin rayonlarına, həmçinin Bərdəyə tez-tez gəlir və hər dəfə də böyük sevgi və hərarətlə qarşılanırdı. Bu sətirlərin müəllifi də Heydər Əliyevin Bərdədə rayon zəhmətkeşləri ilə söhbətlərinin dəfələrlə şahidi və iştirakçısı olmuşdur.
Burada bir xatirəni də diqqətə çatdırmaq istərdim. Vaxtilə - 70-ci illərdə tələbə ikən yaşlı Azərbaycan tarixi müəllimimiz Ömər Osmanlı maraqlı bir hadisə danışırdı: "BDU-da, tarix fakültəsinin axşam şöbəsində dərs zamanı bir tələbə mənə sual verdi ki, müəllim kitablarda yazılanları biz də bilirik..., siz deyə bilərsinizmi vaxtilə Azərbaycanın əraziləri nə qədər olub və indi onlar haradadır? Mən isə bu sualın cavabını verməkdə çətinlik çəkdim, hələ gənc olduğum üçün çox məsələlərdən xəbərim yox idi, bir də ki, o zaman bəzi faktları müəllimlərimiz bizə danışmırdı. Mən kafedra müdiri Ədhəm Şahmalıyevə müracət elədim, məni vəziyyətdən çıxardı. Sonra onun Azərbaycanla bağlı digər problemləri də dərindən bildiyinin şahidi oldum. Ona universitetdə müəllim işləmək təklif olunanda gülümsünüb: "Yox mənim yolum başqadır", - dedi.
Xalqımız Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını tələb etdi. Xalqına güvənən və onun ümidini qırmayan Heydər Əliyev hakimiyyətə qayıtdı, ölkəmiz üçün çox işlər gördü: Azərbaycanı çox bəlalardan qurtardı, xalqı xilas etdi, dirçəltdi, onda özünəinam yaratdı, Azərbaycan dövlətçiliyini inkişaf yoluna çıxardı.
Böyük Azərbaycanlı, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub-saxlayacağına and içdi və andına sadiq qaldı. Azərbaycanlı olması ilə fəxr edən ulu öndər Vətən naminə mübarizədə Azərbaycan dövlətçiliyini xilas etdi, müstəqilliyimizi qoruyub saxladı.
Kreml rejiminin xalqımızın böyük oğlu Heydər Əliyevə qarşı həyata keçirdiyi ağır təqib illərində belə, doğma xalqını düşünməsi, Azərbaycanın sıxışdırıldığı məngənədən çıxış yolları axtarması, ölkəni ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etməsi qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirildi.
Dünya siyasətinin dahiləri sırasında olan böyük şəxsiyyət, "Atatürk Beynəlxalq sülh mükafatı" laureatı Heydər Əliyev əsl fenomen imicini qazandı.
Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin ölkəmizin ən ağrılı və bəzən də ağır adlandırılan problem iki əsrdən artıq bir dövrdə formalaşmış siyasi oyunların - irticanın, əyalətçiliyin, antimilli siyasətin, torpaq əldə etmək arzusu ilə çulğalaşan anti-Azərbaycan siyasətin nəticəsi olduğu məlumdur. Bu, ilk növbədə, Heydər Əliyevin Moskvaya SSRİ-nin ali rəhbərliyinə getməsindən sonra, 1980-ci illərin sonlarında Azərbaycanın çox ciddi problemlərlə üz-üzə qalması ilə bağlı idi. Bu problemlərin ən mürəkkəbi ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarının yenidən baş qaldırması ilə başlandı. Bu məqam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən belə şərh edilmişdir:
"Heydər Əliyevin o vaxt Azərbaycanda olmaması tədricən respublikanı tənəzzülə uğratdı. 1982-1987-ci illərdə hələ ki, inersiya davam edirdi və ümumiyyətlə, respublikada proseslər müsbət istiqamətdə gedirdi. Ancaq buna baxmayaraq, artıq o qətiyyət və iradə yox idi. Həlledici anlarda Heydər Əliyevin yoxluğu əlbəttə ki, respublikanı çox böyük problemlərlə üzləşdirdi".
Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Azərbaycana təzyiqlərin güclənməsi, erməni millətçilərinin Qarabağın dağlıq hissəsini Azərbaycan SSR-dən qoparmaq və Ermənistan SSR-ə birləşdirmək planlarını açıq şəkildə büruzə verməsi xalqımızın başı üzərini almış təhlükədən xəbər verirdi.
Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin köklərinin daha dərinlərdə olması, habelə zaman-zaman aparılan antitürk, antiazərbaycanlı təbliğatın yaratdığı maneələrin həddindən artıq çoxalması və Heydər Əliyev kimi qüdrətli şəxsiyyətin siyasi hakimiyyətdən kənarda qalması bu proseslərin acı sonluqla nəticələnəcəyindən xəbər verirdi. Azərbaycanın özünün bütövlükdə tarixi taleyi üçün təhlükəli məqamda qondarma Qarabağ problemini ortaya ataraq münaqişəni dərinləşdirdilər. Böyük dünyagörüşə malik, dünya siyasətini, xüsusilə SSRİ imperiyasının kəşfiyyatının imkan və fəaliyyət istiqamətlərini dəqiq bilən təcrübəli bir şəxsiyyət "unuduldu". Hakimiyyət siyasətdən anlamayan, kəşfiyyatdan isə xəbəri olmayan, gəlişi gözəl, bayağı ifadələrlə dolu bəlağətli çıxışlarla özünü rəhbər kimi göstərməyə cəhd edən şəxslərin əlinə keçdi. Onların gözü qarşısında Azərbaycanı uçuruma yuvarlamaq siyasəti aparıldı.
Bu zaman Ermənistanda isə sovet ordusundan alınmış silahlardan ibarət hərbi sursat anbarı yaradıldı, Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərə gizli döyüş silahları paylandı, azərbaycanlılardan isə ov tüfəngləri də yığıldı. Azərbaycan kifayət qədər hazırlıqlı Ermənistan hərbi qüvvələrinə qarşı müqavimət imkanından məhrum oldu. Uzun illər boyu ölkəmizə və xalqımıza qarşı dəfələrlə ekspansiya, qırğın, deportasiya, soyqırımı, repressiya kimi hərbi-siyasi əməliyyatlar həyata keçirən dövlətin qarşısında yenidən hədəfə çevrildi. Ermənistanın hərbi qüvvələri ilə savaşın çətin olacağını nəzərə alıb daha ciddi müqavimət qüvvəsi yaratmaq əvəzinə rus, erməni kəşfiyyatına işləyən adamları öz ətraflarına toplayıb, onsuz da dərin olmayan hərbi sirlərin yayılmasına şərait yaratdılar.
Hazırlıqlı düşmənə qarşı qüvvələri vahid komandanlıq altında birləşdirmək üçün güclü intizamın olmaması səbəbindən biri digərinə qısqanclıqla yanaşaraq qarışıqlıq yaradanların, bir-birinə mane olan pərakəndə dəstələrin, onların özfəaliyyətlə məşğul olan rəhbərlərinin "fantaziyaları" baş verdi. Döyüş bacarığına yiyələnməmiş, hərbi intizamla idarə olunmağa hələ alışmamış azərbaycanlı gənclər Ermənistanın muzdlu, peşəkar hərbçiləri üzərinə plansız, pərakəndə hücumlar zamanı məhv oldular. Düşmən tərəfindən başlanmış açıq hərbi təcavüz nəticəsində Qarabağ müharibəsində 20 mindən artıq günahsız azərbaycanlı həlak oldu. Üstəlik, ərazimizin xeyli hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Hərbi strukturda düzgün mövqe tutmayan, məqsəd və məramları müəmmalı olan şəxslərə hərbi rəhbərlər tərəfindən vaxtında və düzgün münasibətin göstərilməməsi bütün bu proseslərin acınacaqlı sonluğundan xəbər verirdi.
Saymaqla qurtarmayan səhvlər edən qüvvələr səhvlərini dərk edərək geri çəkilmək, hakimiyyəti daha bacarıqlı və təcrübəli şəxsə vermək əvəzinə, xalqın taleyi ilə oynayaraq, müxtəlif üsullarla maneçilik törətdilər, ermənilər tərəfindən şəhərlərimiz, kəndlərimiz bir-birinin ardınca dağıdıldı, yandırıldı, ərazilərimiz işğal edildi. Qeyri-bərabər döyüşlərdə, planlı şəkildə həyata keçirilən soyqırımında həlak olanlardan əlavə, dinc əhali arasında əsəbdən, sarsıntıdan onlarla insan dünyasını dəyişdi.
Ümumiyyətlə, bu illər ərzində ölkə daxilində çox hadisələr baş verdi. Vəzifə üstündə çəkişmələr, hakimiyyət dəyişiklikləri oldu. O vaxta qədər ki, Kreml rejiminin Azərbaycan üzərindəki siyasi eksperimentləri öz işini gördü. Azərbaycan torpaqlarının işğalına başlanması və davam etməsi ilə hərbi təcavüzə məruz qalan xalq inamsızlığa düçar oldu, mübarizə əzmi zəiflədi, Ermənistan qarşısında məğlub vəziyyətə salındı. "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi", qanunsuz "Dağlıq Qarabağ Respublikası" yaratmaq haqqında qərarlar qəbul edən Ermənistan Azərbaycanı ağır sülh şərtlərinə boyun əyməyə məcbur etdi.
Bütün bu proseslərdə Heydər Əliyev Azərbaycana rəhbərlik edən, Moskva qarşısındakı müti, özündən müştəbeh şəxslərin xəyanəti nəticəsində hər vəchlə kənarda saxlanıldı, onun potensialından istifadə edilmədi. Kreml rejiminin sonuncu başçısı, erməni mafiyasının tora saldığı M.Qorbaçov azərbaycanlıların el atası Heydər Əliyevi təqib etdi. O vaxtlar "özümüzünkülər"in bir çoxu da o dahi şəxsiyyəti Azərbaycanda nəinki öz önlərində, heç öz sıralarında da görmək istəmədi. Bu ədalətsizlik və bəsirətsizlik xalqımıza baha başa gəldi.
Ancaq Naxçıvanda qərar tutan böyük dövlət xadimi Heydər Əliyev onu yaşlı hesab edənlərin (həm Kremldə, həm də Bakıda) hamısını heyrətə saldı. Blokadaya alınmış Naxçıvanın məğlub olmasına imkan vermədi. Azərbaycanın, demək olar ki, bütün yerlərində qeyri-sabit vəziyyət, özbaşınalıq, anarxiya, kütləvi itaətsizlik hökm sürdüyü bir zamanda Naxçıvan Muxtar Respublikasının rəhbəri seçilən Heydər Əliyev bu diyarda sabitlik yaratdı, onun rəhbərliyi altında erməni qəsbkarlarına qarşı ciddi müqavimət göstərildi. Naxçıvanlılar muxtar respublikaya edilən əsassız ərazi iddialarına qarşı Heydər Əliyevin rəhbərliyi altında çox qətiyyətli cavab verdilər, torpaqlarını qorudular.
Öz şəxsi nüfuzundan və rəhbərlik təcrübəsindən istifadə edən Heydər Əliyev Naxçıvanın müdafiəsini təşkil etmək üçün hərbi potensial yaratdı. Ərzaq və gündəlik tələbat mallarının üçqat qiymətdə olduğu Naxçıvanı tərəqqi dövrü keçirən regiona çevirmək istiqaməti götürən dahinin qədrini bilənlərin sayəsində Azərbaycanın paytaxtında - Bakıda və digər yerlərində Heydər Əliyevin yeri özünü göstərdi. Tarixin hökmü və xalqın istəyi ilə böyük şəxsiyyət öz layiq olduğu yerə gətirildi. O isə taleyi təsadüflərin ümidinə buraxılmış xalqına, Vətəninə xidməti öz üzərinə götürdü.
Bəzən xalq arasında gəzən şayiələr yazılı sənədlər qədər mötəbər olur. SSRİ-nin dağılması ərəfəsində məxfi sənədlərin əldə edib oxuduğumuz surətlərindən, vaxtilə mühüm dövlət vəzifələri tutmuş şəxslərin yazılarında rast gəldiyimiz siyasi proqnozların, yayılan siyasi şayiələrin əsasən təsdiqini tapdığının şahidi olduq. SSRİ ərazisinin çox yerində "yazıq ermənilərə qonşusu azərbaycanlıların etdiyi zülmdən" danışılırdı. Qısa bir müddətdə yayılan bu cür şayiələri Moskvada, Leninqradda (indiki Sankt-Peterburqda), hətta Sibirdə və Uzaq Şərqdə belə eşitmək bizi heyrətləndirməyə bilməzdi. Bu şayiələrin müxtəlif şəkillərdə ifadə edilməsinə baxmayaraq, məqsədli şəkildə yaydığını başa düşmək çətin deyildi. SSRİ-nin ən ucqar nöqtələrindən biri olan Cənubi Saxalində belə adi mehmanxana işçisindən tutmuş istefada olan hərbçiyədək müxtəlif səviyyəli adamların "Bakıda ermənilərin sıxışdırılmasından", "Dağlıq Qarabağın erməni ərazisi olmasından", "ermənilərin vaxtilə türklər tərəfindən məhv edilməsindən" danışması təsadüfi deyilmiş. Bundan sonrakı illərdə baş verənlər düşündüyümüzü təsdiq etdi.
Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə Azərbaycanın bir qarış torpağı da başqa ölkəyə verilməmişdir; Yuxarı (Dağlıq) Qarabağ ərazisinin Ermənistana verilməsinə dair əsassız iddiaların qarşısı alınmışdır; Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin separatçılığının genişlənməsinə imkan verilməmişdir.
Azərbaycan Respublikasının parçalanmağa, dövlət müstəqilliyini itirməyə doğru getdiyi bir zamanda - 1993-cü ilin yayında xalq öz böyük oğlu Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, qanunsuz silahlı birləşmələr ləğv edildi, daxili sabitlik yaradıldı və Azərbaycan Respublikası bu sabitlik əsasında inkişaf etməyə başladı. Qısa müddətdə müasir Azərbaycan dövlətinin quruculuğu prosesində misilsiz işlər görüldü. Bir sözlə, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu oldu. Heydər Əliyevin qurduğu bu dövlət yaşadı və sürətlə inkişaf etdi. Ulu öndərin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı müstəqil siyasət xalqımız və vətənimiz üçün yeni-yeni uğurlar gətirdi.
Bütün bu inkişafın təməlində Heydər Əliyevin siyasəti dayanırdı. Dövlətimiz və xalqımız bu siyasətə sadiq olaraq Heydər Əliyevin yolu ilə gedir.
Azərbaycan xalqı bu yolu davam etdirənləri, Heydər Əliyev kursuna sadiq və etibarlı insanları da yüksək qiymətləndirir. Prezident İlham Əliyevin komandasında Heydər Əliyev kursuna sadiqliyi ilə seçilənlər sırasında xalqımızın xüsusi rəğbət bəslədiyi Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi yeri olduğu danılmazdır.
Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, o cümlədən Qarabağ həqiqətlərinin dünya miqyasında təbliğ edilməsi və tanıdılmasında xüsusi xidmətləri vardır.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun nəşr etdirdiyi "Qarabağ həqiqətləri" bukletlər toplusu və digər materiallar dünyaya yayılaraq, erməni qəsbkarlarının iç üzünü açdı. Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin, Azərbaycan Respublikasının zorən qoşulduğu Qarabağ müharibəsinin tarixi, Xocalı soyqırımı, işğal altındakı torpaqlarımızda törədilən vəhşiliklər, maddi və mənəvi irsimizin amansızlıqla məhv edilməsi barədə nəşrlər silsiləsinin də Fondun diqqət mərkəzində saxlanılması təqdirəlayiqdir.
Son zamanlar Xocalı soyqırımı ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması kampaniyasının təşkil edilməsi və bu missiyanın həyata keçirilməsi geniş vüsət almışdır. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri və "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla, böyük tarixi bir missiyanı həyata keçirmişdir.
Azərbaycanın müstəqilliyinin, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməli qoyulmuş, həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmiş, dövlətimiz dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilmiş və orada öz layiqli yerini tutmuş, dünya siyasət səhnəsinin fəal iştirakçısına və güclü regional amilə çevrilmişdir. Azərbaycan Respublikası BMT, NATO, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatında, bir sıra beynəlxalq maliyyə qurumlarında və digər dövlətlərarası və demokratik təsisatlar çərçivəsində xarici siyasət prioritetlərini həyata keçirmişdir.
Heydər Əliyevin Ermənistanın təcavüzü ilə işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda başladığı fəaliyyəti uğurla davam etdirən və 44 günlük Vətən müharibəsində zəfər qazanan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 30 il işğal altında qalan Qarabağ torpaqlarını azad etməklə həm ata vəsiyyətini, həm də onun ən böyük arzusunu yerinə yetirdi.
Mənim bu gün özümü xoşbəxt saymağa əsasım var, ona görə ki, 30 ildir ərazilərimizin işğal altında olduğu müddətdə əzab çəkən vətəndaşlardan biri kimi ərazi bütövlüyümüzün bərpa olunması istiqamətindəki böyük zəfərə görə, ikincisi, tarixçi, Qarabağ tarixi şöbəsinin müdiri kimi vaxtilə Prezident İlham Əliyevlə görüşdə ona dediyim: "Cənab Prezident, Qarabağ torpaqları sizin vaxtınızda azad edilsə, adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq" düşüncələrimin reallaşmasına görə çox şadam.
Qasım HACIYEV,
AMEA-nın Qafqazşünaslıq İnstitutu
"Qafqaz tarixi" şöbəsinin müdiri,
tarix elmləri doktoru, professor.