Cərrah Mustafa Topçubaşovun şəfalı əlləri ömürlərə işıq salırdı
Dahi o adama deyirlər ki, o, günəş kimi başqa ömürlərə də işıq salır. Həyatı, fəaliyyəti xalqa əvəzsiz xidmət etməyin, Vətənə sədaqətin parlaq nümunəsi olan o insanlar əzəmətli bir abidəyə çevrilirlər. Adi həkimdən Əməkdar elm xadiminə, akademikliyədək şərəfli bir yol keçən Mustafa Topçubaşov adının qarşısında "qeyrət" sözü fəxrlə işlədilən simalardan biri idi. Onun üçün qeyrət təkcə öz mənafeyini güdmək demək deyildi, çünki bunun xudbinlik olduğunu çox yaxşı bilirdi. Onu da bilirdi ki, əsl qeyrət xalqa, Vətənə biganə qalmamaq, lazım gəldikdə hər şeyi onun yolunda qurban verməyi bacarmaqdır. Elə Mustafa Topçubaşovun özü kimi... Çox vəzifələrdə olmuş, ictimai işlərdə çalışmış, deputat seçilmişdi, sürəkli alqışlar da eşitmişdi Mustafa Topçubaşov. Ancaq bütün bunlara baxmayaraq, o, təbib idi, həm də tibb elminə, xalqına, insanlara gərəkli bir təbib.
Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci il avqustun 5-də İrəvan şəhərində anadan olmuş, ibtidai və gimnaziya təhsilini başa vurduqdan sonra Kiyev Universitetinin tibb fakültəsini bitirmiş, 1919-cu ildə Bakıya qayıtmışdı. İnqilabdan sonrakı Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə xidmətində də böyük çətinliklər yaratmışdı, xüsusən də milli həkim kadrlarına ehtiyac duyulurdu. Bu səbəbdən də böyük həvəslə əhaliyə ixtisaslı cərrahi yardımın təşkili işinə başlayan gənc həkim, həmçinin Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində cərrahlıq ixtisasından dərs deyirdi. O, ordinator işləməklə yanaşı, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının cərrahlıq xəstəxanasının müdiri vəzifəsində çalışır, tez-tez respublikanın ucqar rayonlarına gedir, yerlərdə cərrahi şöbələr təşkil edir, ambulatoriya və stasionara qədərki cərrahi yardımın təşkilinə rəhbərlik edir, əhaliyə ixtisaslı mütəxəssis köməyi göstərirdi.
Vətəndaş bir ziyalı idi Mustafa bəy, xalqının maraqlarını uca tutur, heç kəsdən, heç nədən çəkinmədən fikirlərini açıq şəkildə bildirirdi. Bu səbəbdən, onu tez-tez dövlət təhlükəsizlik orqanlarına çağırır, sorğu-suala tuturdular. Bir dəfə ondan: "Siz Əlimərdan bəy Topçubaşovla qohumsunuz?!" deyə soruşanda: "Yəqin ki, qohumuq, amma mən onu şəxsən tanımıram" - deyir. Bütün bu söz-söhbətlər Azərbaycanın rəhbəri Mircəfər Bağırova da gedib çatır. Mustafa bəyə böyük hörmət bəsləyən M.Bağırov o zaman qətiyyətlə bildirir: "Bizim bircə Topçubaşovumuz var. Onu rahat buraxın". Bu isə Mustafa bəyi həbs etdirmək üçün onun hər kəlməsində, hər sözündə siyasi səhv axtaranlara sərt mesaj olur.
Mustafa bəy hələ yeniyetmə ikən dünyanın haqsızlıqları ilə üzləşmiş, Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara yaşatdıqları faciələrin şahidi olmuşdu. İxtisasca hüquqşünas olan qardaşı Rzanı da ermənilər qətlə yetirmişdilər. O, bunu ömrünün sonuna qədər unuda bilməmiş, ermənipərəstlərə qarşı sərt mövqedə dayanmışdı. Həqiqəti deyirdi, elə bu səbəbdən ona millətçi damğasını da vurmuşdular...
O, daim axtarışda idi, öz üzərində işləyir, dünya tibb elmində baş verən yenilikləri mənimsəyir, onu böyük çətinliklər hesabına praktik işdə tətbiq edirdi. 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, bu işin elmi əhəmiyyətinə görə Mustafa Topçubaşova professor adı verilmiş, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilmişdi. Ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirmiş, öyrənib, öyrətməkdən yorulmamış, bezməmişdi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə, daha dəqiq desək, 1980-1981-ci illərdə Mərkəzi Komitəyə tez-tez müraciətlər edilir, Mustafa Topçubaşovu istəməyən, onu gözü götürməyənlər "şikayət məktubları" ünvanlayır: "Topçubaşov artıq qocalıb, istefaya getsin, kafedra müdirliyini başqa bir adama təhvil versin" kimi ifadələr işlədirdilər. Bütün bu müraciətlərə isə respublikanın rəhbəri belə cavab vermişdi: "Dediyiniz o qanun-qaydalar Mustafa bəy Topçubaşova aid deyil. O, elə bir insandır ki, o, elə bir fədakar adamdır ki, həyatının, yaşının son dəqiqəsinə qədər göstərdiyi fəaliyyət bizim üçün gərəkli və əhəmiyyətlidir".
1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə inyeksion efir-yağ narkozu - analgeziya üsulunun kəşfindən sonra alimin bu işinə yüksək dəyər verən SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası 1945-ci ildə Formakologiya Komitəsinin iclasında həmin efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə vermişdi. Bu metodun kəşfi və tətbiqinə görə müəllif 1964-cü ildə A.Vişnevski adına mükafata layiq görülmüşdü. İkinci Dünya müharibəsi illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Evakohospital İdarəsinin baş cərrahı təyin edilmiş, bu işdə özünü bir daha bacarıqlı təşkilatçı, novator cərrah kimi göstərmişdi. O, SSRİ-də ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılma və növbələşdirilməsinin təşəbbüskarı kimi çıxış etmiş və bu metoddan müharibə illərində müvəffəqiyyətlə istifadə olunmuşdu. Müharibə dövründə hospitallarda neyrocərrahiyyə şöbəsi də alimin təşəbbüsü ilə yaradılmışdı. Burada açıq və qapalı kəllə-beyin travmaları, xüsusən də odlu silah yaraları alan, periferik sinirlərin zədələnmələrindən əziyyət çəkən əsgərlər müalicə olunurdular. Alimin Naftalan neftindən hazırladığı preparatlardan ağrıkəsici kimi istifadə edilirdi.
Mustafa Topçubaşov dalaq, qaraciyər, böyrək, böyrəküstü vəz kimi orqanlar üzərində apardığı nadir əməliyyatları ilə keçmiş ittifaqın, eləcə də xarici ölkə cərrahlarının arasında şöhrət qazanmışdı. Aktual mövzulara həsr olunmuş beynəlxalq cərrahlıq konqreslərindəki çıxışları ilə də öz həmkarlarını heyrətləndirir, təcrübəsini onlarla bölüşürdü.
Daxilən zəngin, qeyri-adiliklərlə dolu idi Mustafa bəy. Uşaqlıqdan musiqiyə böyük maraq göstərirdi və bu, onun Üzeyir bəylə tanışlığına səbəb olmuşdu. Bu iki şəxsiyyət bir-birinə çox bağlanmışdı və biri digərinin sənətinə böyük dəyər verirdi. Deyirlər, Üzeyir bəyin məsləhətilə Mustafa bəy, hətta cərrahi əməliyyatları da musiqinin müşayiətilə aparırmış. Heydər Hüseynov onu "Təbabətin filosofu", Üzeyir bəy isə "Təbabətin bəstəkarı" adlandırırdı. Mustafa bəy isə musiqi haqqında belə deyirdi: "Təbabət və musiqi bir-birilə qırılmaz tellərlə bağlıdır və bir zaman gələcək bir çox dərmanları musiqiylə əvəz edib insanları müalicə edəcəklər".
Mustafa Topçubaşov həm də gözəl ailə başçısı idi. Həyat yoldaşı, Azərbaycanın ilk peşəkar rəssamı Reyhan xanımla birgə üç övlad böyütmüşdülər. Oğlu İbrahim Topçubaşov atasının yolunu seçmişdi, cərrah, həm də həvəskar bəstəkar idi. Onun 45 yaşında ikən dünyasını dəyişməsinə dözməyən Reyhan xanım övladının ölümünün yeddinci günündə həyatla vidalaşmış, sevimli oğluna qovuşmuşdu. İbrahimin və həyat yoldaşının ölümü Mustafa bəyin dünyasını qaraltmış, həyatı onun üçün mənasız etmişdi. Təsəlli yeri qızları Zemfira və Elmira idi.
Mustafa Topçubaşov hələ sağlığında çox təriflər eşitmiş, həmişə də bundan bir narahatlıq hissi keçirmiş, sadəliyi, təvazökarlığı onu elə o ali mərtəbədə saxlaya bilmişdi. "Ürəyi qızıl, əlləri qızıldır" - deyirdilər, çünki ömürlərə ömür qatır, qaralmış həyatlara işıq salardı. Təbabətin Günəşi idi, Mustafa Topçubaşov...
Zümrüd QURBANQIZI,
"Respublika".