TƏBİB: Cari ilin birinci rübündə vətəndaşlara 5,8 milyondan çox tibbi xidmət göstərilib
Səhiyyə

TƏBİB: Cari ilin birinci rübündə vətəndaşlara 5,8 milyondan çox tibbi xidmət göstərilib

“TƏBİB-in tabeli tibb müəssisələrində bu ilin birinci rübündə vətəndaşlara 5 milyon 852 min 017 tibbi xidmət göstərilib”.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, bunu Sumqayıt Tibb Mərkəzinə keçirilən media-tur zamanı jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

O bildirib ki, qeydə alınan tibbi xidmətlərin 888 min 708-i stasionar, 4 milyon 963 min 309-u isə ambulator şəraitdə göstərilib. Z.Ədilova deyib ki, TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Z.Ədilova əlavə edib ki, TƏBİB-in Kommunikasiya strategiyasına uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyətini təkmilləşdirilib. Bu istiqamət üzrə işə ixtisaslı kadrlar cəlb olunur və onların bilik-bacarıqlarının artırılması üzrə vaxtaşırı təlimlər keçirilir, eləcə də mütəxəssislərin fəaliyyəti qiymətləndirilir.

“Sumqayıt Tibb Mərkəzində də İctimaiyyətlə əlaqələr bölməsi mövcuddur. Bölmə müəssisənin fəaliyyətlərinə və kommunikasiya strategiyasına uyğun olaraq əhalinin məlumatlandırılması və maarifləndirilməsini həyata keçirir”, - deyə departament rəhbəri qeyd edib.