TƏBİƏTİ QORUYAQ, YAŞILLIQLARI ARTIRAQ
Sosial həyat

TƏBİƏTİ QORUYAQ, YAŞILLIQLARI ARTIRAQ

Yaşadığımız dünya, bizi əhatə edən aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Əslində Yer kürəsi adlandırdığımız planet ən ali varlıq olan insanlarla onu əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın gələcəyi bu vəhdətdən və onun tarazlılığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin flora və faunasını qorumalıyıq. Məhz bu baxımdan, dövlət başçısı İlham Əliyevin ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə məqsədyönlü işlər görülür.

Naftalan Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, eləcə də şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların məsul əməkdaşlarının iştirakilə maarifləndirilmə tədbiri keçirilib. Çıxış edənlər iqlim dəyişmələri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılmasının, beynəlxalq həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, texnogen xarakterli qəzaların baş verdiyi, fövqəladə hadisələrin genişləndiyi bir dövrdə təbiətin, ölkənin təbii ehtiyatlarının qorunması, yaxşılaşdırılması, eləcə də ətraf mühitə mənfi antropogen təsirin azaldılması ən mühüm vəzifələrdəndir.

Əslində bu, eyni zamanda ümumxalq işidir. Belə ki, yaşıllığa, meşələrə mənfi təsirlər insana qarşı yönəlmiş ən ağır müharibədir. İnsan ağlı, insan zəkası bu "müharibəni" dəf etməyə qadirdir və biz təbiətin nizamını pozan, onun qədrini bilməyən, insanlara qarşı mübarizə aparmalı, təbiətimizi və onun gözəlliyini mühafizə etməliyik.

Son illərdə respublikamızda təbiətin qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət yetirilir. Artıq həyəcan təbili çalınıb. Azərbaycan bu sahədə öndədir, irimiqyaslı qabaqlayıcı tədbirlər təşkil olunur. Natiqlər sağlam ətraf mühitin insan həyatına, səhhətinə təsiri, həmçinin ekoloji maarifləndirmənin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat veriblər. Həmçinin sağlam dünya naminə, ətraf mühitə diqqət və qayğının artırılmasından, yaşıllıqların salınmasında aktiv iştirak etməyin vacibliyindən danışılıb.

Tədbir diskussiya şəklində davam edib.

Zabit XƏLİLOV,

"Respublika".