Təbii və sağlam qidaların istehsalına ehtiyac var
Maraqlı

Təbii və sağlam qidaların istehsalına ehtiyac var

Sağlam qida həyat fəlsəfəsidir. Sağlam yaşamağın açarı da ilk növbədə insanın sağlam qidalanmasından asılıdır. Gün ərzində qəbul edilən qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. 

Son zamanlar dünyada xəstəliklərin sayı kifayət qədər artıb. Xəstəlik zamanı isə keyfiyyətli qidalardan istifadə etmək çox vacibdir. Ancaq bəzi qidalar bir çox xəstəliklərə də yol açır.

Sağlam olmayan, işlənmiş qidalar həm insan həyatında, həm də planetimizdə böyük bir təhlükədir. Dünya İqtisadi Forumunun qlobal qida sistemi ilə bağlı dərc etdiyi məlumatlara görə, qeyri-sağlam qidalar qlobal ölümlərin dörddəüçünə səbəb olan xərçəng və diabet kimi xəstəliklər üçün beş əsas risk faktorundan biri hesab olunur. Qlobal qida sistemi ilə bağlı dərc edilən məlumatlarda sağlam həyatın əhəmiyyətinə diqqət çəkilir. Müvafiq olaraq, orta ömür uzunluğu artdığı halda, sağlam ömür uzunluğu getdikcə qısalır. Buna səbəb isə təxminən 100 il bundan  əvvəl artan dünya əhalisinin qida ehtiyaclarını ödəmək üçün ucuz, yüksək kalorili qida istehsalına geniş yer verilməsidir. Bu cür məhsullarla qeyri-sağlam qidalanma ölüm risklərini artırır. Digər tərəfdən, həddindən artıq işlənmiş qidalar dünyanın gələcəyi üçün təhlükə yaradır. Dünya İqtisadi Forumu insanların istehlak tərzinin dəyişdirilməsinin sağlam qida sisteminin qurulmasının açarı olduğunu bildirir.

"Dünya İqtisadi Forumunun tərtib etdiyi məlumatlar göstərir ki, sağlam qidalanma həm insan, həm də planetimiz üçün nə qədər vacibdir. Biz istehlakçılara təbii, sağlam, dadlı, tərkibində qida əlavələri olmayan və texnoloji vasitələrlə uzun müddət saxlanıla bilən məhsulları təqdim edirik". Bu fikri insan sağlamlığı və rifahı üçün məhsullar istehsal edən Henien şirkətinin baş direktoru Halil Üsame Kullemci söyləyib.  O, məhsulların avtoklav texnologiyası ilə hazırlandığını və praktik istifadəsini vurğulayıb: "Biz məhsullarımızı "aç-qızdır-ye" praktikliyi ilə hazırlayırıq. Otaq temperaturunda uzun müddət saxlanıla bilən məhsullarımız ekstremal vəziyyətlərdə çıxış yoludur. Avtoklav texnologiyası ilə bişirdiyimiz və xüsusi qablaşdırdığımız hazır xörək sortlarımızda heç bir konservant yoxdur. Hazırda şorba, düyü və əsas yeməklərimizin çeşidini hər gün genişləndiririk. Biz məhsullarımızı təkcə platformamızı ziyarət edən müştərilərimizə deyil, həm də yeni nəsil şorba mətbəxi Henien Aid ilə digər ehtiyacı olanlara da çatdırırıq.

Henien Aid layihəsi qida xidmətinin yüksəkkeyfiyyətli, geniş yayılmış və davamlı yolunun tədqiqi nəticəsində ortaya çıxan bir layihədir.  Biz sağlam qidaya ehtiyacı olan insanlardan demək olar ki, hər gün sifariş alırıq. Məsələn, Ramazan ayında Türkiyənin 75 vilayətində 228 min insana 9 qutu və 500 min konteyner ərzaq çatdırdıq. Növbəti dövrdə bu rəqəmi daha da artıracağıq.

Xatırladaq ki, avtoklav istehsalatda və laboratoriyada sterilizasiya üçün əvəzolunmaz avadanlıqlardan biridir. Bu texnologiyadan qidanın buxarla sterilizasiyası, tibb sahəsində və ya lifli kompozit materialların istehsalında istifadə olunur.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin 

Türkiyə üzrə müxbiri.