2003-cü il avqustun 4-də İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir
Bu gün iqtisadi cəhətdən güclənən, irimiqyaslı layihələrin təşəbbüskarı və fəal icraçısı olan, beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan imza atdığı möhtəşəm nailiyyətlər, qazandığı qələbələrlə bütün dünyaya səs salıb. Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan, hərtərəfli inkişaf mərhələsinə qədəm qoyan, dünya dövlətləri ilə əlaqələrini şaxələndirən, ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan dünyanın qabaqcıl ölkələri arasında layiqli yer tutur. Bütün bunlar isə dərin siyasi biliyə, geniş dünyagörüşə, yüksək intellektə və möhkəm iradəyə sahib olan Prezident İlham Əliyevin milli ideyalara, xalqın mənafeyinə xidmət edən müdrik siyasətinin möhtəşəm nəticəsidir. Bu uğurların əldə olunmasının təməli hələ 20 il bundan əvvəl qoyulmuş, 2003-cü ildə xalqın dəstəyi ilə Prezident seçilən İlham Əliyev bu çətin və şərəfli missiyanı uğurla yerinə yetirmişdir. Düşünülmüş, müdrik siyasət, dövlətçilik fəlsəfəsi, qarşıya qoyduğu məqsədə qətiyyətlə nail olmaq qabiliyyəti ölkə başçımıza böyük nüfuz, etibar və etimad qazandırmışdır.
Müxtəlif illərdə Avropa Şurasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri, AŞPA-nın sədr müavini, büro üzvü, ARDNŞ-nin I vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti kimi bir sıra məsuliyyətli, çətin vəzifələrdə işləyərək respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev yolunu davam etdirən ictimai-siyasi xadim kimi yetişmişdir. Ölkə daxilində siyasi sabitliyin qorunmasına və davamlı olmasına xidmət edən, müstəqilliyimizin dönməzliyinin təmin edilməsinin qarantı olan dahi lider Heydər Əliyevin siyasi kursunu sonsuz inam və ehtiramla davam etdirən cənab İlham Əliyev 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. Bu, ilk növbədə xalqın Heydər Əliyev siyasi kursuna olan inamın, sədaqətin təcəssümüdür. Çünki müstəqilliyinin ilk illərində çətin, təlatümlü bir yoldan keçərkən onu zamanın sərt sınaqlarından qoruyan dahi şəxsiyyətə Azərbaycan xalqının inamı, etimadı sonsuz oldu. İlham Əliyevin Baş nazir vəzifəsinə təyin olunması da bu inamın, etibarın ən yaxşı ifadəsi idi.
Ölkənin Baş naziri təyin edilməklə dövlətçiliyə xidmətin daha məsuliyyətli, çətin mərhələsinə yüksəlmiş İlham Əliyev ulu öndərin dövlət quruculuğu konsepsiyasını davam etdirərək strateji hədəflər müəyyənləşdirdi. Müdrik Azərbaycan xalqının düzgün, gələcəyə hesablanmış qərarı beynəlxalq aləmdə bu hadisəyə göstərilən münasibətdə bir daha öz təsdiqini tapdı. Belə ki ABŞ, Rusiya, İran, Gürcüstan prezidentləri və digər ölkə başçıları İlham Əliyevin Baş nazir təyin olunmasını uğurlu seçim kimi qiymətləndirdilər və Azərbaycanın baş naziri ilə rasional əməkdaşlığa hazır olduqlarını bildirdilər. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrikini və Türkiyəyə dəvətini qəbul edən Baş nazir İlham Əliyev ilk səfərini Türkiyə Respublikasına etdi. Rəcəb Tayyib Ərdoğanla görüşündə İlham Əliyev baş nazir vəzifəsində Türkiyə və Azərbaycanın bundan sonra da inkişaf etməsi, gələcəkdə də gözəl münasibətlər saxlaması, bu münasibətlərin daha yüksək pilləyə qalxması üçün əlindən gələni edəcəyini vurğuladı: "Hesab edirəm ki, bu gün mənim həyatımda, Türkiyə-Azərbaycan əlaqələrinin gələcək inkişafında çox mühüm bir gün olacaqdır... Ölkələrimizin birgə həyata keçirdikləri irimiqyaslı, dünya üçün əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini müzakirə etdik və qərara gəldik ki, iki ölkə arasında olan səmimi münasibətlər, qardaşlıq əlaqələri bu layihələr həyata keçirildikdən sonra daha da yüksək səviyyəyə qaldırılacaqdır. Bu layihələr həyata keçirildikdən sonra Azərbaycan və Türkiyə daha da güclənəcək, regionda onların təsiri daha da möhkəm olacaqdır. Eyni zamanda bu fürsətdən istifadə edərək mənim atama, Prezident Heydər Əliyevə göstərdikləri böyük diqqət və qayğıya görə Türkiyə dövlətinə və hökumətinə öz minnətdarlığımı, həmçinin Azərbaycan xalqının təşəkkürünü bildirmək istəyirəm".
Yeni vəzifəsinin icrasına başlayan İlham Əliyev ölkədəki yoxsulluğun aradan qaldırılması, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin tikintisinin başa çatdırılması, Qarabağ problemi, ölkənin iqtisadi qüdrətinin daha da yüksəldilməsi kimi mühüm və məsuliyyətli məsələlərin həllini əsas vəzifə kimi müəyyənləşdirdi. Çox qısa bir müddətdə soydaşlarının, ümummilli liderin ümidlərini doğruldan Baş nazir İlham Əliyevə xalq daha böyük etimad göstərərək qətiyyətli, taleyüklü qərar qəbul etdi. Azərbaycanlı olduğu ilə qürur duyan, bütün varlığı qədər sevdiyi xalqına, dövlətinə, dövlətçiliyinə xidmət etməyi həyat amalına çevirən ümummilli lider özü qədər inandığı siyasi varisi İlham Əliyevin Azərbaycanı xoşbəxt gələcəyə aparacağını, onu zəngin, qüdrətli dövlətə çevirəcəyinə əminliyini bildirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevi təkidlə rəhbərliyə gətirən Azərbaycan xalqı 2003-cü il oktyabr ayının 15-də onun layiqli davamçısını müstəqil Azərbaycanın Prezidenti seçdi. Azad, şəffaf, demokratik prinsiplər əsasında keçirilən seçkilərdə qalib gələn Baş nazir İlham Əliyev oktyabr ayının 31-də Respublika Sarayında müasir Azərbaycanın qurucusu, böyük şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu şərəflə, vicdanla davam etdirəcəyinə sədaqət andı içdi: "Azərbaycan Respublikasının Prezidenti seçilməyimdə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm. Heydər Əliyevin siyasətini davam etdirəcəyəm… Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik".
Hər bir azərbaycanlının prezidenti olacağına söz verən cənab İlham Əliyev xalqı, milləti qarşısında verdiyi bütün vədlərə əməl etdi, Azərbaycanı zəfərdən-zəfərə, qələbədən-qələbəyə apardı. Ölkə başçısının siyasi, iqtisadi, ictimai və mədəni sferada apardığı islahatlar artıq ölkəmizin reallığına çevrilib. Ərazi bütövlüyünü, suverenliyini tam təmin edən müstəqil Azərbaycan öz tarixinin ən qürurlu dövrünü yaşayır, dünya miqyasında gündən-günə inkişaf edən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibah dövrünə çatan vətəndaş amilini uca tutan ölkə olaraq tanınır. Dərin siyasi dünyagörüşə, yüksək intellektə və möhkəm iradəyə sahib olan Prezident İlham Əliyev xalqının xoşbəxt, firavan gələcəyinə hesablanmış və milli məqsədlərə xidmət edən məqsədyönlü siyasət yürüdür. Müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin qüdrətlənməsinə nail olan liderimizin güclü siyasi iradəsi sayəsində ölkəmizdə mütərəqqi inkişaf modeli formalaşıb. İkinci Qarabağ müharibəsində tarixi torpaqlarını döyüşərək düşməndən azad etdiyi əraziləri heç bir ölkədən kömək istəmədən dünyanın ən son texnologiyaları əsasında yenidən quran qalib, qüdrətli, müstəqil dövlət olaraq qətiyyətli liderin rəhbərliyi ilə inamla, mətin addımlarla xoş sabahlara doğru irəliləyir. Uzaqgörən, müdrik, xalqının inandığı, etibar edib etimad göstərdiyi İlham Əliyev dərin zəkası, ensiklopedik biliyi, geniş dünyagörüşü, əməli fəaliyyəti ilə müasir və qalib Azərbaycanın lideridir. "Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir" deyərək ölkəmizin gələcəyə aparan, müstəqil Azərbaycanı tərəqqi yoluna çıxaran ölkə başçısının demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu günbəgün artır.
Mehparə ƏLİYEVA,
"Respublika".